Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:43

Dunya Miyatoviç nazirə bunları yazıb


D.Miyatoviç
D.Miyatoviç

Avropa Şurasının (AŞ) İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç Daxili İşlər naziri Vilayət Eyvazova bu yaxınlarda Bakıda baş vermiş etiraz aksiyaları ilə bağlı məktub ünvanlayıb.

Məktubda Bakının mərkəzində bütün dinc etiraz aksiyalarına icazə verilmədiyi və onların şəhərin kənarına yönləndirildiyi ifadə edilib. Orada həmçinin, aksiya iştirakçılarının saxlanılmasından narahatlıq ifadə olunub.

Komissar qeyd edib ki, bir sıra şəxs aksiyadan qabaq saxlanıb, avtomobil və avtobuslarla Bakıdan yüz kilometrlərlə uzaq məsafədə olan yerlərə aparılıb.

D.Miyatoviç xüsusən etiraz aksiyalarını işıqlandıran jurnalistlərə qarşı sərt rəftardan narahatlığını ifadə edib.

Komissarın sözlərinə görə, dinc aksiya iştirakçıları sanksiyalara məruz qalmamalıdır, hakimiyyət isə nümayişçilərin və jurnalistlərin xəsarət alması hallarını araşdırmalıdır: «Hakimiyyətin tətbiq etdiyi son məhdudiyyətlərin Azərbaycanda dinc toplaşma azadlığına ölçüsüz müdaxilə təşkil etməsindən narahatam… ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və Venesiya Komissiyasının dinc toplaşma azadlığı ilə bağlı Təlimatına əsasən, qabaqcadan məlumatlandırma o zaman tələb olunur ki, bu, dövlətə toplaşma azadlığı və ictimai asayiş üçün şərait yaratmaq imkanı versin. Həmçinin, nümayişlər çərçivəsində fəaliyyət göstərən polis əməkdaşlarının proporsional güc tətbiqi məsələləri üzrə xüsusi hazırlıq keçməsini təmin etmək vacibdir».

V.Eyvazov
V.Eyvazov

Nazirin komissara cavabı

Üstəlik, Daxili İşlər naziri Vilayət Eyvazovun da bu məktuba cavabı açıqlanıb.

Bildirildiyinə görə, nazir isə cavab məktubunda polisin öz vəzifəsini yerinə yetirdiyini yazıb. Onun cavabında qeyd edilib ki, bir qrup şəxs nəqliyyatın hərəkətinin intensiv və əhalinin sıxlığının yüksək olduğu Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında etiraz aksiyasına cəhd edib. Vurğulandığına görə, təşkilatçılar əvvəlcədən polisə dəvət olunub və onlara əməllərinin qanunsuz olduğu bildirilib.

Nazirin qeyd etməsinə görə, buna baxmayaraq, fevralın 16-da 120 nəfər MSK qarşısında yığışıb, vətəndaşların istirahət hüququnu və nəqliyyatın normal hərəkətini pozaraq qanunsuz mitinq keçirməyə cəhd edib:


«Bu ərazidə yaşayan vətəndaşların Daxili İşlər Nazirliyinə (DİN) daxil olan fasiləsiz şikayətlərini nəzərə alaraq, hadisə yerinə polis qüvvələri göndərilib. Qanunsuz aksiyaya son vermək tələblərinə baxmayaraq, təşkilatçılar bu çağırışlara məhəl qoymayıblar».

V.Eyvazovun bildirməsinə görə, bunu nəzərə alaraq, polis aksiyanın «xüsusi aqressivliyi ilə fərqlənən» iştirakçılarını ərazidən uzaqlaşdırıb: «Xüsusi vurğulayırıq ki, saxlanılan və inzibati məsuliyyətə cəlb edilən olmayıb».

Jurnalistlərin zorakılıqla üzləşməsinə gəlincə, nazir təəccüblə qeyd edib ki, jurnalistlərə, ümumiyyətlə, zorakılıq olmayıb, əksinə, bəzi jurnalistlər qəsdən polisin funksiyalarını yerinə yetirməsinə mane olub.

Polis MSK qarşısında aksiyanı belə dağıtdı (Yekun video)
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Daha sonra DİN başçısı iddia edib ki, Azərbaycan hakimiyyəti toplaşma azadlığı haqqında qanun çərçivəsində fəaliyyət göstərir və Azərbaycan qanunvericiliyi bir sıra Avropa ölkələrinin qanunlarından daha liberal, daha humanistdir.

Fevralın 16-da ReAL, Müsavat Partiyaları, D18 təşkilatı və bəzi namizədlər MSK qarşısında aksiya keçirməyə cəhd edib. Amma polis aksiyanın Bakı şəhər rəhbərliyi ilə razılaşdırılmadığını əsas göstərərək onun qarşısını alıb. Bəzi şəxslər saxlanaraq Bakıdan uzaq ərazilərdə sərbəst buraxılıblar.

Bundan bir neçə gün öncə isə polis bəzi namizədlərin MSK qarşısında oturaq aksiyasına imkan verməmişdi. Bəzi aksiya iştirakçıları və jurnalistlərə zorakılıq olduğu vurğulanmışdı. Hərçənd, DİN-dən bu iddiaları yalanlamışdılar.

Hər iki aksiyanın seçki saxtakarlıqlarına etiraz olaraq təşkil edildiyi açıqlanmışdı.

Xatırlama

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK artıq seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlamışdı. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alırdı.

Seçkidən dərhal sonra da ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər daxil olmuşdu. MSK-dan deyilmişdi ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bundan sonra dörd dairədə nəticələr ləğv edilib. MSK təmsilçiləri bəyan edib ki, əksər dairə və məntəqələrin çoxunda seçkilər qanunvericiliyin tələblərinə uyğun keçirilib.

Azərbaycanda parlament seçkiləri, əslində, bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

XS
SM
MD
LG