Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:42

İmişlidə qalmaqallı seçki qutusu...


İmişlidə film kimi protokol qovğası...
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

İmişlidə film kimi protokol qovğası...

Sosial şəbəkələrdə 79 saylı İmişli seçki dairəsinin 20 saylı məntəqəsinə aid olduğu bildirilən seçki qutusu ətrafında dartışmaya aid görüntülər yayılıb. Həmin məntəqə üzrə bəzi müşahidəçilərin bildirdiyinə görə, səsvermə başa çatandan sonra məntəqə seçki komissiyasının üzvləri seçki sənədlərini qutunun içərisinə yığaraq qaçıblar. Dairə seçki komissiyasının (DSK) inzibati binası önündə bundan sonra narazılığın yarandığı bildirilir.

Şəffaf qutudan...

Təqdim olunan kadrlara görə, namizəd və onların müşahidəçiləri olduğu bildirilən şəxslər komissiya sədrindən məntəqə üzrə səsvermənin nəticələrinə dair protokolu tələb edirlər. Hətta namizədlərdən biri olduğu deyilən şəxs seçki sənədlərinin DSK-ya verilməsinin qarşısını almaq üçün qutunu götürüb qaçmaq istəyir. Seçki məntəqəsindəki sənədlərin mühafizəsinə məsul olan polis əməkdaşı onu güclə saxlayıb qutunu alır.

Görüntülərə görə, etirazçılar bu dəfə polisi dövrəyə alıb, sənədlərin DSK-ya aparılmasına imkan verməyəcəklərini deyirlər. Polisin onlara cavabı belə olur: «Seçki keçirilən və səs sayılan vaxt mənim məntəqəyə girməyə ixtiyarım yoxdur. Protokola, bülletenə baxmağa da ixtiyarım yoxdur. Mən seçki keçirmirəm. Yalnız seçki sənədlərinin mühafizəsinə cavabdehəm».

Habelə, görüntülərə əsasən, komissiyanın xanım sədri seçki sənədlərini DSK-nın inzibati binası daxilindəki mühafizəçiyə təhvil verib maşına sarı gedəndə də qınağa tuş gəlir...

Parlament seçkilərində 7 əsas pozuntu...
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Seçki bitəndən sonra «seçki»?

Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi internet səhifəsində «Seçkilər» informasiya agentliyinin açıqladığı səsvermənin nəticələrinə dair protokola görə, sözügedən dairə üzrə ən yüksək seçici fəallığı bu məntəqədə qeydə alınıb- 81 faiz. Məlumatda göstərilir ki, 372 səsin 332-si Razi Nurullayevə verilib, qalan 40 səs isə digər namizədlər arasında bölüşdürülüb.

Həmin seçki məntəqəsində müşahidəçi olmuş Elşən Qəhrəmanov bu nəticəni reallıqdan çox uzaq adlandırır: «Səsvermədə 190 seçici iştirak edib, Razi Nurullayevə isə cəmi 14 səs verilib. Görünür, seçki bitəndən sonra məntəqə komissiyası seçici və müşahidəçilərsiz yeni «seçki» keçiriblər».

O, səsvermənin normal keçdiyini, məntəqədə sağlam ab-havanın isə səslər sayılandan sonra pozulduğunu deyir:


«Komissiya sədri hərəyə bir protokol verdi ki, namizədlərin adlarını özünüz yazın, sonda onu doldurub, imza və möhürlə təsdiqləyəcəm. Orada olan müşahidəçilər də başladılar yazmağa. Birdən xəbər tutduq ki, sədr bütün seçki sənədlərini götürərək məntəqədən qaçıb».

«O məntəqədə ən çox səs toplayan mən olmuşam»

79 saylı İmişli seçki dairəsi üzrə qeydə alınmış namizəd Taleh Tapdıqov tərəfdarları ilə birgə saxtalaşdırmaya etiraz etdiklərini bildirir: «Biz sonadək protokol tələb etdik. Amma onu nə məntəqədə müşahidəçilərimizə, nə də DSK-nın qarşısında bizə verdilər. 20 saylı seçki məntəqəsində ən çox səs toplayan mən olmuşam. Amma sonra sayta baxıb gördük ki, mənim səsimi 10-a endiriblər, Razi Nurullayevə isə 332 səs yazılıb. Protokolu verməməkdə də məqsəd bu olub- nəticələri saxtalaşdırmaq».

Hadı Rəcəbli, Rauf Arifoğlu... 4 dairədə seçkinin nəticələri ləğv olundu
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00

«MSK ilk olaraq məni lider namizəd elan etmişdi»

Dairənin digər namizədi- Murad Fərzəliyev bildirir ki, saxtalaşdırma səsvermənin nəticələrinə dair protokol ala bilmədiyi məntəqələrdə olub: «Mən 37 seçki məntəqəsinin nəticəsinə görə, 2544 səslə bütün namizədlərdən öndə olmuşam. Həmin məntəqələr üzrə ən yaxın izləyicim- Razi Nurullayevin 1315 səsi vardı. MSK ilk olaraq məni lider namizəd elan etmişdi. Amma protokol verilməyən 6 seçki məntəqəsində ona 1390 səs yazılıb. Təkcə 19 və 20 saylı məntəqələr mənə 1, ona isə 963 səs gətirib. Beləcə onu qalib ediblər».

«Mənim dairəmdə seçki çox normal keçib»

Dairə üzrə lider elan edilən Razi Nurullayev isə nəticələri ədalətli sayır: «Mən indiyədək bir neçə seçkidə iştirak etmişəm. Bu seçki əvvəlkilərdən daha şəffaf, azad keçdi. Nəticələrin saxtalaşdırılması ilə bağlı kimin iddiası varsa, seçki komissiyalarına şikayət etsin. Eləcə də 20 saylı məntəqə ilə bağlı. Mənim dairəmdə seçki çox normal keçib».

79 saylı İmişli seçki dairəsinin 20 saylı seçki məntəqəsi üzrə komissiya sədri Dursun Abbasova Murğuzallı kənd məktəbində riyaziyyat müəllimidir. O, 10 ildir seçki komissiyasının üzvü olduğunu və bu məntəqədə bütün seçkilərin tam şəffaf keçdiyini bildirir. Xanım Abbasova ona yönəlik etirazın «məğlubiyyətlərini həzm edə bilməyən namizədlərin cığallıq hərəkəti» adlandırır və iradları qəbul etmir.

Məzahir Pənahov Facebook istifadəçiləri haqda bunları deyir
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

Azı 5 namizəd şikayət edib

Milli Məclis üzvlüyü uğrunda 79 saylı İmişli seçki dairəsindən 17 namizəd mübarizə aparıb. Onların əksəriyyəti bu dairə üzrə çoxsaylı seçki məntəqələrində ciddi qanun pozuntularına yol verildiyini, o cümlədən, 20 saylı məntəqədən səsvermənin nəticələrinə dair protokolu ala bilməmələrini deyirlər. Protokolların verilməməsinə görə müharibə veteranları və əlillər seçki gecəsi (fevralın 9-da) İmişli Rayon İcra Hakimiyyətinin inzibati binası önündə etiraz aksiyası da keçiriblər

Hazırda 79 saylı DSK 5-dən çox namizədin şikayətini araşdırır. Onların əksəriyyətində dairə üzrə nəticələrin ləğvi tələbi qoyulub.

MSK yanvarın 13-də keçirdiyi iclasında ona gələn bir neçə şikayəti də araşdırılması üçün aidiyyəti üzrə bu dairənin komissiyasına göndərib.

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri qazanıb. Bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Artıq 4 dairə üzrə nəticələrin ləğv edildiyi açıqlanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. «Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir...», - rəydə vurğulanıb.

Prezident İlham Əliyev isə deyib ki, bu seçkilərdə pozuntular olubsa, araşdırılacaq. «Bilirəm ki, Mərkəzi Seçki Komissiyası artıq fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz istəmirik ki, pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə belə hallara yol verilməsin»,- o vurğulayıb.

2019-cu il dekabrın 5-də prezident İ.Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər. Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib. Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG