Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 16:02

Hökumətin işsizlərə şərtləri...


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev

Koronavirus pandemiyası ilə bağlı Azərbaycan hökumətinin işsiz kimi qeydiyyatda olan şəxslərə verəcəyi 190 manatlıq birdəfəlik yardımın şərtləri geniş müzakirə edilməkdədir. Nazirlər Kabineti aprelin 7-də şərtləri açıqlayıb.

Hökumətin şərtləri...

Orada bildirilir ki, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, əmək pensiyaçılarına, aylıq müavinət, təqaüd alanlara və özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilən şəxslərə yardım verilməyəcək. Habelə, işsizlikdən sığorta ödənişi, peşə hazırlığına görə təqaüd alanlara və bu il kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə də yardımın düşmədiyi açıqlanıb.

Üstəlik, əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və "Əmək müqaviləsi bildirişi" altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara da həmin məbləğ verilməyəcək. Nazirlər Kabineti həmçinin bildirib ki, əri və ya arvadı ödəniş alan şəxslər bu yardımdan kənarda qalacaqlar. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödəniləcək.

B.Hacıyev
B.Hacıyev

"Bütün bu proses başdan-ayağa səhv idi"

İctimai fəal, deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev AzadlıqRadiosuna deyib ki, birdəfəlik müavinət məsələsində kommunikasiya mərhələsindən idarə olunmasına qədər qeyri-peşəkarlıq özünü göstərib. Onun sözlərinə görə, əvvəlcə bütün işsizlərə birdəfəlik müavinət veriləcəyi deyilib, bir neçə gün sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) müavinət, pensiya, ünvanlı sosial yardım alan vətəndaşlara birdəfəlik müavinət verilməyəcəyini açıqlayıb: "Aprelin 7-də isə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özü elan etdi ki, ailədə bir nəfər işləyən, müavinət alan varsa, həmin ailəyə birdəfəlik müavinət verilməyəcək. Yəni, bütün bu proses başdan-ayağa səhv idi".

B.Hacıyev deyib ki, qanunvericilikdə şəxsin işsiz olduğu əsas götürülür, ailədə işləyənin olub-olmaması kimi müddəa yoxdur.

"Çox məntiqsizdir""

B.Hacıyev hesab edir ki, nazirlik 190 manat həddində olan yardımı sui-istifadə ehtimalı ilə pul kimi vermək istəmirsə, ərzaq yardımı da edə bilər: "Amma hansı bucaqdan baxılsa, nazirliyin bu yanaşması yanlış və çox məntiqsizdir"

B.Hacıyev vurğulayıb ki, burada ən doğru yanaşma bütün işsizlərə bu müavinətin verilməsi olardı. Onun fikrincə, işsizlərin onlayn qeydiyyatı prosesi o qədər qəlizdir ki, bunu hətta kifayət qədər internet resurslarından istifadəni bacaran şəxslər belə başdan sona qədər çatdıra bilmirlər.

V.Əhmədov
V.Əhmədov

"Sayt da elə yüklənib ki,..."

Deputat Vahid Əhmədov isə "Turan" agentliyinə deyib ki, bu məsələ araşdırılmalıdır: "2.5 milyard manat vəsait ayrılmalıdır. Bu az vəsait deyil və bu vəsaitlə əhalinin əksər hissəsini əhatə etmək olar. Burada söhbət əsas günəmuzd işləyənlərin probleminin həllindən gedir. Onlar təkcə ölkənin böyük şəhərlərində deyil, rayonlarında da var. Nazirlik işsizlər barədə məlumatların onlayn ötürülməsini istəyir, sayt da elə yüklənib ki, nəsə ötürmək mümkün deyil".

V.Əhmədov hesab edir ki, əhalinin vəziyyətini mərkəzi icra hakimiyyəti orqanlarından daha yaxşı yerli icra hakimiyyət orqanları bilir: "Odur ki, onlardan işsizlərlə bağlı siyahı almaq olar".

Deputat vurğulayıb ki, əslində, bu siyahılar indiyə kimi hazır olmalı idi: "Bunu tezləşdirmək lazımdır. Dövlət başçısı İlham Əliyev iqtisadiyyat naziri Mikayıl Cabbarovu hələ ötən həftə qəbul edəndə ödənişlərə başlamağı tapşırmışdı. Bu isə onu göstərir ki, hökumətin hansısa qurumları prosesi başlamağa hazır deyil. Ona görə deyirəm ki, yerli icra hakimiyyətlərindən istifadə etmək lazımdır. Onlar yaxşı bilir ki, əhalinin vəziyyəti nə yerdədir".

"Danışmaqla iş bitmir"

Deputat deyib ki, burada əsas məsələ koronavirus pandemiyası ilə bağlı evdə qalmağa məcbur olan günəmuzd işləyənlərin problemini həll etməkdir. V.Əhmədovun sözlərinə görə, onların kimliklərini yerli icra hakimiyyətləri yaxşı bilir.

"Danışmaqla iş bitmir, əhaliyə konkret yardım etmək lazımdır",- V.Əhmədov bildirib.

Koronavirus cərimələri: Bir həftəyə 2 milyon manat
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

Prezident martın 19-da koronavirusla bağlı dünya enerji, səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. O, sərəncamın icrası ilə bağlı 1 milyard manat pul ayırıb. Nazirlər Kabineti prezidentin bu sərəncamın icrası ilə bağlı aprelin 4-də Tədbirlər Planını təsdiqləyib. Həmin planda işsiz kimi qeydiyyata düşmüş şəxslərə də 190 manat birdəfəlik yardım verilməsi yer alıb.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 82 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 717 şəxsin koronavirus infeksiyasına yoluxduğu, onlardan 44 nəfərin müalicə olunaraq sağaldığı, 8 nəfərin də vəfat etdiyi açıqlanıb. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Martın 31-dən də aprelin 20-nə kimi paytaxt Bakıda metronun fəaliyyəti dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxırlar. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

XS
SM
MD
LG