Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 08:32

Borca görə elektriki kəsilən: 'Hansı əsrdə yaşayırıq?'


Elduz Abbasov
Elduz Abbasov

Astara rayonunun Toradi kənd sakini Elduz Abbasov 10 gündən çoxdur ki, evində elektrikin olmadığını deyir. O, evini neft çırağı və şam ilə işıqlandırdığını bildirir:

"Oktyabrın 7-dən işığımı kəsiblər"

"Məni işığa görə cərimələyiblər. Müvafiq orqanlara müraciət etmişəm, şikayətə baxan yoxdur. Bizdə tez-tez işıqlar sönür. Kənddə iki elektrik xətti var. Bizim evə gələn xətdə iki gün işıq olmadı. Başqa bir xətdən, sayğacdan kənar elektrik enerjisi götürmüşəm. Yeganə informasiya aldığımız mənbə televizordur, o da işləmir. Qəzet yox, radio yox. Biz hansı əsrdə yaşayırıq? Oktyabrın 7-dən işığımı kəsiblər".

Onun sözlərinə görə, iqtisadı durumu yaxşı deyil, ailəsində heç kim işləmir. O əlavə edir ki, bu səbəbdən cəriməni birdəfəlik ödəmək imkanı yoxdur:

Sayğac
Sayğac

"Demirəm ödəmirəm, imkanım olan kimi..."

"Birtəhər fərdi təsərrüfatımla dolanıram. Məni 567 manat cərimə ediblər. Allah and olsun, iki ildə sərf etdiyim elektrik enerjisi bu qədər eləmir. Prokurora şikayət etmişəm. İşıq idarəsinin rəisi mənə dedi ki, şikayət etmə, səni cərimə etməyim. Bir ay keçdi, cərimə etdi. Avqust ayında 100 manat ödəmişəm, sonra 30 manat da ödənilib. Cəriməni də hissə-hissə ödəyirdim. Oktyabr ayı gəldi, məndən 150 manat pul istədi. Dedim imkanım yoxdur. Demirəm ödəmirəm, imkanım olan kimi ödəyərəm".

O deyir ki, evdə işıq olmadığına görə məktəbli uşaqları valideynlərin yanında qalır:

"Şam işığında dərs öyrənə bilmirdilər"

"Ailəliyəm, iki uşağım var, məktəblidirlər. Şam, çıraq işığında dərs öyrənə bilmirdilər. Gedib atamın evində qoymuşam. Mən Azərbaycan vətəndaşıyam, mənim də hüquqlarım var. Amma heç kim məni dinləmir. Dinləyənlərin də elektrik şəbəkəsinin müdirinə gücü çatmır. Rayon mərkəzinə gəlmək üçün bir gün vaxt itiririk, 5-10 manat xərc çəkirik".

Toradi kəndi
Toradi kəndi

"Cəriməyə də etirazım yoxdur"

E.Abbasov deyir ki, icra başçısının qəbuluna düşə bilməyib: "Elektriklə bağlı regional idarəyə şikayət etmişəm, gəlib baxıblar. Dedim ki, sayğacdan kənar qoşmuşam, səhv etmişəm. Cəriməyə də etirazım yoxdur. Axı bu işi məhkəmə kəsməyib, şəbəkə bunu edib. Uşağım xəstələnib, ona dərman lazımdır, pul tapa bilmirəm".

E.Abbasov qeyd edir ki, ucqar dağ kəndində yaşadıqlarına görə məmur özbaşınalığından əziyyət çəkirlər: "Belə fikirləşirlər ki, səsimiz heç yana çatmaz. Qonşu Hamoşam və bizim Toradi kəndlərində yeddi nəfəri böyük məbləğdə cərimə ediblər. İki nəfər cəriməni ödəyib. Mən başda olmaqla beş nəfər ödəyə bilmirik. Onların evlərinin işıqlarını kəsiblər. Bizim kənd daxil olmaqla, ətraf kəndlərdə də təbii qaz yoxdur. Evi də odunla qızdırırıq".

Onun deməsinə görə, oduna ildə 150-160 manat pul xərcləyirlər:

"Hökumət hara baxır?"

"Bu dağda böyük məbləğ hesab olunur. Halbuki, meşənin içində yaşayırıq. Qaz yox, işıq yox. Hökumət hara baxır?".

Astara rayon Elektrik Şəbəkəsinin rəisi Namiq Quliyev də E.Abbasovun cərimə olunduğunu təsdiqləyir:

Rəisin cavabı...

"Onların işıqları borca görə dayandırılıb. Kənar xətt işlədib, cərimə olunub. Bir az pul versin bağlayaq. 50-60 manat ödəsin, qalanlarını yavaş-yavaş ödəyər".

Z.Ağayev
Z.Ağayev

Astara şəhər sakini Zabir Ağayev isə hesab edir ki, vətəndaş belə hallarda məhkəməyə müraciət etsə, yaxşı olar: "Cərimə aktlaşdırılmalıdır. 567 manat cərimə əsaslandırılmalıdır. Vətəndaş deyir ki, kənar xətdən iki gün istifadə edib. Ondan əvvəlki günləri sayğacdan pul ödəyibsə, demək, düz deyir. Onda son bir ayda nə qədər ödəyibsə, cərimə də o qədər olmalıdır. Belə deyir ki, 567 manat vətəndaşın istifadə etdiyi iki ilin elektrik enerjisidir. Bəs bu iki ildə elektrik enerjisinə nəzarət edənlər harada idilər?".

"Məhkəmənin qərarı olmadan..."

O həmçinin hesab edir ki, vətəndaşa bildiriş verilməlidir: "Məhkəmənin qərarı olmadan vətəndaşın işığını kəsmək praktikası yalnız bizim ölkədə var. Mən vətəndaşa haqq qazandırmıram. Cərimənin məbləğinin böyük olması şübhə doğurur. Bu, məhkəmənin səlahiyyətində olan məsələdir...".

Toradi kəndi haqqında...

Toradi kəndi dəniz səviyyəsindən 1 min 200 metr hündürlükdə, rayon mərkəzindən 45 kilometr uzaqda yerləşir, mürəkkəb relyefə malikdir. Kəndin 700-dən çox sakini, 140-dən çox təsərrüfatı var. İlk dəfə olaraq bu ərazidə 25 kilometrlik Pensər-Hamoşam-Toradi asfalt yol çəkilib...

XS
SM
MD
LG