Ötən ilin aprelində təhsil aldığı 162 saylı məktəbin üçüncü mərtəbəsindən özünü atıb intihar edən 14-yaşlı Elina Hacıyevanın ailəsi bu işdə polislərin də əməlinə hüquqi qiymət verilməsini istəyir. Bu barədə Azadlıq Radiosuna Elinanın anası Sevil Hüseynovanın vəkili Sevinc Əliyeva danışıb.
Vəkil deyir ki, polislərlə bağlı məsələnin araşdırılması üçün təxminən ay yarım əvvəl prokurorluğa müraciət ediblər. Fakt üzrə cinayət işi başlanmasını, polislərin çağrılıb dindirilməsini istəyiblər. Amma indiyədək prokurorluqdan cavab ala bilməyiblər: "Müraciətimizə 15 gün ərzində baxıb, cavab verməliydilər. Ya cinayət iş başlamalıydılar, ya da cinayət işi başlanması rədd olunmalıydı. Biz də narazı qalsaq, rədd qərarından məhkəməyə şikayət verə bilərik. Amma heç bir cavab yoxdur".
"Adamı dəhşətə gətirən odur ki..."
S.Əliyeva bildirir ki, Elina özünü atandan sonra onu direktorun otağına gətirib, iki saata yaxın təcili tibbi yardım çağırmayıblar. O zaman otaqdakı çoxsaylı adamlar arasında iki polis əməkdaşı da olub. Amma onlar da hadisə yerinə gələn kimi təcili yardım çağırmayıblar. Həkimə polislərin ora gəlişindən təxminən 20 dəqiqə sonra zəng olunub: "Bizim məqsədimiz çox adamın cəzalandırılması yox, hərtərəfli araşdırma aparılmasıdır. Polislər çağrılıb dindirilsin, bəlkə cavabları olacaq ki, niyə onlar da digərləri kimi direktoru gözləyiblər, dərhal təcili yardım çağırmayıblar. Tutaq ki, məktəbin işçiləri direktordan asılı adamlar olub, polislər ki onun tabeliyində deyil, niyə direktoru gözləyiblər? Adamı dəhşətə gətirən odur ki, uşaq inildəyə-inildəyə qalıb, ətrafına toplaşmış o qədər yetkin adamın heç biri təcili yardım çağırmayıb".
Müdafiəçinin sözlərinə görə, Səbail rayonu, 8-ci polis bölməsinin əməkdaşı və yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorun təcili yardım çağrılmamışdan ən azı 20 dəqiqə öncə hadisə yerində olması iş materiallarıyla sübut olunur: "Ağır vəziyyətdə olan şəxs üçün yardım çağırmaq "Polis haqqında" Qanuna görə polislərin borcudur".
Sözügedən polislər Elinanın ölümüylə bağlı həm istintaqda, həm də məhkəmədə dindirilib. Amma dindirmə zərərçəkmiş tərəfi qane etməyib.
Zərərçəkmiş S.Hüseynova qızının ölümündə həkimlərin də günahı olduğunu düşünür. Hərçənd, istintaq araşdırmalarından sonra prokurorluq yalnız məktəbin direktoru Sevinc Abbasovanın cinayət məsuliyyətinə cəlb olunmasına qərar verdi.
Həkimlər, direktor müavini və məktəbin başqa işçiləri haqqında cinayət işi başlanması rədd olunub. Prokurorluğun bu barədə qərar var. Həmin qərardan zərərçəkmiş məhkəməyə şikayət versə də, təmin olunmayıb. Apellyasiya məhkəməsi də Səbail rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb: "Məhkəmə nəzarəti qaydasında olan şikayətlərlə bağlı qərarlardan Ali Məhkəməyə şikayət nəzərdə tutulmayıb. Ona görə də bu məsələ ilə əlaqədar Avropa Məhkəməsinə şikayət edəcəyik".
Məktəbin keçmiş direktoru haqqındakı hökm də zərərçəkmiş tərəfi qane etmədiyindən bununla əlaqədar Ali Məhkəməyə şikayət olunub. Kassasiya şikayəti icraata götürülsə də, məhkəmə iclası, hələlik, təyin edilməyib.
Xatırlatma
Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyeva ötən il aprelin 4-də özünü üçüncü mərtəbədən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, aprelin 6-da orada vəfat edib.
Hadisə ilə bağlı öncə CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlansa da, sonradan xitam verilib. Məktəbin direktoru Sevinc Abbasova CM-in 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq -ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə məsuliyyətə cəlb olunub. İstintaq və məhkəmə dövründə o, ev dustaqlığında saxlanılıb. Səbail rayon Məhkəməsinin hökmüylə ona 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaqla hərəkət) kəsilib. Bu hökmdən təqsirləndirilən direktor da, Elinanın yaxınları da narazı qalıb. Direktor özünü təqsirli bilmir və bəraət istəyir.
Elinanın anası isə ona verilən cəzanın çox yüngül olduğunu deyir, həbs olunmasını tələb edir. Hər iki tərəf apellyasiya şikayət versə də, Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.