Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:40

Evi yanmış ailə: 'Yeməyimiz, yatmağımız, çimməyimiz, hamısı çadırdadır'


Hüseynovlar ailəsi
Hüseynovlar ailəsi

"Yaşadığım ev ötən ilin fevralında qısa qapanmadan yandı. Evdən heç nə çıxarda bilmədik. Yanğın vaxtında söndürülmədi. Qışda qaldıq çöldə. O vaxtdan çadırda yaşayırıq", - Astara rayon Miki kənd sakini Möhsün Hüseynov başına gələnləri AzadlıqRadiosuna belə nəql edir. Onun yaşadığı kənd dağlarla, meşələrlə əhatə olunub. Hüseynovların yaşadığı çadır kəndin qurtaracağında, ona məxsus həyətyanı sahədə qurulub.

"Çadırda yaşayıram. Üç uşağım var. Oğlum yaxın illərdə orduda xidmətə gedəcək. Evim yanıb, heç kim şikayətimə baxmır. Astara Rayon İcra Hakimiyyətində olmuşam, məktub da yazmışam. Deyirlər ki, bizim büdcəmizdə o qədər pul yoxdur ki, sənə ev tikək. Özlərinin hər birinin üç-dörd evi var... 500 manat pul verdilər, adambaşına 100 manat. Onu da "daxili imkanlar hesabına" veriblər, hökumət verməyib. Pis gündəyik. Çadırdan su damır. Üstünə də tent çəkmişəm. Yenə əmələ gəlmir...".

M.Hüseynov
M.Hüseynov

"Yer qalmayıb şikayət etməyəm"

O, rəsmi qurumlara yazdığı şikayət məktublarını, aldığı cavabları göstərib deyir ki, hələ heç bir nəticə yoxdur: "Prezident Aparatında, Mehriban xanımın qəbulunda olmuşam. Yer qalmayıb şikayət etməyəm. Baxmırlar. Deyirlər ki, imkan yoxdur".

M.Hüseynov çətin günlərdə bir şeyə sevinir, koronavirus pandemiyasına görə məktəblər bağlıdır. Uşaqlara pal-paltar, ayaqqabı, çanta, dəftər-kitab almağa ehtiyac yoxdur: "Bura elə koronavirusdur da, xəstəlik baş alıb gedir. Dərman da yox. Maska, dərman almaq üçün uzaqda olan Pensər kəndinə gedirik. Avtobus da yox. Yol çəkiblər, ancaq ictimai nəqliyyat yoxdur. Bizə deyirlər: "Çıxmayın çölə". Acından ölək? JEK-də işləyirəm. Birinci ay 250 manat verdilər. İkinci ay onun yarısını kəsdilər. Dördüncü aydır işləyirik, zibilləri təmizləyirik. Pulun verilməsi barədə heç kim danışmır...".

"Yeməyimiz, yatmağımız, çimməyimiz, hamısı çadırdadır"

Həyətdə soba üstündə yemək bişirən Möhsün Hüseynovun həyat yoldaşı İlhamə Hüseynova evin yanmasından sonra üzləşdikləri problemlərdən danışır.

İ.Hüseynova
İ.Hüseynova


O, qışda vəziyyətin daha da ağırlaşdığını, özünün xəstə olduğunu söyləyir. Qışın soyuğunda, yayın istisində çadırda yaşamağın çətinliklərini təsvir edir:


"Mümkün deyil yaşamaq. Bu çadır 20 kvadratdır. Yeməyimiz, yatmağımız, çimməyimiz, hamısı çadırdadır. Gün çıxanda yeməyi həyətdə, yağış olanda çadırda bişirirəm. Tüstü basır çadırı. Bu kənddə qaz yoxdur. Meşə var, amma odun gətirməyə icazə vermirlər. Bura dağ zonasıdır. Qışda burda 1 metr qar yağır. Şaxta, soyuq bizi kəsir. Payızda, qışda palçıq olur. Çəkmə ilə hərəkət etmək lazım gəlir, çəkmə də yoxdur. İş olsa, işləyərik, uşaqlarımızı saxlayarıq, ev tikərik".

"O pula tualet də tikə bilmədik"

Söhbətin bu yerində evin xanımı ağlayır. Söhbətinə azca ara versə də, sonra davam edir: "Şərait yoxdur. Belə getsə, Bakıya köçməli olacağıq. Karantini gözləyirik. Orda iş var, şərait var, ən əsası, yaşamaq olur. Olmasa, Rusiyaya gedərik. Burda ölürük, 500 manat yardımla neyləyək? O pula tualet də tikə bilmədik".

E.Hüseynova hər gün üç uşağı, həyat yoldaşını doydurmaq üçün süfrəyə qoyduğu yeməkdən danışır: "Qaynadılmış kartof, təndir çörəyi, bir də ayran - yeməyimiz budur... Uşaqlar ət istəyirlər, qarpız, yemiş istəyirlər".

Çadır ev
Çadır ev

Gözləri yaşlı qadın əlini işindən çəkmədən - təndirdə çörək bişirə-bişirə söhbətinə davam edir:


"Səkkiz çörək bişirirəm, iki günə güclə çatır. İki-üç aydan bir bir-iki kilo ət ala bilirəm, gücümüz buna çatır. Pulum yoxdur. Ev yandı, hər şey məhv oldu, heç nə qalmadı. Yorğan- döşəyi də qohumlar verib... İşimiz pis deyildi əvvəl. Evimiz yandı, hər şey bitdi. Bu çətin vaxtda dövlətin dayağını da hiss etmirik".

M.Hüseynov rəsmi qurumlara onlarla şikayət məktubu yollayıb. Məktubların hamısı tədbir görülməsi üçün Astara Rayon İcra Hakimiyyətinə göndərilib. Onun dediyinə görə, icra hakimiyyəti, bir qayda olaraq, ona eyni cavabı verir: "Ev inşa etmək üçün vəsait yoxdur, vətəndaş dəymiş ziyanı evini sığorta etdirdiyi təşkilatdan tələb edə bilər".

Rəsmilər nə deyir

Astara Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Xanverdi Şirinov sözügedən məsələ ilə bağlı deyir ki, müvafiq orqanlara məktubla müraciət olunub. Onun sözlərinə görə, rayonda 18 ailə çadırda yaşayır: "Əksəriyyəti sürüşməyə məruz qalmış evlərdir. Evləri dağılmış sakinlərin bir qrupu qohumlarının evlərində yerləşdiriliblər. Şümrüd kəndində bu yaxınlarda güclü sürüşmə baş verdi. Qəzalı evlərdə yaşayanları köçürmüşük yaxınlarının evlərinə. Dediyiniz o adamın işinə də baxarıq...".

İndi yaydır, ailə birtəhər istilərə dözsə də, qarşıdan gələn qışın buzu, soyuğu indidən onları qorxudur.

XS
SM
MD
LG