Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:29

Mərkəzi Bankın 27 illik Elman Rüstəmov dövrü başa çatır


Elman Rüstəmov
Elman Rüstəmov

Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilib. Milli Məclisin bu gün, aprelin 12-də keçirilən iclasında "Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında" qərar layihəsi müzakirəyə çıxarılıb. Layihə səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Daha sonra da Taleh Kazımov Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə gətirilib. Bu qərar layihəsi də səsə qoyularaq bir oxunuşda qəbul edilib.

E.Rüstəmov 1995-ci ildən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədridir. O, 1992-ci ilin dekabrından da bu qurumda birinci müavin postunu tutub. Hələlik, təyinata və Milli Məclisin qərarlarına onun münasibətini almaq mümkün olmayıb.

Taleh Kazımov kimdir

38-yaşlı Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilməsi barədə təqdimatı prezident verib. O, buna qədər "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru olub.

R.Quliyev
R.Quliyev

"Daha cavan və perspektivli kadrlar təyin edilir"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, bu məsələyə müsbət baxır: "Komitə iclasında çıxışımda da Elman müəllimə təşəkkürümü bildirdim. O, 30 il ərzində Mərkəzin Banka rəhbərlik edib, Azərbaycanın maliyyə sisteminin stabilləşməsi üçün böyük işlər görüb. İndi isə kadr dəyişikliyi gedir, daha cavan və perspektivli kadrlar təyin edilir".

Deputat deyir ki, komitənin iclasında T.Kazımovun diqqətinə bəzi məsələləri çatdırıb: "Kreditlərlə bağlıdır. Yüksək faizlər biznesin sonrakı inkişafına mane olur. Faizlər aşağı doğru korrektə edilməlidir. Biz inflyasiya ilə mübarizə aparırıq. Yalnız maliyyə vasitələri ilə isə inflyasiya ilə mübarizə aparmaq düzgün deyil. İnflyasiya ilə mübarizə klassik anlamda malların yerli istehsalının yaradılması və genişləndirilməsidir. Bizdə inflyasiya ən çox xaricdə istehsal olunan mallara görədir".

Fermer 13 bankdan 'yox' cavabı alırsa, dövlətin sahibkara dəstəyi necə olur?
Gözlə

No media source currently available

0:00 0:05:21 0:00

"Devalvasiyanın olmayacağını deməyə əsas verir"

R.Quliyevin sözlərinə görə, manatın məzənnəsi Mərkəzi Bankın və digər maliyyə qurumlarının rəhbərliyi ilə bağlı deyil: "Manatın məzənnəsinin inzibati yolla tənzimlənməsi haqqında deyilənlər doğru deyil. Bu, maliyyə-iqtisadi siyasətdir. Yəni məzənnənin korrektəsi birjaya dollar çıxarılanda baş verir. Bizdə bu proses olduqca normal gedir. Hətta bəzi birja əməliyyatlarının sonunda valyutanın 10-15 faizi Neft Fonduna geri qayıdır. Bu da o deməkdir ki, valyutanın o qədər satılmasına ehtiyac yoxdur".

O deyir ki, Azərbaycanın makroiqtisadi göstəriciləri pozitivdir: "Ödəniş balansı, enerjidaşıyıcıların stabil yüksək qiyməti devalvasiyanın olmayacağını deməyə əsas verir".

N.Bəydəmirli
N.Bəydəmirli

"Azərbaycanda idarəetmənin fəlsəfəsi…"

İqtisadçı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan cəmiyyətinə bir vəzifədə uzun müddət işləyənlərin sonra çıxarılması qəribə gəlir: "Azərbaycan ictimaiyyəti buna öyrəşməyib, çünki bir vəzifəni tutan şəxslər gəlib ömür boyu o vəzifədə qalırlar. Azərbaycanda idarəetmənin fəlsəfəsi daha çox şəxsi sədaqətdən, münasibətlərdən asılıdır. Bu baxımından, kiminsə uzun müddət işləyəndən sonra vəzifədən çıxarılması "vurulmaq" kimi dəyərləndirilir".

Onun sözlərinə görə, Mərkəzi Bankın sədri səbəbdən asılı olmayaraq vəzifədən çıxarılırsa, həmin qurumda onun yerinə kadrın yetişdirilməməsi təəssüf doğurur: "Bu, istənilən dövlət qurumuna aiddir. Sirr deyil ki, hər hansı qurumun rəhbəri təyin olunduqdan sonra yaxın bildiyi adamlarla işləyir və əvvəlki komanda dəyişir".

Ekspert bankların ləgvini şübhəli addım adlandırır
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

"Azərbaycanda belə deyil"

İqtisadçı Mərkəzi Bankın müstəqil qərar verən qurum olmadığı qənaətindədir: "2015-ci ildə Mərkəzi Bankın rəhbərliyi əsas olmadan hökumətin təsiri altında devalvasiyalara getdi. (İki devalvasiya ilə manat iki dəfə ucuzlaşdı) Mərkəzi Bank heç vaxt müstəqil pul-kredit siyasəti aparmayıb. Bütün normal ölkələrdə Mərkəzi Bank müstəqil siyasət aparır və istər valyutanın məzənnəsi olsun, istər inflyasiya olsun, hökumət tərəfə "yıxılmır". Ancaq Azərbaycanda bu, belə deyil".

Azərbaycan manatının kursu artıq beş ilə yaxındır dəyişmir. N.Bəydəmirli və başqa müstəqil iqtisadçılar bunu manatın məzənnəsinin inzibati qaydada tənzimlənməsi ilə izah etsələr də, Mərkəzi Bankın rəhbərliyində bu fikri bölüşmürlər. Onlar deyirlər ki, neftin qiymətində yüksəliş və ölkənin iqtisadi durumu manata təzyiqləri azaldıb.

XS
SM
MD
LG