Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:29

İsgəndər Həmidov vəfat edib


İ.Həmidov
İ.Həmidov

Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov bu gün, fevralın 26-sı səhər saatlarında müalicə aldığı «City Hospital» klinikasında vəfat edib.

Bu barədə tibb sahəsi üzrə professor Adil Qeybulla bildirib.

Keçmiş daxili işlər naziri bir müddət idi ki, komada idi.

14.02.2020

'İsgəndər Həmidovun sağlıq durumu ağır olaraq qalır'

«Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun sağlıq durumu ağır olaraq qalır».

Bunu tibb sahəsi üzrə professor Adil Qeybulla bildirib. Onun sözlərinə görə, İ.Həmidovun müalicəsi hazırda «City Hospital» klinikasında davam edir: «Süni aparatdadır. Təzyiqi normal saxlanılır. Amma vəziyyət ağırdır və ağır koma dərəcəsindədir».

Onun vurğulamasına görə, fevralın 8-də Türkiyədən gələn iki neyrocərrah və bir reanimotoloq İ.Həmidovu müayinə edib: «Onun harasa köçürülməsi məqsədəuyğun sayılmadı. Müalicə ilə bağlı müəyyən korreksiyalar olundu. Hazırda da müalicə davam etdirilir».

İsgəndər Həmidovdan yeni xəbər var

«İsgəndər Həmidovun vəziyyəti stabil-ağır olaraq qalır. Maliyyə sıxıntıları ilə əlaqədar ailəsi xəstəxananı dəyişdi».

Bunu bu gün, fevralın 6-da AzadlıqRadiosuna tibb sahəsi üzrə professor Adil Qeybulla bildirib. Onun sözlərinə görə, İ.Həmidov reanimasiya şöbəsinə yerləşdirilib.

«İ.Həmidov əvvəl «City Hospital»a gətirildi, ilkin yardım olunaraq süni nəfəs verildi. Mərkəzi Klinik Xəstəxananın (MKX) Reanimasiya şöbəsində imkanlar daha geniş olduğu üçün xəstə ora köçürüldü. 10 gün burada müalicə aldıqdan sonra maliyyə sıxıntıları olduğu üçün İ.Həmidov yenidən «City Hospital»a köçürüldü. Burada da həmin müalicə yenə süni tənəffüs aparatı ilə davam etdirilir. Hazırda vəziyyəti stabil-ağır olaraq qalır»,-A.Qeybulla əlavə edib.

'İsgəndər Həmidovun durumu kritik olaraq qalır'

«İsgəndər Həmidovun durumu kritik olaraq qalır».

Bunu AzadlıqRadiosuna bu gün, fevralın 5-də tibb sahəsi üzrə professor Adil Qeybulla deyib.

«İsgəndər Həmidovun Türkiyəyə aparılması məsələsi, hələlik, gündəmdə deyil. O, Azərbaycanda qalacaq. Hələlik, onun Türkiyəyə aparılması mümkün deyil və bu, İ.Həmidovun vəziyyətinin kritik olması ilə bağlıdır. İndilikdə bunu demək olar ki, İ.Həmidovun vəziyyəti ağır-kritik olaraq qalmaqda davam edir»,- A.Qeybulla əlavə edib

Hazırda İ.Həmidovun müayinə və müalicə tədbirləri Mərkəzi Klinik Xəstəxanada (MKX) davam edir.

İsgəndər Həmidov reanimasiyadadır

Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun səhhəti yenidən ağırlaşıb.

Bu barədə AzadlıqRadiosuna professor Adil Qeybulla bildirib. Onun sözlərinə görə, yanvarın 24-də İ.Həmidovun halı qəfil pisləşib, huşunu itirərək yıxılıb: «Həmin gün axşamüstü «City Hospital»a gətirilib, huşsuz durumda olub, özünə gəlib, qusub, yenə huşunu itirib. Daxil olmazdan 5 gün öncə ciddi soyuqdəymə (kəskin respirator xəstəlik) diaqnozu ilə «City Hospital»da 3 gün intensiv müalicə almışdı, vəziyyəti nisbətən yaxşılaşmışdı».

A.Qeybulla keçmiş nazirə qoyulan diaqnozla bağlı bunları söyləyib: «İ.Həmidova ilkin olaraq «aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət, beyin qan dövranının pozulması, ikitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator, septik şok» diaqnozu qoyuldu».

Onun deməsinə görə, sonrakı müayinə və müalicə tədbirləri üçün xəstənin Mərkəzi Klinik Xəstəxanaya (MKX) köçürülməsi qərara alınıb.

A.Qeybulla vurğulayıb ki, aparılan müayinələr nəticəsində keçmiş nazirinin beyində qanama, işemik insult, ikitərəfli virus pnevmoniyası, kreatinin yüksəlməsi müəyyən edilib: «Hazırda İ.Həmodovun müalicəsi MKX-in reanimasiya şöbəsində davam etdirilir. O, komadadır, vəziyyəti ağırdır, süni ventilyasiya aparatına qoşulub. Türkiyədəki müalicə həkimləri ilə danışıqlar gedir».

Ötən il mayın 20-də keçmiş daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) həmtəsisçisi İ.Həmidov səhhəti ilə bağlı Türkiyəyə aparılmışdı. Türkiyədə bir müddət müalicə alan keçmiş nazir sonra Azərbaycana qayıtmışdı.

Xatırlatma

İsgəndər Həmidov 1948-ci ildə doğulub. O, Azərbaycan Xalq Cəbhəsinin (AXC) rəhbərlərindən olub.

1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-na qədər Azərbaycanın daxili işlər naziri vəzifəsində çalışıb. 1993-cü ildə AXC hakimiyyətdən getdikdən sonra həbs edilib. Mənimsəmə və bir sıra başqa cinayətlərdə ittiham edilən İ.Həmidov 14 il həbs cəzası alıb. İttihamları qəbul etməyib, 2003-cü ilin sonlarında vaxtından əvvəl, əfv fərmanı ilə azadlığa çıxıb. 2019-cu ilin əvvəlində yaradılan Azərbaycan Xalq Hərəkatının (AXH) qurucularındandır.

XS
SM
MD
LG