Rəsmi açıqlamalara görə, Azərbaycanda son günlər koronavirus infeksiyasına yoluxmada artım var. Halbuki, bu yaxınlara kimi koronavirusdan sağalan insanların sayı virusa yeni yoluxanların sayını üstələyirdi. Buna karantin rejimində əvvəlcə aprelin 27-si, daha sonra da mayın 4-də müəyyən yumşalmalar səbəb ola bilərmi? Yoxsa bunun başqa səbəbi var? Üstəlik, ekspertlər bu virusun təqribən iki həftə orqanizmdə gizli qala biləcəyini vurğulayırlar. Belə olan halda qısa müddətə yumşalmanın belə əks təsirləri ola bilərmi?
Nazirlər Kabineti yanında Operativ qərargahdan bunu yumşalmalar və insanların karantin qaydalarına əməl etməmələri ilə izah ediblər.
Məsələ ilə bağlı "Turan" agentliyinə açıqlama verən Milli Məclisin deputatı Musa Quliyev hesab edir ki, yoluxanların sayının artması iki səbəblə bağlıdır:
"Bu virus spiralvarı inkişaf edir…"
"Birincisi, bu, virusun xüsusiyyətləri ilə bağlıdır. Bu virus spiralvarı inkişaf edir - gah artır, gah azalır. Əslində, dinamikada o qədər də ciddi fərq yoxdur. Əgər üçrəqəmli rəqəmə keçid olsaydı, gündə yüzdən çox adam xəstələnsəydi, çox ciddi narahatlığa əsas olardı. Amma indi bu rəqəm 30-70 arasında dəyişir və digər ölkələrdəki vəziyyəti nəzərə alsaq, bu, 10 milyonluq əhali üçün o qədər də təhlükəli hədd deyil. İkinci səbəb isə karantin rejimin yumşalması və əhalinin məsuliyyətinin bir qədər aşağı düşməsi və biganəliklə bağlıdır".
Deputatın sözlərinə görə, yeni yoluxmaların azalması üçün bir neçə yol var: "Hər kəsi məsuliyyətə çağıran addımlar davam etməlidir. İstər maarifləndirici tədbirlər həyata keçirilməlidir, istərsə də inzibati qaydada nəzarət güclənməlidir, cərimələr olmalıdır. Çünki bu, ümummilli məsələdir. Hesab edirəm ki, bu nəzarət tədbirlər vasitəsilə ayın axırına qədər biz koronavirusu tam nəzarətə götürə biləcəyik".
M.Quliyev koronavirusun Azərbaycanda yayılmasında İranla sərhədin bəzi qonşu ölkələrlə müqayisədə gec bağlanması ilə bağlı fikirlərə də münasibət bildirib: "Belə düşünmürəm. Dünən (mayın 6-da) Operativ qərargahdan Zaur Əliyev (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri) də bu barədə məlumat verdi. Ümumi yoluxanların cəmi 10 faizi xaricdən gəlmədi. Qalanlar isə daxili yoluxma hesabına baş verib. Həm də yoluxanlar təkcə İrandan gəlmədi, Rusiyadan da, başqa Avropa ölkələrindən da gələn oldu".
Deputat ölkədə aparılan koronavirusla mübarizəni müsbət qiymətləndirir:
"Bizdə testi pozitiv çıxmış hər bir şəxs stasionar müalicəyə götürülür"
"Çoxlu testlər aparılır (rəsmi açıqlamaya görə, 169 min 790 test aparılıb). Bir nəfər yoluxubsa, onun ətrafında olan insanları da test edirlər. Onların içərisindən də testin nəticəsi müsbət olan insanlar var ki, çoxu xəstəliyi ayaqüstə keçirir, yaxud da virus daşıyıcısı olaraq xəstəlik simptomu olmadan sağalır. Testlərin müsbət olması o demək deyil ki, onların hamısı ağır xəstələrdir. Sağalmada müsbət dinamika, ölümün az olması onunla bağlıdır ki, profilaktik tədbirlər tez görülüb, geniş şəkildə testlər götürülür və testlər müsbət çıxan hər bir şəxs stasionar müşahidəyə götürülür. Avropa ölkələrin çoxusunda belə deyil. Əgər xəstəliyin əlamətləri yoxdursa və ya azdırsa, xəstələr evdə müalicə alır. Bizdə isə xəstəliyin yayılmasının, ağırlaşmasının qarşısını almaqdan ötrü testi pozitiv çıxmış hər bir şəxs stasionar müalicəyə götürülür".
M.Quliyev qeyd edib ki, ölkə üzrə koronavirusla bağlı rəsmi statistika şəffafdır: "Rəsmi statistikanı şübhə altına götürən şəxslərin əlində əsaslar yoxdur. Necə ola bilər ki, xəstələnən adama desinlər ki, bu, xəstə deyil, yaxud da insan dünyasını dəyişsin, desinlər ki, bu, həyatdadır. Bu, mümkün olası şey deyil, heç kəsə lazım da deyil. Əksinə, bəzi ölkələr artım dinamikanı daha yüksək göstərirlər ki, Ümumdünya Səhiyyə Təşkilatından (UST) və digər donor təşkilatlardan əlavə vəsait alsınlar. Bizim yaxın qonşumuzda bu hal müşahidə olunur. Azərbaycanın buna ehtiyacı yoxdur, çünki Azərbaycan artıq koronavirusla mübarizədə donor kimi çıxış etməyə başlayıb, 10 milyon dollar ÜST-a yardım da göstərib".
Tibbi elmləri doktoru Adil Qeybulla da AzadlıqRadiosuna bildirib ki, son günlərdə müşahidə olunan artım karantinin yumşalmasından sonra insanların davranışına adekvatdır:
"Vətəndaşların əksəriyyəti məsuliyyəti hiss etmirlər"
"Vətəndaşların əksəriyyəti məsuliyyəti hiss etmirlər. Küçədə çoxu maskasız, bir-biri ilə danışa-danışa, heç nə olmamış kimi davranırlar. Təbii ki, bu, çox təhlükəlidir, çünki insanlarda kollektiv immunitet yoxdur. Karantin tədbirlərin yumşaldılması heç də insanların əvvəlki qaydaya qayıtması demək deyil".
A.Qeybulla qeyd edib ki, karantin yumşaldılmasından əvvəl hazırlıq işləri aparılmalı idi:
"Bu, yenidən karantin rejimin sərtləşdirilməsinə gətirib çıxara bilər"
"İşləməyə icazə verilmiş ticarət, iaşə obyektləri üçün əvvəlcədən təlimatlar hazırlanmalı idi. Orada davranış qaydaları, sahəyə uyğun olaraq içəri neçə nəfər buraxıla bilər, insanlar hansı məsafədə olmalıdırlar, içəri daxil olarkən və çıxarkən əllərin dezinfeksiya edilməsi ilə bağlı qaydalar müəyyən edilməli idi. İnsanlar qəti xəbərdar edilməli idi, maska taxmayanlar, məsafə gözləməyənlər cərimə olunmalı idi. İnsanlar evdə qalmaqdan gərginlik keçirir, amma karantinin yumşalması heç nə olmamış kimi davranışa əsas verməməlidir. Çünki bu, artıq xəstəliyin ikinci dalğasına rəvac verə bilər və bütün müsbət dinamika yoxa çıxacaq. Çoxlu yoluxma çoxlu tələfat, xərc deməkdir. Bu, yenidən karantin rejimin sərtləşdirilməsinə gətirib çıxara bilər. İnsanlar bunu düşünməlidirlər".
A.Qeybulla vurğulayıb ki, yoluxmaların sayının yenidən azaldılması üçün iki yol var: "Bizim iki yolumuz qalır: Ya karantin tədbirləri yenidən sərtləşdirilməlidir, ya da karantin rejimini pozan vətəndaşlar cərimələnməlidir. Bu, olmasa, biz çətin vəziyyətdə qalacağıq. Hər halda, yoluxmaların sayı bir müddət artacaq, çünki insanlar indi çöldə bir birini yoluxdura-yoluxdura gedirlər".
"Yumşalmanın belə tez mənfi reaksiya verməsi çox adamda şübhə doğurur"
Bununla belə, A.Qeybulla hesab edir ki, indiki yoluxmaların sayının artımı yalnız karantin yumşaldılması ilə bağlı deyil: "Yumşalma aprelin 27-də başlayıb və yumşalmanın belə tez mənfi reaksiya verməsi çox adamda şübhə doğurur. Əslində, onun yumşaldılmasından əvvəl də insanlar SMS icazəsi olmadan evdən çıxırdı. Bir ara maskaların olmamasına görə cərimə qoyuldu, buna etirazlar oldu və məsələni boş buraxdılar. İnsanlar ev şəraitində görüşlər keçirirdilər. Bütün bunlar yoluxmalara səbəb oldu. Karantinin yumşalması isə daha böyük dalğaya rəvac verir və bunun nəticəsi 7-10 günə ortaya çıxacaq".
Yoluxmaların statistikasına gəlincə, həkim onun dəqiq olub-olmaması ilə bağlı şərh verməkdə çətinlik çəkdiyini söyləyib: "Dəqiq heç nə deyə bilmərəm. Çünki real statistikanı biz bilmirik, onu rəsmi orqanlar qeydiyyata alır. Bütün dünyada rəsmi statistika ilə real statistika arasında fərq var. Real rəqəmlər daha çoxdur. Bu, onunla bağlıdır ki, xəstəlik bir sıra adamlarda əlamətsiz keçir. Amma yoluxmaların sayının artmasını biz müşahidə edirik. Xəstələr müxtəlif klinikalara müraciət edir. Bir ailənin bir neçə üzvünün müraciət etməsi onu göstərir ki, xəstəlik müəyyən kütləviləşməyə meyllənib".
Xatırlatma
2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan artıq 265 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə hazırkı dövrədək 2 min 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 nəfərin vəfat etdiyi bildirilir.
Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. (Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilmir) Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərlər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib, icazə almalıdırlar. Karantin mayın 4-nə, sonra da həmin ayın 31-nə kimi uzadılıb. Bununla belə, əvvəlcə aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən də yumşalma və fəaliyyətinə icazə verilən sahələr genişlənib. Artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin başqa yerlərində yaşayış yerini SMS icazəsi ilə tərk etmək qaydası götürülüb.