Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 08:25

Savaş yeni doğulan uşaqların adlarına təsir göstərib


Bu ilin ilk dörd ayı ərzində 40 minə yaxın, ötən ilin eyni dövrüylə müqayisədə təxminən 7 faiz çox uşaq dünyaya gəlib.
Bu ilin ilk dörd ayı ərzində 40 minə yaxın, ötən ilin eyni dövrüylə müqayisədə təxminən 7 faiz çox uşaq dünyaya gəlib.

Doğulanlar sayca artsa da, təbii artım yenə azalıb

Ötən il dünyanın bir çox ölkəsində demoqrafiq göstəricilərdə ciddi dəyişikliklər gözə dəymişdi. Pandemiya Azərbaycanda da doğum və ölüm rəqəmlərinə təsirsiz ötüşməyib. 2020-ci ildə ölkədə 126 min 571 uşaq dünyaya gəlib. Bu göstərici 2019-cu illə müqayisədə 10 faiz azdır. Üstəlik, 2003-cü ildən bəri ən aşağı doğum göstəricisidir. Ötən il yeni doğulan uşaqların sayında azalma gözə çarpsa da, bu ilin mart və aprel aylarından etibarən yeni doğulanların sayında ciddi çoxalma var.

Cədvəl: 2019-2021-ci illərin yanvar-aprel aylarında dünyada doğulan uşaqların sayı

Aylar

2019

2020

2021

Yanvar

12 min 369

11 min 279

10 812

Fevral

11 min 031

11 min 042

10 172

Mart

9 min 002

6 min 369

8 500

Aprel

12 min 339

6 min 059

10 244

Cəmi

44 min 741

34 min 749

39 728

Cədvəldən göründüyü kimi, bu ilin aprelində doğulanların sayı bir il əvvəllə müqayisədə 70 faiz çoxalıb. Amma burası da var ki ötən ilin aprelində doğulanların sayı da 2019-cu ilin eyni dövrüylə müqayisədə iki dəfə azalmışdı. Bütövlükdə bu ilin ilk dörd ayı ərzində 40 minə yaxın, ötən ilin eyni dövrüylə müqayisədə təxminən 7 faiz çox uşaq dünyaya gəlib. 2021-ci ildə doğulanların sayında artım olsa da, təbii artım göstəricisi baxımından 2020-ci ilin göstəriciləri daha yüksəkdir. Bu durum ötən ilin ilk dörd ayı ilə müqayisədə doğum göstəriciləri ilə yanaşı, ölüm göstəricilərinin də yüksəlməsindən qaynaqlanır.

Cədvəl: 2019-2021-ci illərdə yanvar-aprel aylarında ölənlərin sayı

Aylar

2019 (nəfər)

2020

2021

Yanvar

5 min 432

5 min 177

7 min 922

Fevral

4 min 816

5 min 039

5 min 366

Mart

4 min 563

5 min 792

5 min 676

Aprel

5 min 324

4 min 511

7 min 450

Cəmi

20 min 135

20 min 519

26 min 414

Bu ilin ilk dörd ayı ərzində vəfat edənlərin sayı 26 min 414 nəfər olub - əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz daha çox. Ötən il doğumların artmasıyla yanaşı, ölənlərin sayı baxımından da rekord qeydə alınmışdı. 2020-ci ildə Azərbaycanda qeydə alınan ölüm hallarının sayı 2019-cu illə müqayisədə 20 min nəfərə və ya 35 faizə yaxın artaraq 75 min 647 nəfərə çatmışdı. Bu rəqəm təkcə son illərdə və müstəqillik dövründə deyil, bütövlükdə (Statistika Komitəsinin hesabatlarında ölüm göstəricisinin qeyd edilməyə başlandığı 1935-ci ildən bəri) bir il ərzində qeydə alınan ən böyük ölüm sayıdır. Ölüm saylarının yüksəlməsi nəticəsində bu ilin ilk dörd ayında təbii artım 13 min 314 nəfər olub. Halbuki ötən il bu say 14 min 230 nəfər idi. Təbii artım doğulanlar və ölənlər arasındakı fərqi ifadə edir.

Savaşın yeni qoyulan adlara təsiri

Bu il dünyaya gələnlərin sayca artmasıyla yanaşı, onlara qoyulan adlar da diqqət çəkir. Ədliyyə Nazirliyinin adlarla bağlı statistikasından görünür ki, Qarabağdakı 44 günlük savaş Azərbaycanda yeni doğulan uşaqların adlarına da təsirsiz ötüşməyib. Son aylarda dünyaya gələn uşaqlara verilən adlar arasında savaş dönəmində qəhrəmanlaşan və məşhurlaşan şəxslərin adlarına daha çox rast gəlinir. Bunun ən yaxşı örnəklərindən biri "İyul döyüşləri"ndə həlak olan general Polad Həşimovdur. General Həşimov sonradan Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü. 2018-2019-cu illərdə hər il ortalama 54 yeni doğulan uşağa Polad adı verilmişdisə, ötən il bu rəqəm birdən-birə dörd dəfəyə yaxın artıb və 193-ə yüksəlib. 2021-ci ilin ilk üç ayı ərzində isə artıq 87 yeni doğulan uşaq bu adı daşımağa başlayıb.

44 günlük müharibədə həyatını itirən və oxuduğu mahnı ilə sosial şəbəkələrdə məşhurlaşan Xudayar Yusifzadənin də adını daşıyanların sayı çoxalıb. Maraqlıdır ki, 2019-cu ildə Azərbaycanda heç bir yeni doğulan uşağa Xudayar adı verilməmişdi. 2020-ci ildə bu göstərici üçə yüksəlib. Bu ilsə artıq indidən 31 yeni doğulan uşağa Xudayar adı verilib. Azərbaycanın digər bir Milli Qəhrəmanı və müharibə günlərində tez-tez xatırlanan Mübariz İbrahimovun da adını daşıyan uşaqların sayında ciddi artım gözə çarpıb. 2017-2019-cu illərdə hər il ortalama 87 yeni doğulan uşağa Mübariz adı verildiyi halda, ötən il bu rəqəm yarıbayarı artıb və 131 olub.

Ötən il ölümə səbəb xəstəliklər

2020-ci ildə vəfat edən şəxslərin ölüm səbəblərinə görə statistik məlumatlar da açıqlanıb. Pandemiya ilini 2019-cu illə müqayisə etdikdə bəzi xəstəliklər üzrə ciddi dəyişikliklər olduğu üzə çıxır. Məsələn, rəsmi rəqəmlərə görə, 2019-cu ildə cəmi 662 nəfər infeksion və parazit xəstəliklərdən vəfat etmişdisə, ötən il həmin say səkkiz dəfəyə yaxın artaraq 5 min 875 nəfərə yüksəlib. Ciddi artım gözədəyən daha bir xəstəlik qan dövranı sisteminin xəstəlikləri ilə bağlıdır. Bu xəstəlik hər zaman Azərbaycanda ən çox ölüm doğuranlardan olub. 2019-cu ildə 32 min 471 nəfər bu xəstəliyin qurbanı olmuşdusa, ötən il həmin rəqəm 41 min 228-ə yüksəlib. Ancaq bütün vəfat edənlərin içərisində bu xəstəlikdən ölənlərin xüsusi çəkisi də 58 faizdən 55 faizə enib. Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirindən vəfat edənlərin sayında da ciddi artım baş verib. 2019-cu ildə 2 min 789 nəfər bu səbəbdən vəfat etmişdisə, ötən il bu rəqəm 6 min nəfərə yüksəlib. Belə say artımı savaş itkilərindən qaynaqlanır.

XS
SM
MD
LG