Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 12:33

Hakim barədə həbs-qətimkan tədbiri seçilməsinə bu gün baxılır


F.Əhmədov
F.Əhmədov

Həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən Sabunçu rayon Məhkəməsinin hakimi Fəqan Əhmədovla bağlı dərhal cinayət təqibi onun məhkəmə hakimlərinin toxunulmazlığı olduğuna görə həyata keçirilməyib. Çünki bundan ötrü Məhkəmə-Hüquq Şurasının razılığı olmalı, onun toxunulmazlığı ləğv edilməlidir.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, mayın 31-də Baş prokuror Kamran Əliyev Məhkəmə-Hüquq Şurasına Əhmədovun toxunulmazlığının ləğvi üçün təqdimat verib. Dərhal da təqdimata baxılıb və təmin edilib: "İyunun 1-də axşam saatlarında Nəsimi rayon Məhkəməsində Fəqan Əhmədovun barəsində həbs-qətimkan tədbiri seçilməsi məsələsinə baxılacaq".

Məhkəmə-Hüquq Şurasından da məlumatı AzadlıqRadiosuna təsdiqləyiblər: "Məsələ ilə əlaqədar mayın 31-də videokonfrans formatında iclas keçirilib. İclasda Fəqan Əhmədov barədə cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi barədə Baş prokurorunun təqdimatına baxılıb. İclasda Baş prokurorun birinci müavini Elçin Məmmədov da iştirak edib".

Hakim həyat yoldaşını öldürməkdə suçlanır

Bakının Sabunçu rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov həyat yoldaşı Pərvanə Əhmədovanı qətlə yetirməkdə suçlanır. Hadisə mayın 30-da Ləhiş bağlarında baş verib.

Olayı Baş Prokurorluqdan da təsdiqləyiblər. Qurumun mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, hakimin özünə məxsus ov tüfəngindən həyat yoldaşını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı CM-in 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılacaq.

"Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir", - AzadlıqRadiosuna prokurorluqdan bildirilib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, hakim istintaqa ilkin ifadəsində həyat yoldaşını qəsdən yox, ehtiyatsızlıq nəticəsində öldürdüyünü deyib. Onun sözlərinə görə, silahın içində güllə olduğunu bilməyib.

Əhmədov kimdir?

1976-cı il təvəllüdlü Əhmədov 10 ildir ki, hakimdir. O, 2011-2016-cı illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim işləyib. 2016-cı ildə isə Sabunçu rayon Məhkəməsinə hakim təyin edilib. Hakimlikdən öncə isə o, uzun illər Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin köməkçisi və katibi işləyib.

2015-ci ilin noyabrında Nardaranda ilahiyyatçı Taleh Bağırov və tərəfdarlarının həbsi ilə nəticələnən polis əməliyyatından sonra xeyli yerli sakin də saxlanmışdı. Onların bir çoxu qanunsuz silah saxlama və s. ittihamlarla 5-6 ilə qədər azadlıqdan məhrum edilmişdi. Lakin həmin şəxslər təqsirsiz olduqlarını və barələrindəki hökmlərin ədalətsiz, əsassız olduğunu iddia edirdilər. O hökmlərin bir neçəsində Əhmədovun imzası vardı.

Sözügedən hakimin son vaxtlarda verdiyi qərarlardan biri də AXCP sədrinin həbsdə olan mühafizəçisi Niyaməddin Əhmədovun şikayəti üzrə idi. Əhmədov həbsdə olduğu müddətdə ailə üzvləri ilə telefon danışığı və görüş hüququnun məhdudlaşdırılmasından məhkəməyə şikayət vermişdi. Hakim isə onun şikayətinin geri qaytarılması haqda qərardad çıxarmışdı.

CM-in 120.1 maddəsində 9 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG