Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 12:40

'Dedim ki, iki gün əvvəl prezident Şuşada...'


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada "Xarıbülbül" festivalının açılışında
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada "Xarıbülbül" festivalının açılışında

Azərbaycanda açıq havada maskaların taxılmasının məcburi olması ilə bağlı müzakirələr yenidən artıb.

Bu qərar ötən il noyabrın 21-dən qüvvəyə minib. Həmin ilin martından ölkədə koronavirus pandemiyasi ilə bağlı xüsusi karantindir. Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. İnzibati Xətalar Məcəlləsinə əsasən, karantin rejimində maska taxmaq tələbini pozmağa görə fiziki şəxslər 100 manat cərimə ödəməli olur.

"Qanun şah deyil, şah qanundur"

Amma bu il 12-13 may tarixlərində Şuşada keçirilən "Xarıbülbül" festivalında prezident İlham Əliyevin iştirakçılara maskalarını çıxarmaqla bağlı təklifi sosial şəbəkələr istifadəçiləri arasında birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə bunu "qanun şah deyil, şah qanundur" deyib qiymətləndiriblər.

Jurnalist Elçin Əlixan da bir neçə gün əvvəl cərimələndiyini deyir və bunun haqsız olduğunu hesab edir. O, AzadlıqRadiosuna bildirib ki, bir ildən çoxdur ölkədə davam edən karantinin ən sərt vaxtlarında belə cərimələnməyib: "Sağlamlığa görə həmişə maska taxmışam. Mayın 14-də isə Müşfiqabad qəsəbəsində arxa məhəllələrin birində siqaret çəkəndə yanımda polis maşını dayandı".

"Dedilər, biz tədbir bilmirik, cərimə yazacağıq"

Onun sözlərinə görə, küçədə özündən başqa heç kəs olmayıb, sosial məsafə qaydalarına əməl edib: "Maşından dörd serjant, bir mayor düşüb məni dövrəyə aldılar. Niyə maska taxmadığımı soruşdular. Dedim ki, iki gün əvvəl prezident Şuşada 100-dən çox adamın olduğu tədbirdə insanlara "açıq havada maska taxmayın" buyurdu, naziriniz Vilayət Eyvazov da orada idi. Polislər dedilər, biz tədbir bilmirik, cərimə yazacağıq. Yazdılar da".

"Belə başa düşürəm ki, vəzifəli şəxslər virusa yoluxmur"

E.Əlixan hesab edir ki, bu, tam absurd bir haldır: "Tədbirdə 100-dən çox adam iştirak edir və, demək olar ki, sosial məsafəyə də əməl etmirlər. Mən belə başa düşürəm ki, vəzifəli şəxslər virusa yoluxmur, onlar istədiyi yerdə maskasız gəzə bilərlər. Amma biz, sadə vətəndaşlar bu isti havada nəfəsimiz kəsilə-kəsilə maska taxmalıyıq. Taxmırıqsa, cərimə ödəməliyik".

Jurnalist əlavə edib ki, ölkədə reallıqda virusla mübarizə yoxdur.

F.Ağamalı
F.Ağamalı

"Orada olanların hamısı testdən keçiblər"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə "Turan"a məsələ ilə bağlı bunları bildirib: "Orada iştirak edən jurnalistlər yazıb ki, onlar bir neçə dəfə testdən keçəndən sonra Şuşaya gediblər. Testdən keçmə hər kəs üçün məcburi idi. Testdən keçəndən bir neçə saat sonra virusa yoluxub-yoluxmadığı müəyyənləşir. Orada olanların hamısı testdən keçiblər və sağlam olduğuna görə tədbirdə iştirak ediblər".

Deputatın sözlərinə görə, tədbir iştirakçılarının hamısı vaksinasiyanın hər iki mərhələsini başa vurmuş şəxslərdir. Komitə üzvü habelə vurğulayıb ki, "Xarıbülbül" festivalında maskalardan istifadə edənlər də var idi : "Baxmayaraq ki, onlar sağlam idi. Bu baxımından mən təəssüf edirəm ki, vəziyyəti dərindən təhlil edib onun nədən bu cür olmasını arqumentlə ifadə etməyənlər sosial şəbəkələrdə öz baxış bucağına görə münasibət bildirirlər".

"Hər kəs özünü qorumalıdır"

F.Ağamalı bir daha xalqa müraciət edərək bildirib ki, maskalardan istifadə, sosial məsafəyə və gigiyena qaydalarına əməl etmək vacibdir: "Xüsusi olaraq vaksinasiyadan da keçmək lazımdır. Dünya miqyasında sübut olundu ki, vaksinasiyanı tətbiq edən ölkələrdə yoluxma aşağı düşüb, bəzi ölkələrdə isə tamamilə yox olub. Bunu deyən peşəkar mütəxəssislərin məsləhətlərinə əməl etmək lazımdır, yoxsa sosial şəbəkələrdə kimsə hansısa görüntünü ümumiləşdirir, bir-iki cümlə ilə fikrini yazır və onun ətrafında başlayırlar bu cür subyektiv fikirləri ifadə etməyə. Hər kəs özünü qorumalıdır".

İctimai fəal Bəxtiyar Hacıyev isə AzadlıqRadiosuna bildirib ki, ilk dəfə deyil ki, prezident İ.Əliyev maska ilə bağlı həmin ifadəni işlətdi: "Əvvəlki bir neçə çıxışlarında da o demişdi ki, açıq havadayıqsa, maska taxmaq vacib deyil. Amma prezidentin rəhbərlik etdiyi hökumət və onun Operativ Qərargahının verdiyi qərarı xüsusi həssaslıqla icra edən Daxili İşlər Nazirliyi yayın isti günlərində də hətta sıxlıq olmayan ərazilərdə maskanı taxmamış şəxsləri sərt şəkildə cəzalandırır".

B.Hacıyev
B.Hacıyev

"Bu, ikili standartlardır"

B.Hacıyevin fikrincə, bu, ikili standartlardır: "Ya ölkədə açıq havada heç kəs maskasız gəzməməlidir, ya da əgər ölkə başçısı "açıq havada maska taxmaq vacib deyil" buyurursa, bununla bağlı iki addım atılmalıdır: Ya prezidentin verdiyi o açıqlamaya qarşı Operativ Qərargah bir tədbir görməlidir, ya da ki, onu həqiqət kimi qəbul edib artıq öz qərarını dəyişdirməlidir".

Fəal qeyd edib ki, ikili standartlar yalnız maska məsələsində tətbiq olunmur: "Məsələn, iri məmurların korrupsiyası ilə bağlı sosial şəbəkələrdə araşdırmaçı jurnalistlərin ortaya qoyduqları çoxsaylı videofaktlar, sənədlər var. Onlarla bağlı heç bir addım atılmır. Amma hansısa kənd xəstəxanasında rüşvətlə bağlı şikayət varsa, həkim həbsə atılır. Bütün sahələrdə vəziyyət belədir və qanun yalnız sadə vətəndaşlar üçün tətbiq olunur".

Bu fikirlərə Nazirlər Kabineti yanında Operativ Qərargah və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ümumilikdə 329 min 843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 min 779-nun vəfat etdiyi bildirilib. Ölkədə vaksinasiyaya yanvarın 18- dən başladığı bildirilir. İndiyə qədər 1.8 milyona şəxsin peyvənd olunduğu bildirilir. Onların 760 mindən çoxunun ikinci mərhələdən (vaksinasiya iki dozada vurulur) keçdiyi vurğulanır.

XS
SM
MD
LG