Bakıdakı restoranlardan birinin qarşısında Türkiyə bayrağını saxlayan ipi kəsən ictimai fəal Fuad İsmayılov fevralın 7-də axşam saatlarında yenidən məhkəmə önünə çıxarılıb. Bakı Apellyasiya Məhkəməsində onun 30 günlük inzibati həbs qərarından verilmiş şikayətə baxılıb.
Etirazın səbəbi
37-yaşlı İsmayılov məhkəmədə deyib ki, istər saxlanılanda, istərsə də sonradan polis bölməsində onu elə döyüblər ki, zərbələrdən qulağının pərdəsi cırılıb. Hazırda həm üzündə, həm də bədənində xəsarət izləri var. İctimai fəal onun işinə baxan hakim Kamran Əkbərovdan işgəncəyə məruz qalması faktının tanınması və bu məqsədlə ekspertiza təyin edilməsini istəyib. Amma vəsatəti təmin olunmayıb.
O, Türkiyə bayrağını saxlayan ipi kəsməsinin səbəbini də məhkəmədə izah edib.
"Təəssüf ki, Türkiyənin bayrağı Azərbaycan bayrağı ilə yanaşı Bakının Suraxanı, Nizami və rayonlarında çox yerlərdə, o cümlədən əxlaqsızlıq yuvalarının qarşısında da asılıb. Bununla əlaqədar dəfələrlə polis orqanlarına müraciət etmişəm. Lakin buna heç bir reaksiya verilməyib", – İsmayılovun sözləridir.
"Heç onların polis olduğunu bilməmişəm"
İctimai fəal vurğulayıb ki, Türkiyə bayrağını saxlayan ipi kəsməsi hüquq-mühafizə orqanlarının reaksiyasızlığına etirazdır. Türkiyəni Azərbaycan qədər sevdiyini deyən İsmayılov əlavə edib ki, heç vaxt bu ölkənin bayrağına hörmətsizlik etmək niyyəti olmayıb.
O, polislərə müqavimət göstərməsi, onların qanuni tələbinə tabe olmaması haqda protokolda yazılanların da əsassız olduğunu bildirib. Dediyinə görə, onu saxlayarkən polislər formada yox, mülki geyimdə olublar, özlərini təqdim etməyiblər: "Heç mən onların polis olduğunu bilməmişəm".
Hakim Kamran Əkbərov apellyasiya şikayətini təmin etməyib. Nizami Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı qüvvədə saxlanıb. Həmin qərara əsasən, İsmayılova İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə 30 gün inzibati həbs cəzası verilib.
DİN təkzib edir
İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri Fikrət Cəfərli də 25-ci polis bölməsində Fuad İsmayılovla görüşəndən sonra mediaya açıqlamasında bildirmişdi ki, ictimai fəal fiziki təzyiqlərə məruz qalmasından şikayətlənib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev isə İsmayılovun polis bölməsində təzyiqə məruz qalması haqda iddiaların əsassız olduğunu bildirib.
Fuad İsmayılov bundan öncə də bir neçə dəfə inzibati qaydada həbs edilib. Onun ilk həbsi 2020-ci ilin fevralında parlament seçkilərinin ardınca Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısındakı divara "Fu Məzi" yazmasından sonraya təsadüf etmişdi.