Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 10:40

İlqar Məmmədovla bağlı məhkəmə qərarları ləğv oluna bilər


İ.Məmmədov
İ.Məmmədov

ReAL Partiyasının sədri İlqar Məmmədov haqqında Avropa Məhkəməsinin çıxardığı qərarla əlaqədar Ali Məhkəmənin Plenumu onun işinə yenidən baxacaq. Bu barədə AzadlıqRadiosuna İ.Məmmədovun vəkili Fuad Ağayev məlumat verib.

Vəkil deyir ki, həm ona, həm də müvəkkilinə Plenumun aprelin 23-nə təyin edilmiş iclasında iştirak üçün bildiriş göndərilib.

F.Ağayev yada salır ki, Avropa İnsan Haqları Məhkəməsinin İ.Məmmədovun işi üzrə üç qərarı var. Ali Məhkəmənin Plenumu ötən il mayın 29-da verilmiş sonuncu qərar əsasında ReAL sədrinin işinə baxacaq.

Avropa Məhkəməsi əvvəlki iki qərarda İ.Məmmədovun İsmayıllı hadisələrinə görə 7 il həbs cəzasına məhkum edilməsini Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması), 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələrinin pozuntusu kimi qiymətləndirmişdi.


İlk qərar hələ 2014-cü ildə çıxarılsa da, Azərbaycan hökuməti onu icra etmirdi. Qərarların icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsi də bu məsələ ilə əlaqədar dəfələrlə hökumətə çağırış edib, İ.Məmmədovun azadlığa buraxılmasını istəsə də, nəticəsiz qalıb.

2017-ci ilin oktyabrında isə Nazirlər Komitəsi Azərbaycanı rəsmən xəbərdar edib ki, İ.Məmmədovu həbsdə saxlamaqla Avropa Məhkəməsinin qərarlarını icra etmək barədə öhdəliyini yerinə yetirmir. Həmçinin, Avropa Şurası tarixində ilk dəfə Avropa Konvensiyasının 46-cı maddəsinə uyğun olaraq üzv dövlətin təşkilat qarşısında öhdəliyini yerinə yetirməməsi üzrə prosedur başlayıb. Nazirlər Komitəsinin müraciəti baxılmaqdan ötrü 2017-ci il dekabrın 11-də Avropa Məhkəməsinin Katibliyinə verilib, ardınca da Böyük Palataya daxil olub. Ötən il mayın 29-da isə Böyük Palatanın qərarı elan olunub.

F.Ağayev
F.Ağayev

"Ola bilər ki, ləğv olunsun"

Vəkil F.Ağayev Plenumun iclasında İ.Məmmədovun məhkum edilməsiylə bağlı əvvəlki hökm və qərarların ləğv olunacağını istisna etmir: "Ola bilər ki, ləğv olunsun. Yeni hal dedikdə, bizim Cinayət Prosessual Məcəllədə iki hal nəzərdə tutulub – Konstitusiya Məhkəməsi və Avropa İnsan Haqları əvvəlki hökm və qərarlarda pozuntu müəyyənləşdirirsə və həmin işə yenidən baxılması labüd olursa. Avropa Məhkəməsinin İ.Məmmədovla bağlı qərarı əsasında Azərbaycanda onun işinə yenidən baxılması uzun müddət yubanırdı. Bu yubanma ilə həm də Azərbaycan Avropa Şurası qarşısında öhdəliyini pozurdu".

İ.Məmmədov özü də Facebook səhifəsində bu məsələyə münasibət bildirib. ReAL sədri yada salır ki, Ali Məhkəmə onun işinə beş dəfə baxıb. Bunlardan dördündə heç nə dəyişməsə də, sonuncusunda hüquqi vəziyyəti yüngülləşmiş, üzərindəki şərti cəza ləğv olunmuşdu. Amma yenə də bır sıra önəmli məhdudiyyətlər qüvvədə qalmışdı:


"Sayca altıncı olan bu baxışı əvvəlkilərdən fərqləndirən onun hansı siyasi fonda keçirilməsidir. Fevralın 29-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşdüyümü bilirsiniz. İlk təmas insan haqları və demokratiya sahəsində milli maraqların irəliləməsi üçün edə biləcəklərimizin mümkünlüyünü nəzərdən keçirən yeni görüşlərlə davam etdirildi deyə, yaranan sürəci indi dialoq adlandıra bilərik. İctimaiyyətə daha öncədən dediyim kimi – təmasla başlasaq, təmas dialoqa çevrilsə, dialoq qarşılıqlı addımlarla nəticələnsə, ölkəmizdə siyasi mübarizənin keyfiyyəti yeni səviyyəyə çıxar".

İ.Məmmədov vurğulayır ki, "dialoq təşəbbüsünün potensialı yüksək olduğu bir vaxtda bunun baş verməsi üçün Ali Məhkəmənin Plenumundan daha yaxşı imkan tapmaq çətindir".

R.Cəfərov
R.Cəfərov

"Bunun baş verməməsi üçün heç bir əsas yoxdur"

Plenumun aprelin 23-nə təyin edilmiş iclasında iştirak üçün İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərova da bildiriş gəlib. Hüquq müdafiəçisi AzadlıqRadiosuna məlumatı təsdiqləyərək gözləntisindən də danışıb. R.Cəfərov deyir ki, müsbət nəticəyə - haqqındakı ittiham hökmünün ləğv olunacağına inamı var: "Cinayət Prosessual Məcəlləsinə görə, Avropa Məhkəməsinin qərarı əsasında Ali Məhkəmənin Plenumu yeni açılmış hal üzrə işə baxanda üç növ qərar çıxarıla bilər: əvvəlki qərarları ləğv edib, işi yenidən apellyasiya məhkəməsinə göndərə bilər; Ali Məhkəmənin qərarını dəyişə bilər; Ali Məhkəmənin qərarını ümumiyyətlə, ləğv edib, yeni qərar çıxara bilər. Düzü, mən üçüncü variantı gözləyirəm. Bunun baş verməməsi üçün heç bir əsas yoxdur. Həm ölkədaxili qanunvericilik, həm Konstitusiya hüquqlarımızın tam bərpasına imkan verir".

Avropa Şurası Nazirlər Komitəsi ötən il dekabrın 5-də səkkiz nəfərin (Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, İlqar Məmmədov, Anar Məmmədli, İntiqam Əliyev və Rəsul Cəfərov) işi ilə əlaqədar Azərbaycan hökumətinə çağırış etmişdi. Bu səkkiz nəfərin şikayəti üzrə Avropa Məhkəməsi ayrı-ayrı vaxtlarda qərar verib. Nazirlər Komitəsi isə Azərbaycan hökumətinə çağırış edib ki, bu adamların hüquqi statusu həbslərindən əvvəlki vəziyyətinə qaytarılsın. Başqa sözlə, həbsdə olmaları, məhkumluqları səbəbindən heç bir məhdudiyyətlə üzləşməsinlər. Amma onların işinə baxılmadı və üzərilərində olan məhkumluğa görə namizəd kimi parlament seçkilərinə qatıla bilmədilər.

Siyahıda adları olan şəxslərdən Zaur Qurbanlı AzadlıqRadiosuna bildirib ki, Plenumun aprelin 23-nə təyin edilmiş iclasına onu dəvət etməyiblər.

Xatırlatma

İ.Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələrinin təşkilində suçlanaraq həbs olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 7 il həbs cəzası kəsilib. 2018-ci ilin avqustunda o, şərti cəza ilə azadlığa buraxılıb. 2019-cu ilin martında Ali Məhkəmə onun cəzasını həbsdə saxlandığı müddətə - 5 il 6 ay 9 günə endirib. Həmin müddətdə İ.Məmmədov həbsdə olduğuna görə cəza çəkilmiş hesab olunub. Ona şərti cəza ilə təyin olunmuş 2 il sınaq müddəti və bundan irəli gələn öhdəliklər (hər 10 gündən bir Ədliyyə Nazirliyi İcra və Probasiya Şöbəsində qeydiyyatdan keçmək, şəhəri tərk edərkən məlumat vermək və s.) ləğv olunub.

R.Cəfərov isə 2014-cü ilin avqustunda QHT-lərə qarşı açılmış cinayət işi çərçivəsində həbs olunub. Hüquq müdafiəçisi 2016-cı ilin martında prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb.

Beynəlxalq insan haqları təşkilatları onların siyasi motivlərlə həbs olunduğunu bəyan edib. Azərbaycan rəsmiləri isə bu haqda deyilənləri təkzib edir. Ölkədə heç kimin siyasi baxışlarına görə cəzalandırılmadığını iddia edirlər.

XS
SM
MD
LG