Bu gün, sentyabrın 20-si axşam saatlarında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı bu postdan istefa verdiyini açıqlayıb.
O vurğulayıb ki, onunla bağlı yaranmış vəziyyəti bəhanə edərək ACXP-yə hücum edilir:
“Hər zaman AXCP və onun lideri Əli Kərimli mənim üçün siyasi fəaliyyətimin mənası olub. Ona görə də nə liderimə, nə də ki, AXCP-yə bir ziyan dəyməməsi üçün hər zaman hər cür fədakarlığa hazır olmuşam. Barəmdə deyilən ittihamlar təhrif olunub və mən həbs olunmazdan 4- 5 il öncə konfliktli situasiya zəminində qısamüddətli ailədaxili münaqişə yaşamışam. Bu baş verənlərə görə də peşmanam. Bu zaman yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb və Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub”.
Fuad Qəhrəmanlının sözlərinə görə, ancaq bundan sonra Zümrüd Yağmurla 5 illik birgə həyat sürməklə, əslində o dönəmin yaralarını sarıyıblar:
“Selcanın statusunda qeyd etdiyi fikirlərlə bağlı polemikaya girməyi mənəvi baxımdan özümə uyğun görmədiyimdən, gerçək motivləri də aydınlaşıdırmağı doğru saymıram.”
Fuad Qəhrəmanlı sonda da qeyd edib:
“AXCP-nin nüfuzunu və ona qara yaxmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını almağı əsas ğötürərək, AXCP sədrinin müavini postundan istefa verirəm”.
'İstəmirəm uşaqla burda polemika açım, doğru olmaz'
Bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, bir neçə ay əvvəl prezidentin əfv sərəncamı ilə azadlığa çıxan Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun atasından imtina etdiyi xəbər verilmişdi.
O, Facebook sosial şəbəkəsində hətta atasının soyadını daşımaq istəmədiyini vurğulayıb. Gənc xanım sosial şəbəkələrdə özünü Qəhrəmanlı kimi yox, yazıçı olan anası Zümrüd Yağmurun ləqəbi ilə Selcan Yağmur kimi təqdim edir.
18-yaşlı qız «2009-dan bəri tükürpərdən bir durumun içindəyik», «hər gün şiddət, qan, təhdidlər, sınan sümüklər...» yazmaqla evdəki durumu təsvir edir.
Gənc xanım sentyabrın 19-da Facebook sosial şəbəkəsində atasının ondan boşanmaq istəyən anasına və onlara qarşı zorakı münasibətindən yazıb: «...ana müxalifət partiyasının sədr müavini, tribunalarda insan haqlarından danışan, hətta qadın haqları mövzusunda belə aman verməyən Fuad Qəhrəmanlının da evində qızının dizini, arvadının barmaqlarını sındırmış, şiddətin də xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək, mənə elə gəlir ki, sosial borcdur, mənim şəxsi ailəvi problemim yox».
Selcan atasının cəbhədaşlarının anasına ağıllı qadın olmaqla, susub siyasi prosesi düşünüb, boşanaraq Qəhrəmanlının reputasiyasını korlamamaqla bağlı məsləhətlər verdiklərini, AXC sədri Əli Kərimlinin anasına «onsuz da 40 yaşından sonra boşanıb nə edəcəksiniz ki» deyə tövsiyə verdiyini iddia edir.
Zümrüd Yağmur: «Əskik danışıb ki, artıq danışmayıb»
F.Qəhrəmanlı ilkin olaraq qızının profilinin oğurlandığını söyləsə də, sonradan sosial şəbəkədə bunların emosional təsir altında yazıldığını, dramatikləşdirildiyini bildirib.
Amma həyat yoldaşı Zümrüd Yağmur AzadlıqRadiosuna qızının yazdıqlarının doğru olduğunu söyləyib. Bununla belə, o, qızlarını hücumlardan, əsəb və stressdən qorumaq naminə müsahibə vermək istəmədiyini, yaxın günlərdə açıqlama yayacağını vurğulayıb. O, illər öncə boşanmaq haqda qərarını gerçəkləşdirməməsinə təəssüfləndiyini də gizlətməyib.
«Selcana münasibətimdə dəyişiklik yoxdur»
F.Qəhrəmanlı isə AzadlıqRadiosuna qısa müsahibədə bunları deyib:
- Birinci mən profilin ələ keçirildiyini bildirdim. Çünki gözləmirdik. Selcanın belə bir şey yazması tərəfimizdən gözlənilməz oldu. Sonradan aydınlaşdı ki, Selcan özü yazıb. Bu, emosional bir gərginlik şəraitində verilmiş reaksiyadır. Məsələ, əslində, qətiyyən bu şəkildə deyil və hər hansı zorakılıqdan söhbət gedə bilməz. Sadəcə olaraq, mən Selcanın qadın hüquqları ilə bağlı bir tədbir haqda yazdığı rəyini silməsini istəmişdim. Görünür, o da gərginləşib bu cür reaksiya verir. Onunla mənim aramda bəzi məsələlərlə bağlı kəskin fikir ayrılığı yaranmışdı. O, ifrat feminist baxışlara sahibdir. Ona görə belə reaksiya verdi. Bu məni çox təəssüfləndirdi. Ancaq tərəfimdən Selcana münasibətdə hər hansı dəyişiklikdən söhbət gedə bilməz. Ümid edirəm ki, məsələlər yaxın günlərdə yoluna düşəcək. Bundan Xalq Cəbhəsini, demokratik düşərgəni, yaxud məni nüfuzdan salmaq üçün istifadə etmək yolverilməz hərəkətdir, siyasi əxlaqsızlıqdır, sadəcə, ləyaqətsiz davranışdır. Selcana münasibətimdə dəyişiklik yoxdur. Yaxın vaxtlarda hər şey axarına düşəcək.
- Bir məqama aydınlıq gətirmənizi istəyirəm. Siz statusunuzda da yazmışdınız ki, Selcan qadın hüquqları ilə bağlı nəsə yazıb və Siz bunu silməsini istəmisiniz. Siz qadın hüquqlarını müdafiə etmirsinizmi, ya da Siz deyin, bu məsələdə fikir ayrılığınız nədədir?
- Bizim partiyanın bir təmsilçisinin qadın hüquqları ilə bağlı tədbirdə iştirakına Selcan ironik rəy bildirmişdi, yəni həmin şəxs hara, qadın hüquqları hara? Mən istədim ki, həmin rəyi silsin. Ondan sonra Selcanın verdiyi reaksiya belə oldu.
- Fuad bəy, övladınız Sizə şər atası deyil hər halda. O yazır ki, Siz anasının barmaqlarını, övladınızın diz qapağını qırmısınız.
- Tam məsuliyyətlə deyirəm, bunların heç biri gerçəkliyi əks etdirmir. Sadəcə, emosional reaksiyadır. İstəmirəm uşaqla burda polemika açım, doğru olmaz.
- Son hadisələrdən sonra Sizin partiyadan istefa vermənizi istəyənlər var, hətta hesab edirlər ki, sözdə demokratiyadan, azadlıqlardan danışan AXCP evdə-ailədə bu dəyərlərin tapdanmasına göz yumur, ailədə zorakılığı dəstəkləyir.
- Aydındır... Bu şounun, təbliğatın arxasında duran niyyət odur ki, siyasətçi kimi mənim fəaliyyətimi pozsunlar, siyasətçi kimi mənə, Xalq Cəbhəsinə zərər vursunlar. Məqsəd budur. Bir uşağın emosional reaksiyasından istifadə edənlərə deyirəm ki, arzuları gözlərində qalacaq.
- O biri övladınızla, Zümrüd xanımla baş verənləri müzakirə edirsinizmi?
- Edirik. Mən öz adımdan açıqlama da verdim. Facebook-da var, gərəkən açıqlamaları vermişəm.
- Siz o açıqlamada kimlərinsə gündəmi dəyişərək, diqqəti mitinqdən yayındırmaq olduğunu yazmısınız, yəni övladınız, bütünlükdə ailəniz üçün ağır məqamda belə, ailənizi yox, AXCP-ni düşünürsünüz? Qəribə deyilmi bu?
- Qətiyyən elə deyil. Mən baş verənə adekvat münasibət bildirmişəm. Nəyi ifadə etmək mümkündürsə onu dedim. Həm də bu məsələyə münasibət bildirənlərdən söhbət gedir. Bu məsələ gündəmə gələndən sonra mənim hadisənin mahiyyəti haqda yazdığım statusa 1000-dən artıq dəstək gəlib, yüzlərlə həmrəylik şərhi yazılıb. Yəni bu azlığın apardığı əks-təbliğatı idi, cəmiyyət bu məsələdə bizim mövqeyi dəstəklədi.
- Siz boşanacaqsınızmı? Artıq məhkəməyə müraciət edildiyi deyilir.
- Belə şey yoxdur.
- Doğrudurmu ki, Əli Kərimli Zümrüd Yağmurla bu haqda söhbət edib və hətta «40-dan sonra boşanıb nə edəcəksən» deyib.
- Cəfəngiyatdır. Burda o qədər cəfəng fikir yayılıb ki, hamısına münasibət bildirəsi deyiləm ki. Nə əsaslı fikirdirsə ona münasibət bildirdim. Bundan artığına ehtiyac yoxdur.
Əli Kərimli: «Kaş ki, bunlar olmayaydı»
AXCP sədri Əli Kərimli Facebook-da yaydığı bəyanatda F.Qəhrəmanlının ailəsində yaşananlardan məyus olduğunu bildirir: «Kaş ki, bunlar olmayaydı. İndi həqiqətlə yalan qarışıb bir-birinə, emosiyalar gərgindir. Baş verənlərdən səmimi şəkildə nəticə çıxarmaq istəyənlər də, yaranmış vəziyyəti özü üçün fürsət bilənlər də var».
O, F.Qəhrəmanlının ailəsində münaqişənin 4-5 il bundan qabaq baş verdiyini və o zaman onlara qarşılıqlı hörmət və güzəştlə münasibətləri yoluna qoymağı, mümkün olmayacağı təqdirdə sivil qaydada ayrılmağın son seçim olduğunu dediyini bildirir: «Fuad Qəhrəmanlının ailəsində baş verənləri şərh edən zaman onu da nəzərə alın ki, Fuad bəy və Zümrüd xanım bugün də birlikdədirlər, bir ailədirlər».
AXCP sədri zorakılığa qarşı olduğunu, «Hamının evində olur» arqumentini qəbul etmədiyini vurğulayır. O, AXCP-nin ailə-məişət münasibətlərini tənzimləmək üçün yaranmadığını, amma partiya üçün ailə dəyərlərinin çox önəmli olduğunu qeyd edir.
Ə.Kərimli həmçinin, sədr müavininin ailəsində baş verənlərdən siyasi rəqiblərin AXCP-yə zərbə vurmaq üçün istifadə etdiyini yazır.
«İstefa versin!»... «Ailədaxili məsələdir»...
Bu olanlar sosial mediada qızğın müzakirələrə yol açıb. Cəbhədaşları F.Qəhrəmanlını dəstəkləyir, ailədaxili məsələnin ictimailəşdirilməsini doğru saymırlar. AXCP sədrinin müşaviri Məmməd İbrahim belələrindəndir: «Mən Fuad bəyi müdafiə edirəm. Ona görə yox ki, ailəsinə qarşı zor işlədib. Birincisi ona görə müdafiə edirəm ki, bu, ailədaxili söz-söhbətdir və hər ailədə olur, ancaq burada məsələ çox şişirdilib. İkinci ona görə müdafiə edirəm ki, Fuada qarşı bu fürsətdən yararlanıb hücuma keçənlərin 90 faizi tülkü kimi marıqda yatan fürsətçilərdir. Onları heç, yeri gəlsə, qadına qarşı şiddət maraqlandırmır, sadəcə burda hədəf AXCP sədrinin müavinidir, şüvənlikləri, üst-başlarını cırmaqları ancaq ona görədir».
Bir sıra gənclər, siyasi fəallar F.Qəhrəmanlının AXCP-dən istefa verməsini tələbini gündəmə gətiriblər. Eyni zamanda, Z.Yağmuru özünə balalarına qarşı zorakılığa boyun əyməkdə, məsələni vaxtında ictimailəşdirmədiyinə görə qınayanlar da çoxdur. Jurnalist Kamran Mahmudov yazır: «Hər bir halda bunları yazmaq böyük cəsarət tələb edir. Mən Selcanın cəsarətini alqışlayıram. Hətta Selcan bu hərəkəti ilə sübut etdi ki, o, Zümrüd xanımdan da cəsarətlidir».
Gənc fəal İlkin Rüstəmzadə hesab edir ki, ailədə şiddət qəbuledilməzdir, qınanmalıdır: «Bunu edən dostlarımız və ya yaxınlarımız olsa belə. Əsrlərdir, bu kökdə yaşamağın zibilidir ki, ölkədə mütləq əksəriyyət travmalıdır. Bu cür travmalı ola-ola, biz ancaq İran qura bilərik».
Ümid Partiyasının sədri İqbal Ağazadə də Facebook-da yazılanlardan sarsıldığını dilə gətirir. Onun qənaətincə, qadına qarşı zorakılıq orta əsr təfəkküründən uzaqlaşa bilməməyin göstəricisidir: «Təşkilat sədrinin müavini haqqında bu fikir deyilirsə və bu zorakılıq üzvlərlə müzakirə olunubsa, təşkilat günahkardır. Çünki ideallar və dəyərlər uğrunda mübarizə apardığını bəyan edən bir təşkilat bu halı ört- basdır etməməli, ən yüksək vəzifə tutan üzvünün bu hərəkətinə göz yummamalı idi. Edibsə, ideallarına, mübarizəsinə, yoluna və dəyərlərinə xəyanət edib. Əgər üzvü olan bir xanımı öz ailəsində belə şiddətdən qoruya bilmirsə, cəmiyyətə bəyan etdikləri sadəcə bir hekayədir».