Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 06:21

'O müəssisədə səsini çıxaran məhbusları cəzalandırırlar...'


Qobustan həbsxanası
Qobustan həbsxanası

“O müəssisədə məhkumların başına oyun gətirirlər. Səsini çıxaranı da yazıb-pozub, göndərirlər Qobustana...” – 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhbus Ümid Axundov məhkəmədə belə deyib.

7 ildir həbsdə olan Ümid Axundovun bundan sonra cəzasının iki ilini qapalı həbsxana rejimində çəkməsinə qərar verilib. Qərarı 12 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin təqdimatı əsasında Qaradağ Rayon Məhkəməsi çıxarıb. Axundov da qərardan şikayət verib və işə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

Ümid Axundov məhkəmədə bildirib ki, onu müəssisədə dəfələrlə haqsız yerə cəzalandırıblar, ailə üzvlərilə telefonla danışmaq, görüşmək hüququnu məhdudlaşdırıblar: “Valideynim dəfələrlə gəlib, görüşməyə qoymayıblar. Ombudsman Aparatına, Prezident Administrasiyasına, Penitensiar Xidmətə məktublarımdan sonra mənə görüş veriblər. Məni bir ay ərzində 6 dəfə cəzalandırıblar. Belə şey olar?”

Məhbusun sözlərinə görə, müəssisədə rəhbərliyin və əməkdaşların qanunsuz hərəkətlərinə etiraz etmək cəzalandırılma ilə nəticələnir: “Siz fikir verin, Qobustan həbsxanasına 12 saylıdan nə qədər köçürülmələr var. Mən neyləmişəm? Haqsızlıqlara sivil şəkildə etirazımı bildirmişəm. Orada dustaqlar arasında kompromisə gedənlər və getməyənlər var. Bəzilərinin beyinlərinə psixoloji olaraq yeridiblər ki, etiraz etməyin özünüzə ziyanı olacaq. Ona görə də bunlar nə deyir, ona qol çəkirlər”.

“Din pərdəsi altında müəssisənin fəaliyyətinə mane olur”

Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi isə məhkəmədə deyib ki, Ümid Axundov problemli məhkumdur. Bu məhkumun ona verilən ittihamı qəbul etməməsini də onu xarakterizə edən mənfi hal kimi qeyd edib: “Cəza çəkdiyi müddətdə törətdiyi cinayəti də boynuna almır. Dəfələrlə müəssisənin normal iş prosesini pozmağa yönəlik hərəkətlər edib. Müəssisədəki yataqxanada namaz qılmaq qəti qadağan edildiyi halda, bir il öncə məhkumlar kütləvi şəkildə etiraz etdiklərinə görə üç nəfər digər müəssisələrə köçürüldü. O zaman qaydanı pozanlar arasında Ümid Axundov da vardı. O, din pərdəsi altında dəfələrlə müəssisənin normal iş fəaliyyətinə maneçilik törədib. Özünə imtiyazlı şərait təmin etmək üçün yaxınlarını şikayətlər yazmağa vadar edib”.

Ümid Axundovun həbsxana rejiminə keçirilməklə cəzalandırılmasına səbəb isə 12 saylı Cəzaçəkmə Müəssisəsində baş vermiş dava olub. Müəssisənin əməkdaşı məhkəmədə o haqda da danışıb: “İki nəfər məhkum bir-birinə şillə vurub, sonra dava böyüyüb. Vəhabi təriqətindən olan məhkumlara hücum edilib. Bu hadisədən sonra üç məhkum barəsində cinayət işi başlanması üçün prokurorluğa müraciət edilib. Üç nəfərə cərimə kamerası cəzası verilib, 5 nəfərin, o cümlədən Axundov Ümidin həbsxana rejiminə keçirilməsi üçün məhkəməyə təqdimat verilib. Ümumiyyətlə, o, müəssisənin normal fəaliyyətini pozmağa meyllidir”.

Ümid Axundov isə müəssisə əməkdaşının söylədiklərinin yalan olduğunu bildirib.

2011-ci ildən həbsdə olan Ümid Axundov CM-in 150.3.3 (azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri) maddəsilə təqsirli bilinərək, 10 il azadlıqdan məhrum edilib. Lakin özü ittihamı qəbul etmir.

Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədov, Nardaran məhbuslarından Cahad Babakişizadə də 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılırdı.

Onların hər biri müəssisə rəhbərliyinin təqdimatım əsasında, Qaradağ Rayon Məhkəməsinin qərarıyla üç illik Qobustan həbsxanasına köçürülüb.

İndiyədək ölkədə cəzaçəkmə müəssisələrində məhkumlara qarşı mənfi davranışla bağlı dəfələrlə iddialar səslənib. Amma hər dəfə Penitensiar Xidmət rəsmiləri bu iddiaları təkzib edib, məhkumların hüquqlarının qanunvericilik çərçivəsində qorunduğunu bildirib.

XS
SM
MD
LG