Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:30

Bəxtiyar Hacıyev: '1840 seçicidən 1768-nin səsi Nigar Arpadaraiyə yazıldı'


B.Hacıyev məhkəmədə. 21.02.2020
B.Hacıyev məhkəmədə. 21.02.2020

29 saylı seçki dairəsindən deputatlığa namizəd, ictimai fəal Bəxtiyar Hacıyevin əlində olan möhürlü-imzalı seçki protokolları ilə Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı protokollardakı rəqəmlər arasında kəskin fərqlər var. Söhbət eyni məntəqələrin protokollarından gedir. B.Hacıyev protokolları da, 29 saylı dairənin müxtəlif məntəqələrində səsvermə günü qeydə alınmış pozuntuların videogörüntülərini də məhkəməyə təqdim edib.

Fevralın 21-də Bakı Apellyasiya Məhkəməsində B.Hacıyevin MSK-ya qarşı şikayətinə baxılıb.

B.Hacıyev protokolları müqayisə etməklə göstərib ki, 1 saylı məntəqənin protokolunda həmin dairədən qalib elan edilən Nigar Arpadaraiyə 114 səs yazılıb. Dairə Seçki Komissiyasının yekun protokolunda (DSK) və MSK-nın saytında isə bu rəqəm 214 göstərilib. Yaxud 22 saylı məntəqədə N.Arpadaraiyə 46 səs yazıldığı halda, DSK-nın yekun protokolu və MSK-nın saytında ona bu məntəqə üzrə 96 nəfərin səs verdiyi göstərilib. 27 saylı məntəqənin protokolunda yenə də N.Arpadaraiyə 111 səs yazıldığı halda, DSK-nın yekun protokolunda və MSK-nın saytında rəqəm 175 göstərilib.

Səslərin 34 faizi

B.Hacıyev 20-dən artıq məntəqə ilə bağlı bənzər halları sadalayıb. O deyir ki, 29 saylı dairənin 31 və 32 saylı məntəqələri hərbi hissələrdə yerləşir. Orada təşviqat aparmaq üçün müraciət etsə də, «yox» cavabı alıb: «Bu isə 1840 seçicinin, yəni bu dairədəki ümumi seçicilərin 4.5 faizi ilə təşviqat aparmaq hüququmuzun məhdudlaşdırılması deməkdi. Hərbi hissələrdə qeydiyyatda olan 1840 seçicidən 1768-nin səsi Nigar Arpadaraiyə yazıldı. Bu isə MSK saytında dərc edilmiş protokollara görə, ona verilmiş səslərin 34 faizi deməkdir».

B.Hacıyev 29 saylı dairə üzrə seçkinin nəticələrinin ləğv olunması barədə qərar çıxarılmasını istəyib.

MSK-nın nümayəndəsi Ramiz İbrahimov etiraz edib. Bildirib ki, B.Hacıyevin əlindəki möhürlü məntəqə protokollarındakı imzaların kimə məxsus olduğu aydın deyil: «Biz məntəqə komissiya üzvlərindən bir neçəsinin izahatını almışıq, deyirlər ki, həmin protokolları onlar imzalamayıblar. Bu məsələ ilə bağlı prokurorluğa müraciət olunmalıdır».

Hakimlər o görüntüləri sübut kimi qəbul etmədi

R.İbrahimov onu da bildirib ki, MSK B.Hacıyevin şikayətini qismən təmin edib, 6 məntəqə üzrə nəticələr ləğv olunub: «Qalan məntəqələrlə bağlı şikayətlər əsaslı deyildi. Burada dedikləri də namizədin öz mülahizələridir. Əsas olan seçicilərin öz iradələrinin ifadəsidir».

B.Hacıyev vurğulayıb ki, daha 17 məntəqədə də nəticələr ləğv olunmalıdır, bunun üçün ciddi əsaslar var.

Məhkəmədə qanun pozuntularının əks olunduğu diskə də baxılıb. Amma son nəticədə Elmira Nağıyeva, Vidadi Məmmədov və Həmid Həmidovdan ibarət hakimlər kollegiyası o görüntüləri sübut kimi qəbul etməyib. Bunu da belə əsaslandırıblar ki, həmin görüntülər çəkilən tərəflə razılaşdırılmadan lentə alınıb. B.Hacıyev hakimlərə məlumat verib ki, MSK sədri Məzahir Pənahovun özü sosial şəbəkələrdə yayılmış görüntülər əsasında xeyli məntəqədə nəticələrin ləğv olunduğunu açıqlamışdı. Hətta bu cür görüntülər varsa, onlara təqdim olunmasını istəmişdi.

Hakimlər etirazı nəzərə almayıb. Qısa müşavirədən sonra isə B.Hacıyevin şikayətinin də təmin olunmadığını açıqlayıblar.

B.Hacıyev AzadlıqRadiosuna qərarın əsassız olduğunu, Ali Məhkəməyə şikayət verəcəyini bildirib.

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.

Ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər daxil olub. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

XS
SM
MD
LG