Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:29

Üstünə 'Ya Hüseyn' yazılmış köynəklərə görə şərləndiyini deyir


Fəqan Məmmədov
Fəqan Məmmədov

Həbsdə olan inanclı fəal Fəqan Məmmədova 7 il həbs cəzası istənilib. Mayın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib. Prokuror iddia edib ki, inanclı fəala qarşı narkotik ittihamı məhkəmədə sübuta yetirilib.

Cinayət işinin materiallarında iddia olunur ki, Məmmədovun üzərindən dörd bükümdə metamfetamin (patı) tapılıb. Ona CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb.

"Niyə saxlandığı yerdə üzərinə baxış keçirilməyib?"

Məmmədov isə narkotik ittihamının saxta olduğunu, Aşura tədbirləri üçün Bakıdan Gəncəyə üstündə "Ya Hüseyn" yazılmış köynəklər apardığına görə şərlənib həbs olunduğunu deyir. Onun sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məruz qaldığı işgəncələrə görə narkotikin ona məxsus olması haqda etiraf ifadəsinə imza atmaq məcburiyyətində qalıb: "Məni üzüstə yerə yıxıb, kürəyimdə oturdular, saatlarla bu vəziyyətdə saxladılar, toka verdilər...".

Məhkəmədə prokurordan sonra çıxış edən vəkil Fariz Namazlı da narkotik ittihamının əsassız olduğunu bildirib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxs haqqında bəraət hökmü çıxarılmasını istəyib: "Niyə Fəqan Məmmədov saxlandığı yerdə üzərinə baxış keçirilməyib?".

"Dedilər ki, biz məhkəmə saymırıq"

İnanclı fəal özü isə bildirib ki, başına gətirilənləri açıq şəkildə məhkəmədə dilə gətirdiyinə görə hədələnir. Onun sözlərinə görə, mayın 28-də Bakı İstintaq Təcridxanasında onu saxlandığı kameradan rəisin kabinetinə aparıblar.

"Məni namazın üstündən apardılar. Orada özünü DTX əməkdaşı kimi təqdim edən şəxs vardı. Məni hədələdi, bildirdi ki, susmasam, ailə üzvlərim, konkret qardaşımı da şərləyib həbs edəcəklər, özümə də ağır cəza verəcəklər. Bildirdim ki, bunu məhkəmədə deyəcəyəm. Cavabında dedilər ki, biz məhkəmə saymırıq", – Məmmədovun sözləridir.

İyunun 3-də keçiriləcək məhkəmədə Məmmədov son sözünü deyəcək, ardınca hökm elan ediləcək. Məmmədova ittiham verilən CM-in 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Azərbaycanda bir sıra fəallar məhz fərqli düşüncələrinə görə narkotik ittihamları ilə şərləndiklərini deyirlər. Amma hakimiyyət təmsilçiləri ölkədə heç kəsin siyasi mövqeyinə, baxışına görə təqib olunmadığını bildirir.

XS
SM
MD
LG