Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin fəalı Zamin Salayev rayonun polis şöbəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. Aprelin 20-də Salyan rayon Məhkəməsində hakim Ağarza Səmədov bu barədə hökm çıxarıb. Hökmə əsasən, Z.Salayev CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinib.
H.Əzizov AXCP fəalına qarşı xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Z.Salayev yanvarda sosial şəbəkələrdə polis əməkdaşıyla aralarındakı söhbətin videosunu paylaşmışdı. Aralarında Salyan sakini olan bir xanıma qarşı təcavüzdən söhbət gedirdi. Z.Salayev polis əməkdaşını sözügedən xanımı "bədbəxt etməkdə" suçlayırdı.
Bu video sosial şəbəkələrdə yayılandan sonra Z.Salayev polisə müqavimət ittihamıyla 30 sutkalıq həbs olunmuş, saxlanılarkən polis bölməsində işgəncələrə məruz qaldığını açıqlamışdı.
Daxili İşlər Nazirliyi (DİN) isə açıqlama yayaraq həm polis əməkdaşının təcavüz etməsi, həm də Z.Salayevin işgəncəyə məruz qalması barədə iddiaların yalan olduğunu bəyan etmişdi.
Haqqında söhbət gedən qadın bir müddət əvvəl polis əməkdaşı H.Əzizovu bıçaqladığına görə həbs olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 7 il həbs cəzası verilib. Hazırda bu iş Şirvan Apellyasiya Məhkəməsindədir.
"Qız da, ailəsi də deyilənləri təsdiqləyir"
Z.Salayev aprelin 20-də məhkəmədən öncə AzadlıqRadiosunun əməkdaşıyla söhbətində bildirib ki, hakimdən prosesin təxirə salınmasını xahiş edəcək: "Öz vəkilim müəyyən səbəblərdən gələ bilməyib".
AXCP fəalının oğlu Oqtay Salayev AzadlıqRadiosuna deyib ki, atası məhkəmədə də prosesin təxirə salınmasını istəyib. Ona dövlət hesabına vəkil təyin edilsə də, o, öz müdafiəçisi olduğunu söyləyib və prosesin onun iştirakıyla keçirilməsini istəyib. Amma onun istəyi nəzərə alınmayıb: "Ona dövlət vəkilindən imtina barədə ərizəyə də imza atdırdılar".
Məhkəmədə xüsusi ittihamçı H.Əzizov özü də iştirak edib. Deyib ki, haqqındakı video yayılandan sonra özü də, ailəsi də mənəvi əzab çəkib, sarsıntı keçirib: "Məhkəmədən atama ən ağır cəzanın verilməsini istədi".
Z.Salayev isə ittihamı qəbul etməyib. "Dedi ki, o, kimsənin haqqında böhtan, təhqir yaymayıb. Qız da, ailəsi də deyilənləri təsdiqləyir", – deyən O.Salayev əlavə edib ki, atasının haqqındakı hökmdən apellyasiya şikayəti veriləcək.