Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:42

'İcra hakimiyyəti torpaqlarımızı zəbt edib, məktəb-bağça tikdirib'


BŞİH
BŞİH

Bakı sakinləri Elmiraz və Pənah Cəfərovlar deyir ki, Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyəti birlikdə sənəd-sübutla onlara məxsus torpaq sahələrini zəbt edib. Həmin ərazidə məktəb və bağça tikilib. Cəfərovlar 10 ilə yaxındır ki, məhkəmələrdə adıçəkilən dövlət orqanlarıyla çəkişir, mülkiyyətlərinin əvəzinə kompensasiya verilməsini tələb edirlər. Amma hələ ki, nail olmayıblar.

Bu mübahisəyə dəfələrlə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, Ali Məhkəmədə baxılıb. Lakin yekun nəticə yoxdur. Ali Məhkəmə bugünlərdə ikinci dəfə həmin işə baxıb və yenə də əvvəlki qərarı ləğv edib, təkrar araşdırma üçün apellyasiya instansiyasına qaytarıb.

Kompensasiyadan narazı qalıblar

Mübahisəli ərazi Səbail rayonu, Badamdar qəsəbəsindəki 3-cü yaşayış massivində yerləşir. 2011-ci il iyunun 24-də Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamıyla o ərazidə yeni məktəb və uşaq bağçası binasının tikintisi üçün 1.1280 hektar torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin istifadəsinə verilib.


Elmiraz və Pənah Cəfərovlar bildirir ki, onlara məxsus torpaq sahələrinin hasarını heç bir xəbərdarlıq etmədən dağıdıblar, məktəbin tikintisinə başlayıblar. Halbuki, onların hər ikisinin əlində hələ 2007-ci ilin oktyabrında verilmiş çıxarışlar olub. O sənədlər onların hər birinin mülkiyyətində 0.6 hektar ərazi olduğunu təsdiqləyir.

Cəfərovlar həm Bakının, həm də Səbail rayonunun icra hakimiyyətlərinə üz tutub. Zəbt olunmuş mülkiyyətin əvəzində ya kompensasiya, ya da başqa torpaq sahəsi tələb ediblər. Amma "yox" cavabı alıblar. Onlara deyilib ki, həmin ərazinin onlara məxsusluğunu təsdiqləyən texniki pasport, plan yoxdur. Cəfərovlar məhkəmə vasitəsilə bu sənədləri Dövlət Reyestr Xidmətindən alıb, qarşı tərəfə təqdim ediblər. Amma yenə də istədiklərinə nail olmayıblar.

Bu dəfə ümumilikdə 463 min manatlıq kompensasiya tələbi ilə məhkəmədə iddia qaldırıblar. Bu məbləğin 60 min manatını mənəvi ziyanın əvəzi olaraq hesablayıblar.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi torpağın sotunu 10 min manatdan götürərək, Elmiraz və Pənah Cəfərovların hər birinə maddi ziyana görə 60 min, mənəvi ziyana görə isə 2000 manat kompensasiya ödənilməsinə qərar verib. İddiaçılar məbləğin azlığından narazı qalıb, apellyasiya şikayəti veriblər. İcra hakimiyyətləri isə ümumiyyətlə, bu məbləği də ödəmək istəməyib və onlar da qərardan şikayətçi olublar. Amma Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə isə onu ləğv edərək, yenidən baxılmasına qərar verib.

Bakı Şəhər İcra Hakimiyyəti də narazıdır

Bakı Apellyasiya Məhkəməsi ikinci dəfə bu mübahisəyə baxıb, Cəfərovların hər birinə 120 min manat kompensasiya ödənilməsi haqda yeni qərar çıxarıb. Amma bu məbləğ də mülkiyyətçiləri qane etməyib, onlar yenə Ali Məhkəməyə şikayət veriblər. Qarşı tərəfdən Bakı Şəhər İcra Hakimiyyəti də şikayətçi olub.

Bakı Şəhər İcra Hakimiyyəti bu mübahisəyə görə Səbail Rayon İcra Hakimiyyətini günahlandırıb: "Sərəncam verilərkən Səbail Rayon İcra Hakimiyyəti başçısının məktubu əsas götürülüb. Məktubda isə həmin torpaq sahəsi boş sahə kimi göstərilib".

Bu qurum iddia edir ki, məhkəmə kompensasiya təyin etmək üçün torpaq sahəsini qiymətləndirəndə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin rəyinə əsaslanıb, bu da doğru deyil. Qiymətləndirmə zamanı Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin iştirakı təmin edilməliydi.

Səbail Rayon İcra Hakimiyyəti isə bildirir ki, Cəfərovların mülkiyyətindəki torpaq sahələri bağça və məktəb tikilən əraziyə aid deyil, onların təqdim etdiyi sənədlər, məhkəmə qərarları da qanunsuzdur: "Onların istinad etdiyi məhkəmə qərarları maddi və prosessual hüquq normalarını pozmaqla qəbul edilib. Həmin qərarlar Səbail Rayon İcra Hakimiyyətinin qanunla qorunan mənafelərinə toxunsa da, məhkəmələr bizi məhkəmə icraatına cəlb etməyiblər".

Yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsi bir daha bu mübahisəni araşdıracaq.

XS
SM
MD
LG