Ermənistanın Azərbaycanda həbsdə olan iki vətəndaşı - İşxan Sarqsyan və Vladimir Rafaelyana prokuror cəza istəyib. Fevralın 28-də məhkəmədə dövlət ittihamçısı təklif edib ki, Sarqsyan 20, Rafaelyan isə 19 il azadlıqdan məhrum edilsin. Prokuror deyib ki, adları çəkilən Ermənistan vətəndaşlarına qarşı irəli sürülmüş ittihamlar məhkəmədə sübuta yetirilib.
Təqsirləndirilən şəxslərə veriləcək cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini istəyən prokuror çıxışında əlavə edib ki, onlar müddət başa çatandan sonra Azərbaycandan çıxarılmalıdır.
İttihamlar
Prosessual qaydalara görə, məhkəmədə çıxışlar mərhələsində prokurordan sonra təqsirləndirilən şəxslərin vəkillərinin növbəsidir. Vəkillər isə çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər. Onlara martın 7-nə qədər vaxt verilib.
Sarqsyan və Rafaelyanın işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxır, lakin məhkəmə prosesi Bakıda - Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir.
Adları çəkilən Ermənistan vətəndaşlarına terrorçuluq, Azərbaycan sərhədini qanunsuz keçmə, təxribat törətmə, qanunsuz silah-sursat saxlama kimi maddələrlə ittiham irəli sürülüb.
Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslər 2021-ci il mayın 26-dan 27-nə keçən gecə Kəlbəcər istiqamətində sərhədi qanunsuz keçərək Azərbaycan ərazisini minalayıblar. Bu zaman Azərbaycan hərbçiləri onları saxlayıb, üzərilərində olan tank və piyadalar əleyhinə minalar götürülüb.
Özlərini təqsirli bilmirlər
Sarqsyan və Rafaelyan ittihama münasibət bildirərkən özlərini təqsirli bilməyib. Onlar bildirib ki, bütün hərbçilər kimi, onlar da əmr icra edirlər.
Ermənistan tərəfi mayın 27-də yaydığı bəyanatda adları çəkilən vətəndaşlarının Azərbaycan ərazisində saxlandığını təkzib edib. Həmin şəxslərin Azərbaycanla sərhəddə, Ermənistan Silahlı Qüvvələri tərəfindən mühafizə olunan ərazidə mühəndis işləri apararkən girov götürüldüyü bildirilib.
Azərbaycan 2020-ci ildə Ermənistanla 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və ermənilərin olduğu ərazilərə isə Rusiya hərbçiləri yerləşdirilib.