Bu həftə Baş Prokurorluq Abşeron Rayon İcra Hakimiyyətinin Baş memarını və icra hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisini rüşvət ittihamı ilə həbs etdi.
Qurumun açıqlamasında bu, korrupsiyaya qarşı mübarizə tədbirləri kimi dəyərləndirilirdi. Hələlik, ittihama onlardan və vəkillərindən münasibət almaq mümkün olmayıb.
Son həftə başqa qurumlarda da bu səviyyədə bir neçə əməliyyatlar keçirilib. Şöbə, idarə rəisləri səviyyəsində tutulanlar var. Onlar da rüşvət və mənimsəmədə günahlandırılırlar. Bir müddət bundan öncə isə keçirilən müxtəlif əməliyyatlarla daha yüksəkvəzifəli şəxslər, bir neçə icra başçısı, nazir müavini həbs edilmişdi.
"Korrupsiya yuxarıdan başlayır"
Təhlükəsizlik məsələləri ilə bağlı ekspert İlham İsmayıl mövzu ilə bağlı AzadlıqRadiosuna bunları deyib: "Korrupsiya yuxarıdan başlayır. Rüşvət isə aşağıdan yuxarıya doğru gedir. Ona görə də elə düşünməyək ki, korrupsiya ilə məşğul olan cinayətkardır, rüşvət alan aşağı səviyyəli məmur cinayətkar deyil".
İ.İsmayıla görə, xırda məmurlar əgər hansısa mənfi əməllərə yol verirsə, belə işləri heç vaxt özbaşına görmürlər: "Bu məsələni həqiqətən araşdırmaq istəyirlərsə, görsünlər ki, o pullar kimə çatır?".
Onun fikrincə, memar son imza sahibi deyil:
"Memardan yuxarı adamlar var ki,..."
"Memardan yuxarı adamlar var ki, ona da qol çəkdirirlər. Ərazi ya satılsın, ya satılmasın, ya tikinti aparılmasına icazə verilsin".
İ.İsmayılın fikrincə, bu məsələlərdə xəttin sonda kimə, haralara çıxdığı araşdırılmalıdır: "O zaman bu həbslər effekt verəcək. Bunu etməyəcəklərsə, kiçik məmurların həbsləri xalqda və cəmiyyətdə bir o qədər də effekt yaratmayacaq".
Məsələ ilə bağlı, hələlik, Abşeron rayon rəhbərliyinin mövqeyini almaq mümkün olmayıb.
Deputat Sabir Rüstəmxanlının sözlərinə görə isə, bir dəfə Xırdalan şəhərinə daxil olmaq kifayət edər ki, orada tikinti sahəsində baş verənləri görəsən.
"Hündürmərtəbəli binalar tikilib, səki üçün yer qoyulmayıb"
"Hündürmərtəbəli binalar tikilib, səki üçün yer qoyulmayıb. Fərdi evlər bir-birinə o qədər yaxın tikilib ki, hətta yanğınsöndürən maşının belə ora girməsi mümkün deyil. Odur ki, baş verənlər tək bir memarın işi ola bilməz", - deputat "Turan" agentliyinə söyləyib.
S.Rüstəmxanlının vurğulamasına görə, bütöv bir sistem var ki, ölkənin iqtisadiyyatına, sənayesinə, mədəniyyətinə rəhbərlik edir: "Gözümüzün qabağında bu sahələrdə əgər əyintilər varsa, bunun məsuliyyətini bunların hamısı yanaşı daşıyır".
Bu fikirlərə, hələlik, Baş Prokurorluq və ölkənin başqa hüquq-mühafizə orqanlarından da münasibət almaq cəhdləri nəticə verməyib. Amma onlar, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə korrupsiya ilə mübarizədə hakim iradə mövcuddur.