Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:29

'Əxbarnamə'nin yazıldığı ev dağılmaq üzrədir


80-yaşlı Nəzakət Məmmədovanın deməsinə görə, evdən indi də istifadə olunur.
80-yaşlı Nəzakət Məmmədovanın deməsinə görə, evdən indi də istifadə olunur.

Astara rayonunun ərazisində yüzdən çox tarixi abidə qeydə alınıb. Bunlardan biri də IXX əsrdə yaşayan və "Əxbarnamə"nin müəllifi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun Pensər kəndindəki evidir. Ev getdikcə yararsız vəziyyətə düşməkdədir. Çiy kərpicdən olan divarları ovulub yerə tökülür, dirəklərinin bəziləri dəyişdirilib. Ev çoxdandır ki, təmir olunmur.

Ötən əsrin 60-cı illərində buraya gəlin köçmüş 80-yaşlı Nəzakət Məmmədovanın deməsinə görə, evdən indi də istifadə olunur: "İmkanımız aşağıdır, təmir edə bilmirik. Evdən istifadə edirik, burada yaşayırıq".

Ev yararsız dirəklər üstündə qalıb.
Ev yararsız dirəklər üstündə qalıb.

"Hamısı Mirzə Əhmədin nəslindəndir"

O hesab edir ki, evə tarixi ilə bağlı lövhə vurmaq lazımdır: "Burda yaşayanların hamısı Mirzə Əhmədin nəslindəndir. Evdən aparılan tarixi əşyaların bir hissəsi Lənkəran, Astara rayonlarının muzeylərində saxlanılır".

Mirzə Əhmədin nəslindən olan Nərgiz Əhmədova da deyir ki, ulu babaları Qarabağdan olub: "XVII əsrin əvvəllərində Talış xanlığının ərazisinə köçüblər. Mirzə Əhmədin atası Mirzə Xudaverdi uzun müddət Talış xanın baş vəziri olub. Mirzə Əhməd də xanın mirzəsi işləyib. Evin üstündə yazılıb ki, 1835-ci ildə tikilib. Mənim nənəm deyərdi ki, evin tarixi daha keçmişə gedir. O dövrlərdə ədəbi məclislər fəaliyyət göstərib. Ədəbi məclislərdən biri də bu evdə keçirilib".

O əlavə edir ki, evin ağac materialları, əsasən, sağlam qalıb, divarın eni bir metrdir.

Nərgiz Əhmədova
Nərgiz Əhmədova

"Evi dəfələrlə yadellilər qarət edib"

N.Əhmədovanın vurğulamasına görə, evi dəfələrlə yadellilər qarət edib: "Buna baxmayaraq çoxlu ev əşyaları qalıb. O dövrdən qalan sandıq, qədim çıraqlar var. Təxminən 50-yə yaxın qədim əşyalar var. Ailəmiz səkkiz nəfərdən ibarətdir. Hamımız bu evdə yaşayırıq. Mədəniyyət işçiləri ildə iki-üç dəfə evə gəlib şəkil çəkirlər, qeydlər aparırlar. Təmir olunsa, evi gələcək nəsillərə ötürə bilərik".

N.Əhmədovanın bacısı Hicran Əhmədova da evi "muzey" adlandırır. O, evin qarşısında atılıb qalmış daşı göstərir: "Həyətdə gördüyünüz əl dəyirmanın daşıdır. Hara əl atırsan, tarixdir".

Mirzə Əhmədin evində saxlanılan əşyaların bir hissəsi
Mirzə Əhmədin evində saxlanılan əşyaların bir hissəsi

Mədəniyyət işçisi, tarixçi Vaqif Əhmədoğlu isə deyir ki, Mirzə Əhməd "Əxbarnamə"ni 1882-1883-cü illərdə fars dilində qələmə alıb: "Əsərdə Talış xanlığının tarixində baş verən bir sıra dramatik hadisələr, Ağa Məhəmməd Şah Qacarın yürüşü əks olunub".

100 illik tarix...

V.Əhmədoğlunun fikrincə "Əxbarnamə" Azərbaycanın ərazisində olmuş Talış xanlığının 100 illik tarixini əhatə edir: "Yaşadığı ev qorunmalı, adı əbədiləşdirilməlidir. Astara rayonunun ərazisində yerli əhəmiyyətli tarixi abidələr çoxdur. Belə abidələrin qorunması diqqətdən kənarda qalır. Rayonda tarixi abidə kimi qeydə alınan 20-dən çox yay istirahət yeri olan Ləm var idi, çoxu dağılıb. Ərçivanda, Pensər kəndində tarixi abidə olan hamamlar sıradan çıxır".

"Əxbarnamə"
"Əxbarnamə"

"Abidələr haqqında qanuna görə..."

Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara rayon üzrə nümayəndəsi Şadoğlan Bayramov da deyir ki, Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun yaşadığı ev yerli əhəmiyyətli tarixi abidədir və onu dövlət qoruyur: "Orada olmuşuq, baxış keçirtmişik. Abidələr haqqında qanuna görə, şəxsi mülkiyyətdə olan abidə mülkiyyətçi tərəfindən təmir olunur. Yerli bələdiyyə, imkanlı şəxslər müvafiq orqanlarla razılaşandan sonra tarixi abidəni təmir edə bilər. Mirzə Əhmədin nəslindən olan həyətin və evin indiki sahibi Nərgiz Əhmədova bir müddət kənd bələdiyyəsinin sədri olub. O da bir iş görə bilməyib".

XS
SM
MD
LG