Keçmiş baş prokuror və səfir Eldar Həsənovun 10 il azadlıqdan məhrum edilməsi haqda hökmdən onun özü ilə yanaşı, üç övladı və başqa qohumları da apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsində bu şikayətlər üzrə bir aya yaxın məhkəmə prosesi getsə də, nəticə dəyişmədi. Aprelin 5-də hökmün dəyişdirilmədən qüvvədə saxlanması haqda qərar çıxarılıb.
Babadan qalma əmlaklar
Apellyasiya məhkəməsində sabiq səfirin övladları və digər qohumları maraqlı tərəf qismində çıxış edirdi. Çünki Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə müsadirə olunan daşınmaz əmlakların əksəriyyəti onların mülkiyyətində olan əmlaklardır. Şikayətlərində də göstərilib ki, müsadirə olunan əmlakların bir neçəsi alınanda, ümumiyyətlə, Həsənov səfir vəzifəsində deyildi. Onların arasında 1994-cü ildə alınmış, babadan qalma əmlaklar da var.
Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda suçlanır.
Sabiq səfir apellyasiya məhkəməsində də deyib ki, özünü təqsirli bilmir. Onun sözlərinə görə, ittihamlar söz yığınından ibarətdir, onları təsdiqləyən heç bir sübut ortaya qoyulmayıb. Haqqındakı hökmün sifarişlə çıxarıldığını vurğulayan Həsənov onun ləğv olunmasını və ona bəraət verilməsini istəyib.
Müsadirə edilən əmlaklar
Lakin Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası onun dediklərini özünümüdafiə kimi qiymətləndirib. Həsənov və yaxınlarının apellyasiya şikayətləri təmin olunmayıb.
"Çox təəssüf ki, apellyasiya məhkəməsi də bu cür açıq-aşkar əsassız hökmü dəyişmədi, nöqtə-vergülünə toxunmadan qüvvədə saxladı. Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik", – keçmiş səfirin vəkili Cavad Cavadov AzadlıqRadiosuna bildirib.
Müsadirə olunan əmlaklar siyahısında Nardaran qəsəbəsində bağ evi, Abşeron rayonunda təsərrüfat təyinatlı torpaq sahəsi, Bakının Nəsimi və Yasamal rayonlarında mənzillər, Monteneqronun Budva şəhərində mənzil də var.
Xatırlatma
Eldar Həsənov külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulu leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə kimi əməllərdə suçlanır.
1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb. O, DTX-da istintaqı aparılan XİN əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb.
Həsənov özünü təqsirli bilmir, ittihamların əsassız olduğunu deyir. Sabiq səfir iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar siyasi iddiada olması barədə ölkə başçısına yalan məlumat veriblər.