Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 10:20

ABŞ Qarabağ münaqişəsinin həlli üçün nə edə bilər


İ.Əliyev və C.Bayden. 2016
İ.Əliyev və C.Bayden. 2016

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker iyunun 8-də Azərbaycanda səfərdə olarkən bildirib ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında münaqişənin həllinin axtarışında iştirak etmək niyyətindədir. O deyib ki, Birləşmiş Ştatlar tərəfləri ATƏT-in Minsk qrupunun himayəsi altında mümkün qədər tez və obyektiv danışıqlara başlamağa çağırır. F.Riker həmçinin, ABŞ-ın sərhədlərin demarkasiyasına yardım göstərməyə hazır olduğunu da vurğulayıb.

Mayın 14-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov da Rusiyanın Azərbaycanla Ermənistan arasında demarkasiyaya kömək etməyə hazır olduğunu deyib.

Bakıda bəzi siyasi şərhçilər düşünür ki, Azərbaycanla Ermənistan arasında gedən proseslər Rusiyanın inhisarında olduğundan digər ölkələrin bu prosesə qoşulması mümkünsüzdür.

Bu yanaşma doğrudurmu? Ümumiyyətlə, ABŞ ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin həlli ilə bağlı nə təklif edə bilər? AzadlıqRadiosu bu suallara cavab axtarıb.

A.Mollazadə
A.Mollazadə

"ABŞ bu istiqamətdə kömək edə bilirsə, olsun"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Azərbaycanla Ermənistan arasında münasibətlərin formalaşdırılmasının kiminsə inhisarında ola biləcəyinə inanmadığını bildirib: "Üçtərəfli sazişin nəticəsində Rusiya sülhməramlıları bölgədədir. Lakin bu, Azərbaycanın və Ermənistanın razılığı ilə mümkün olub".

Komitə üzvü Birləşmiş Ştatların təklifində müsbət məqamlar gördüyünü söyləyib: "Hazırda sərhədlərin müəyyələşdirilməsində GPS geolokasiya sistemindən istifadə olunur və bu, Amerika sistemidir. Xəritələr hazırlanarkən Birləşmiş Ştatlara məxsus müasir texnologiyalar vasitəsilə sərhədlərin dəqiq nöqtələrini müəyyənləşdirmək olar. Burada söhbət köhnə sovet xəritələrindən gedir və ABŞ bu istiqamətdə kömək edə bilirsə, olsun".

Paşinyanın sərhədlə bağlı təklifini Azərbaycan və ABŞ-da ekspertləri dəyərləndirir
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

Deputat Azərbaycanın mövqeyinin birmənalı olduğunu deyib: "Sülh prosesinə kimsə töhfə verə bilərsə, biz bu məsələlərə çox normal baxırıq. Kimsə minalardan təmizləmə prosesinə kömək etmək istəyirsə, yüz minlərlə qaçqının öz doğma torpaqlarına tez qayıtması üçün nəsə etmək istəyirsə, biz bu köməkdən imtina etmirik".

"Fransa... bu hüququnu itirib"

Azərbaycan hakimiyyəti kimi, A.Mollazadə də münaqişənin prinsipcə bitdiyini qeyd edib: "BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri uzun illərdir icra olunmurdu, ATƏT-in Minsk qrupunun vasitəçiləri var idi, 30 il ərzində, bir növ, nəticəsiz siyasi turizm mövcud idi. Bu gün isə Azərbaycan öz torpaqlarını azad edib".

Deputat deyib ki, Fransa ATƏT-in Minsk qrupunun bir nümayəndəsi kimi yenidən vasitəçilik etmək istəyirsə, o, bu hüququnu itirib: "O özünü parlament və icra hakimiyyəti nümayəndələrinin bəyanatları ilə tərəf kimi göstərdi. Fransa Ermənistan tərəfindədir və vasitəçilik edə bilməz".

A.Qasımlı
A.Qasımlı

"...bölgə tamamilə Rusiyanın nəzarəti altına keçəcək"

Politoloq Azər Qasımlı isə bildirib ki, Ermənistanda bu yaxınlarda parlament seçkiləri olacaq və Moskva indi Nikol Paşinyanın hakimiyyətdən getməsinə, Koçaryanın qayıtmasına çalışır: "Belə olan təqdirdə bölgə tamamilə Rusiyanın nəzarəti altına keçəcək".

Amma onun fikrincə, 44 günlük Qarabağ savaşından sonra Ermənistan cəmiyyəti və onun siyasi elitası artıq Rusiyadan qopmaq, Qərbə doğru irəliləmək strategiyasını seçib: "Özləri inkar etsələr də, bu, belədir. Rusiya bunu hiss edir və hazırda gedən bütün proseslər bu seçkilər ətrafındadır".

A.Qasımlı hesab edir ki, bu əsnada həm ABŞ, həm Fransa, irəlidə də Avropa Birliyinin digər dövlətləri də prosesə qoşula bilərlər, bu baxımdan, Ermənistana hansısa şəkildə dəstək vermələri mümkündür: "Onlar çalışacaq ki, Ermənistanı Azərbaycandan yox, Rusiyadan qorusunlar".

Ermənistanla Azərbaycan mina məsələsində əməkdaşlıq edə bilərlər?
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

Politoloqa görə, ABŞ Fransa kimi dəstək nümayiş etdirməyəcək: "Onlar çalışacaq ki, Ermənistanı Azərbaycandan yox, Rusiyadan qorusunlar. Hər halda, məqsədləri odur ki, Azərbaycanı da itirməsinlər bu prosesdə".

A.Qasımlı 44 günlük Qarabağ savaşından sonra Rusiyanın bölgəyə müəyyən mənada hakim olduğunu, onun həm Ermənistanda hərbi bazasının olduğunu, həm də artıq Azərbaycan ərazisində sülhməramlı qüvvələr adı altında hərbi kontingentinin yerləşdiyini qeyd edib. Onun qənaətincə, bu da ona Azərbaycana təzyiq etmək şərait yaradır: "Minsk Qrupu hazırda işlək vəziyyətdə deyil. ABŞ isə həmin qrupun həmsədr dövlətlərindən biridir və yenidən proseslərə qoşulmaqla bu formalaşan status-kvonu dəyişmək istəyirlər".

Prezident isə bildirib ki...

Aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun regionda dinc həyatın daha da nizamlanması üzrə öz təkliflərini təqdim etməsini gözləyir: "Ermənistan ilə sülh razılaşmasından danışanda, - əgər Ermənistan bu variantı nəzərdən keçirəcəksə, - burada beynəlxalq faktorlar üçün çoxlu fəaliyyət sahələri yarana bilərdi - demarkasiya, delimitasiya, qarşılıqlı fəaliyyət. Ümidvaram ki, Minsk qrupunun nümayəndələri tezliklə Azərbaycana bir sıra təkliflərlə gələcəklər və biz bu təklifləri diqqətlə öyrənəcəyik".

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı razılaşmada Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG