Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 02:25

Şuralar kimin 'dayı'sıdır?


Saatlı sakinləri etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Saatlı sakinləri etiraz edirlər

Son zamanlar mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında İctimai şuraların formalaşdırılması prosesi sürətlənib. Nazirliklərdə, komitələrdə, rayon icra hakimiyyətlərində seçkilər keçirildiyi və vətəndaş cəmiyyətinin nümayəndələrindən, jurnalistlərdən ibarət İctimai şuraların yeni tərkiblərinin yaradıldığı bildirilir.

2014-cü il yanvarın 19-da Prezident İlham Əliyev "İctimai iştirakçılıq haqqında" Qanun imzalayıb. Həmin qanuna görə, mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların, habelə vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur. İctimai Şura isə həmin orqanların yanında yaradılan məşvərətçi qurumdur.

Ə.Nuriyev
Ə.Nuriyev

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, Ədliyyə və Daxili İşlər nazirlikləri yanında İctimai Şuranın üzvü Əliməmməd Nuriyev "Turan"a bildirib ki, İctimai şuraların funksiyaları ictimai nəzarəti həyata keçirmək, şəffaflığın, hesabatlılığın artırılmasına yardım etmək, dövlət orqanları ilə vətəndaşlar arasında etimad mühitinin yaradılmasına töhfə verməkdir: "Bu, ictimai müzakirələrin, ictimai dinləmələrin keçirilməsi, sorğuların aparılması, qanun layihələri və normativ aktlar ilə bağlı rəy verilməsi kimi alətlərlə həyata keçirilir".

"Şəffaflığın olması onlar üçün əlverişli deyildi"

Onun sözlərinə görə, 2014-cü ildən 2020-ci ilə qədər yalnız 11 mərkəzi icra hakimiyyəti orqanlarında İctimai Şura yaradılıb: "Lakin bir çox İctimai şuraların məşvərətçi hüququna malik olmaq imkanları olmadı. Məlum oldu ki, bir çox mərkəzi icra hakimiyyətləri vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət yaradılmış İctimai şuralarla münasibət qurmaq istəmir. Fəaliyyətlərində şəffaflığın və hesabatlılığın olması heç də onlar üçün əlverişli deyildi".

Ə.Nuriyev deyir ki, 2020-ci ilin sentyabrından başlayaraq proseslərdə canlanma baş verib: "Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin vətəndaş cəmiyyəti ilə görüşündə bu məsələ qaldırıldı. Bundan sonra isə mərkəzi və yerli icra hakimiyyət orqanlarında görüşlər keçirildi və onlara qanunun icrası ilə bağlı müvafiq tapşırıqlar verildi. Ona görə də indi bu proses canlandı və 120-dən artıq icra hakimiyyəti orqanı yanında İctimai şuraların yaradılması prosesi başa çatıb".

Yeni icra başçıları rayonlarda nəyi dəyişir?
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

"...orada təmsil olunan şəxslərin fəallığından asılıdır"

O qeyd edib ki, İctimai şuraların fəaliyyəti orada təmsil olunan şəxslərin fəallığından asılıdır: "Eyni zamanda, şuraların səmərəli fəaliyyətinin göstərilməsi dövlət orqanlarının məsələyə nə dərəcədə daxil olmasından asılıdır. Çünki yenə də bir çox dövlət qurumlarında stereotiplər var ki, onların fəaliyyətinə müdaxilə etmək, yəni, monitorinqlər aparmaq olmaz. Mərkəzi icra hakimiyyəti orqanlarında bu proses şəffaf olsa da, bəzi yerli orqanlarda bu, yetərincə şəffaf deyil".

"Qanunvericiliyə görə,…"

Ə.Nuriyevin fikrincə, İctimai şuraların fəaliyyətində ən mühüm məsələ onların müstəqilliyidir: "Qanunvericiliyə görə, İctimai şuraların üzvləri öz fəaliyyəti dövründə yarandığı qurumdan hər hansı qrant, qonorar ala bilməz. Əks halda, üzvlər heç bir məsələni artıq qaldıra, nöqsanları deyə bilməz".

Qurumun prezidenti hesab edir ki, İctimai şuraların fəaliyyətinin daha səmərəli qurulması ilə bağlı institusional dəstək gücləndirilməlidir: "Bu, şuraların təşəbbüslərinin realizə imkanlarını artıra bilər".

Onun sözlərinə görə, 2014-cü ildə qanunvericilikdə ciddi dəyişikliklərin edilməsi vətəndaş cəmiyyətinin imkanlarını daraldıb: "Onlayn İctimai Nəzarət Platforması təklif edir ki, qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı prosedur sadələşdirilsin və xarici qrantlara çıxışla bağlı maneələr aradan qaldırılsın".

Bu fikirlərə icra hakimiyyəti orqanlarından münasibət almaq, mümkün olmayıb. Amma Azərbaycandakı dövlət qurumları, bir qayda olaraq, şəffaf fəaliyyət göstərdiklərini deyirlər.

B.Süleymanlı
B.Süleymanlı

"Seçkilər saxtalaşdırılırsa, heç kim təminat verə bilməz ki...»

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da AzadlıqRadiosuna bildirib ki, prezidentin köməkçisinin iclasından sonra İctimai şuralar yaranmağa və ya yenidən formalaşdırılmağa başlayıb. O hesab edir ki, İctimai şuralar qanunvericilikdə nəzərdə tutulan kimi formalaşdırılıb və həmin istiqamətdə fəaliyyət göstərsə, bu, ictimai nəzarəti təmin etmək üçün normal olar: "Amma Azərbaycan reallıqlarında bu, belə deyil. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin fəaliyyəti əgər məhdudlaşıbsa, seçkilər saxtalaşdırılırsa, heç kim təminat verə bilməz ki, İctimai şuralara keçirilən seçkilər şəffafdır, orada hər kəsin təmsilçiliyi təmin olunur".

"Yeni şuralar da formal xarakter daşıyır"

O qeyd edib ki, İctimai şuraların tərkibinə baxanda heç də orada bütün tərəflərin təmsilçiliyini görmək mümkün deyil: "Vaxtilə İctimai şuralarda təmsil olunan və yaxud da təmsil olunmayan, amma hakimiyyətə yaxın olan qeyri-hökumət təşkilatları ( QHT ) rəhbərləri var ki, son dövrlər onlar da məsələ ilə bağlı narazılıqlarını ifadə edir. Bu onu göstərir ki, yeni formalaşan şuralar da formal xarakter daşıyır və orada hər kəsin təmsilçiliyi təmin olunmur. Köhnə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin nəzarətində olan QHT-ləri kənarda qoyurlar, əvəzində isə yeni komandanın əhatə etdiyi şəxslərin təmsilçiliyini təmin edirlər".

B.Süleymanlı deyir ki, belə olan halda İctimai şuraların effektivliyindən, ictimai nəzarətin təmin edilməsindən danışmaq mümkün deyil.

Amma Azərbaycanın hazırkı hakimiyyət təmsilçiləri və Mərkəzi Seçki Komissiyası ölkə əhəmiyyətli seçkilərin saxtalaşdırıldığı ilə bağlı iddiaları, bir qayda olaraq, yalanlayırlar.

XS
SM
MD
LG