Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 12:25

Gürcüstanda seçkini hakim partiya udur


Gürcü Arzusu qələbəsini qeyd edir
Gürcü Arzusu qələbəsini qeyd edir

Bu seçki Gürcü Arzusu partiyasının idarəçiliyi üzrə referendum hesab olunurdu. Hakim partiya sınaqdan keçmiş hesab olunur

Gürcüstanın hakim partiyası bələdiyyə seçkilərində qələbə çalıb. Kənar müşahidəçilər seçkinin yaxşı təşkil olunduğunu, ancaq pozuntularla keçdiyini deyirlər.

2 oktyabr seçkisi yüksək qütbləşmiş mühitdə keçirilib. Bu seçki Gürcü Arzusu partiyasının idarəçiliyi üzrə referendum hesab olunurdu. Hakim partiya sınaqdan keçmiş hesab olunur. Əks halda müxalifətlə çoxdankı siyasi böhranın həllindən ötrü erkən parlament seçkisi keçiriləcəkdi.

İkinci tur olacaq

3 min 700-dən çox seçki məntəqəsi üzrə nəticələr hesablanıb və Gürcü Arzusu-nun 46.7 faiz səs yığdığı açıqlanıb. Əsas müxalifət partiyası olan Birləşmiş Milli Hərəkat (BMH) isə 30.7 faiz səs yığıb. Seçkiyə 48 partiya qatılmışdı. Gürcüstan Üçün partiyası 7.8 faizlə üçüncü yerdədir.

Tbilisi, Batumi, Kutaisi, Poti və Rustavidə mer seçkilərində isə heç bir namizəd qəti qələbə çalmayıb, seçkinin ikinci turu keçiriləcək.

Müxalifət və kənar müşahidəçilər seçkidə saysız pozuntu olduğunu iddia edirlər. Keçmiş prezident, BMH-nın qurucusu Mixeil Saakaşvili Ukraynadan mühacirətdən qayıdan kimi həbs olunub.

ATƏT-in rəyi

ATƏT/DTİHB seçkilərin “ümumilikdə yaxşı, ancaq uzanan siyasi böhran və sərtləşən qütbləşmə fonunda keçirildiyini” bəyan edib.

Qurum namizədlərin “rəqabətli mühitdə azad kampaniya apara bildiyini”, proseslə bağlı “genişmiqyaslı və davamlı qorxutma, seçicilərin satın alınması, namizədlərə və seçicilərə təzyiq iddiaları” olduğunu bildirib.

ABŞ-ın Tbilisidəki səfirliyi Gürcüstan xalqını seçici fəallığının yüksək olması münasibətilə təbrik edib, yerli məsələlərə diqqət ayrılmamasını “itirilmiş fürsət” adlandırıb.

Saakaşvili həbsə göndərilib

2004-2013-cü illərdə prezident olmuş 53 yaşlı Saakaşvili altı illik həbs cəzasını çəkməyə göndərilib. O, prezident vəzifəsində ikən hakimiyyətdən sui-istifadədə və parlamentin müxalif üzvünün döyülməsilə bağlı dəlili ört-basdır etmək cəhdində təqsirli bilinib. Saakaşvili özü ittihamları siyasi motivli sayır.

Baş nazir İrakli Qaribaşvili deyib ki, Saakaşvili altı aylıq həbs cəzasını çəkəndən sonra Ukraynaya qayıda biləcək.

Saakaşvili Ukraynada Odessa regionunun qubernatoru, daha sonra hökumətdə bir neçə aparıcı postda olub.

Ukrayna Prezidenti Volodimir Zelenski Saakaşvilinin qaytarılması üçün şəxsən çalışdığını deyib.

XS
SM
MD
LG