Dövlət Statistika Komitəsi "Məhrumiyyətlərə və sosial inklüzivliyə dair statistik müayinənin yekunları" hesabatında iqtisadi rayonlarda 2021-ci il üzrə vəziyyəti şərh edib.
Günaşırı ət, toyuq, balıq və yaxud onların vegetarian əvəzi (lobya, mərcimək, noxud) ərzaq məhsulları ilə qidalanmaq imkanı olmayan ailələrin sayının ən yüksək olduğu iqtisadi rayon Dağlıq Şirvan olub – 3 faiz. Bu iqtisadi rayona Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları daxildir.
Evdə istiliyi təmin edə bilməyənlər
Yaşadığı evdə lazım olan istiliyi təmin etmək (yanacağın, qızdırıcının alınması və s.) imkanı olmayan ev təsərrüfatlarının sayının ən yüksək olduğu region Abşeron-Xızı iqtisadi rayonudur – 3.6 faiz. Bu iqtisadi rayona Abşeron və Xızı rayonları, eləcə də Sumqayıt şəhəri daxildir.
Dərman almağa pulu olmayanlar
Həkim tərəfindən təyin edilən dərmanları, tibbi ləvazimatları satın almaq imkanı olmayan ailələrin sayının ən yüksək olduğu region Quba-Xaçmaz iqtisadi rayonudur - 4.6 faiz. Bu iqtisadi rayona Xaçmaz, Quba, Qusar, Şabran və Siyəsən rayonları daxildir.
Zəruri halda yaşadığı evi təcili cari təmir etmək (sanitar qovşağında avadanlığın yenilənməsi, dam örtüyünün, elektrik xəttinin, pəncərənin sınmış şüşələrinin dəyişdirilməsi və s.) imkanı olmayan ev təsərrüfatlarının sayının ən yüksək olduğu region da Quba-Xaçmaz iqtisadi rayonu olub.
Bu bölgədə yaşayanlar borc pul verə bilmir
Gözlənilməyən halda 196 manatlıq xərci borc almadan şəxsi büdcəsindən ödəmək imkanı olmayan ev təsərrüfatlarının sayının ən yüksək olduğu bölgə Şəki-Zaqatala iqtisadi rayonudur – 8 faiz. Bu iqtisadi rayona daxil olan rayonlar Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqataladır.
Tədqiqatda yaxın qohum, dost və tanışlar maddi çətinliklə üzləşdikdə onlara yardım edə bilməyənlər ən çox Mərkəzi Aranda qeydə alınıb – 8.6 faiz. Bu iqtisadi rayona Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları, eləcə də, Mingəçevir şəhəri daxildir.
Evdənkənar istirahət
Mərkəzi Aran həm də ildə azı bir həftə evdən kənarda dincəlmək (qohum və dostların evinə getmək daxil olmaqla) imkanı olmayanların sayının ən yüksək olduğu regiondur – 7.8 faiz.
Özünə hər həftə pul xərcləmək (çay, qəhvə, meyvə şirəsi, dondurma, şokolad almaq, kinoya getmək və s.) imkanı olmayan ev təsərrüfatlarının sayının ən yüksək olduğu region Gəncə-Daşkəsən iqtisadi rayonu olub - 5.6 faiz. Bu iqtisadi rayona Gəncə və Naftalan şəhərləri, eləcə də, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları daxildir.
* Sorğuda bütün ölkədən 10 min 200 ailə iştirak edib.