Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 20:28

H.Abdullayev: 'Ailəmin torpağını qəsb edib, YAP-a qərargah tikdilər'


H.Abdullayev
H.Abdullayev

Ötən ilin aprelində Türkiyədə saxlanaraq Azərbaycana təhvil verilən keçmiş deputat Hüseyn Abdullayev deyir ki, hakimiyyət ondan 2013-cü ildə yazdığı «Susma» marşının və parlamentdəki tənqidi fikirlərinin qisasını alır. Onun iqtisadi cəhətdən çökdürülməsi də qisas planının tərkib hissəsidir. Bu barədə o, sentyabrın 30-da Bakı Hərbi Məhkəməsində son sözündə danışıb.

Sabiq deputatın sözlərinə görə, ailəsinə məxsus bütün şəxsi torpaq və mülklər zəbt olunub, dağıdılıb: «Buradan bir daha hakimiyyət nümayəndələrinə səslənib deyirəm: bu günə kimi dünya praktikasında görünməmiş, dövlət səviyyəsində törədilən cinayət bir iqtidar partiyasının - YAP-ın mənim ailəmə məxsus, kupçalı torpağı qəsb edib, orada qanunsuz şəkildə özlərinin baş qərargahını tikdirməsidir».

«Niyə onda demirdiniz?»

H.Abdullayev bildirib ki, yarım il davam edən məhkəmə prosesi onun təqsirini yox, təqsirsizliyini sübut elədi: «Rejimin mənə yönəltdiyi bütün ittihamların saxta, uydurma və birbaşa siyasi sifarişli olduğunu ortaya qoydu».

H.Abdullayev deyir ki, onun işini aparan müstəntiq xəstə uşaqların valideynlərini aldadıb, humanitar yardım istəmək adıyla onlardan topladığı imzaları şikayətçilərin imzası kimi təqdim edib, prezidentə ondan şikayət göndərib. Onun fikrincə, istintaq və məhkəmədəki ifadələrin kəskin fərqlənməsi ona qarşı qərəzi və kini göstərir: «Bu cəfəng və zərrə qədər də olsa, cinayət tərkibi daşımayan ittihamlar siyasi sifarişin nəticəsidir. Heç şübhəsiz ki, mövcud hakimiyyətin əsas və çoxdankı məqsədi 2013-cü ildə yazdığım «Susma» marşının, eyni zamanda parlamentdə söylədiyim tənqidi fikirlərimin intiqamını almaq və məni iqtisadi cəhətdən tam müflis etməkdir. Hüseyn Abdullayev 1992-ci ildən 2013-cü ilə qədər Azərbaycanda yaşamırdı? Niyə həmin illərdə mənə cinayətkar, mütəşəkkil dəstə başçısı, vergi qaçaqçısı və kiməsə hədə-qorxu gəlib 3000 manat pul istəyən demirdiniz?».

Almaniya hökumətinə çağırış

H.Abdullayev deyir ki, Türkiyə heç bir məhkəmə qərarı olmadığı, beynəlxalq axtarışa verilmədiyi halda onu tutub Azərbaycana təhvil verib: «İstər Türkiyə, istərsə də Azərbaycan hüquq-mühafizə orqanlarının birgə həyata keçirdikləri bu əməliyyatın adı insan oğurluğudur. Bu, həm də BMT-nin 1951-ci ildə qəbul etdiyi Cenevrə Konvensiyasının pozulmasıdır».

Xəstə atasının hakimiyyətin təzyiqləri nəticəsində vəfat etdiyini, il yarımdır həbsdə ailə üzvləriylə görüş və telefon danışığı hüququnun məhdudlaşdırıldığını deyən sabiq deputat bildirib ki, Azərbaycandan pulları çıxarıb xarici banklarda hesablara yatırması barədə ittihamda yazılanlar yalandır. Əksinə, xaricdə qazandığı pullardan Azərbaycana göndərib.

H.Abdullayev 2013-cü ildə siyasi sığınacaq aldığı Almaniya hökumətiylə bağlı gözləntilərini də dilə gətirib: «Mən inanıram ki, Almaniya hökuməti və Almaniya Bundestaqının deputatları mənim taleyimə biganə qalmayacaq. Mənə qarşı yönəlmiş qanunsuzluqlarla bağlı öz fikrini bildirəcək, mənim yenidən Almaniyaya qaytarılmağım üçün zəruri addımlarını atacaq».

H.Abdullayev son sözünü özünün yazdığı «Şər qəfəsi» adlı şeirlə bitirib.

Hakimlər hökm çıxarmaq üçün müşavirəyə gedib.

Xatırlatma

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanaraq Azərbaycana təhvil verilib.

İttihamda yazılıb ki, müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb. 2006-cı ildən H.Abdullayevin nəzarətində olan «Araz-İnşaat» ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyi üzə çıxarılıb. Təqsirləndirilən şəxslərdən N.Babayev sabiq deputatla əlbir olub səhmdarları aldatmaqda ittiham edilir. H.Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb.

Anası isə CM-in 318-ci (sərhədi qanunsuz keçmə) maddəsi ilə təqsirləndirilir. Z.Abdullayeva həbsdə deyil, onun barəsində ev dustaqlığı-qətimkan tədbiri seçilib. Onun bacısının pasportu ilə ölkədən qanunsuz çıxmasına yardım etməkdə suçlanan keçmiş sərhədçilər - Həbib İbrahimov, Zaur Quliyev və Pərviz Kazımov əvvəlcə həbs olunsalar da, aprelin 2-də məhkəmənin hazırlıq iclasında ev dustaqlığına buraxılıblar.

H.Abdullayev məhkəmənin hazırlıq iclasında ِözünü təqsirli bilmədiyini, siyasi motivlərlə həbs olunduğunu bildirib.

2007-ci il martın 16-da hِökumətin Milli Məclisdə hesabatı zamanı deputat Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında fiziki qarşıdurma baş verib, hər iki deputat əlbəyaxa olmuşdu. Bundan sonra Abdullayevin mandatı əlindən alınıb, daha sonra isə o, həbs olunmuşdu. Lakin elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

2013-cü ildə H.Abdullayevin «Susma» adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu bildirilirdi.

XS
SM
MD
LG