Baş nazir Əli Əsədov martın 15-də Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən qarşılarında duran vəzifələrdən də danışıb. O vurğulayıb ki, dayanıqlı iqtisadiyyat, xərclərin optimallaşdırılması, antiinhisar siyasəti və daxili bazarda qiymətə nəzarətin gücləndirilməsi əsas vəzifələrdəndir: "Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalını artırmalı, idxaldan asılılığın azaldılmasına nail olmalıyıq…".
2022-ci ildə hökumətin prioritetləri
Nazirlər Kabinetindən "Turan"a isə bildirilib ki, bu il işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işlərinin aparılması, müasir iqtisadi sahələrin və infrastrukturun qurulması əsas prioritetlərdəndir: "Bundan başqa, kənd təsərrüfatı sahəsində əsas prioritet keyfiyyət dəyişikliyinə nail olmaq, məhsuldarlıq və səmərəliliyi artırmaqdır".
Qurumdan vurğulanıb ki, qlobal ərzaq bazarlarında müşahidə edilən bahalaşmanın ölkənin ərzaq təminatına mənfi təsirinin qarşısının alınması, idxaldan asılılıq səviyyəsinin azaldılması və ərzaq təhlükəsizliyinin etibarlı təşkili də xüsusi diqqət tələb edən məsələlərdəndir.
"Tenderlər zamanı müqavilələrin bir mənbə ilə bağlanması…"
Nazirlər Kabinetindən habelə bildirilib ki, dövlət satınalmalarında şəffaflığın və səmərəliliyin təmin edilməsi istiqamətində işlər davam etdiriləcək: "Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısının qətiyyətlə alınması məqsədilə müvafiq addımlar atılacaq. Tenderlər zamanı müqavilələrin bir mənbə ilə bağlanması halları baş verir və bu qəbuledilməzdir".
Nazirlər Kabinetindən əlavə edilib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq məsələləri və aztəminatlı əhalinin sosial-rifahının yaxşılaşdırılması bundan sonra da diqqət mərkəzində olacaq.
İqtisadçı Rəşad Həsənov da AzadlıqRadiosuna bildirib ki, hökumətin seçdiyi prioritetlər doğrudur: "İndiki şərtlər daxilində bu, doğrudur. Önə çəkiləsi məqamlar inflyasiya ilə mübarizə, istehlak bazarının, əhalinin alıcılıq qabiliyyətinin qorunması məsələsidir".
"Biz elə bir ciddi yeniliklər görmürük"
Eyni zamanda, ekspertin fikrincə, bu prioritetlərin icrası təmin edilməlidir: "Adətən bizdə prioritetlər həm strategiyalarda, həm dövlət proqramlarında, həm də hökumətin ayrı-ayrı sənədlərində öz əksini tapır. Amma sonradan biz elə bir ciddi yeniliklər görmürük. Onun praktikada tətbiqi, ölçülməsi, nəzarət-monitorinq məsələləri çox zəif təşkil edilir".
R.Həsənovun sözlərinə görə, göstərilən prioritetlərin hər biri kifayət qədər miqyaslı məsələlərdir: "Burada Azərbaycanda iqtisadi, siyasi və institusional islahatların paralelliyinin təmin edilməsi vacibdir. Bunlar olmayacaqsa, orada nəticəni əldə etmək olmayacaq. Ona görə də siyasi institusional islahatlar və iqtisadi liberallaşma hökumətin ən vacib prioriteti olmalıdır".