Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:29

'Bu vəziyyətdə olan uşağın müavinətini kəsmək nə deməkdir?'


E.Əliyev
E.Əliyev

Kəlbəcərdən məcburi köçkün olan Elsevər Əliyevin 15-yaşlı oğlu Əli serebral iflic xəstəliyindən əziyyət çəkir. Ata həm Əliyə, həm də digər iki uşağına təkbaşına baxdığını deyir. AzadlıqRadiosuna danışır ki, fiziki əziyyət bir yana, ailənin maddi yükünün öhdəsindən heç cür gələ bilmir. Dediyinə görə, iş üçün ağız açmadığı dost-tanış qalmayıb, ancaq nəticəsi yoxdur. Üstəlik, Əliyə verilən müavinəti də 5 aydır ki, kəsiblər: «Bu vəziyyətdə olan uşağın pulunu kəsmək nə deməkdir? Yeməyi, geyimi bir kənara qoysam, gündə azı üç bez dəyişmək lazımdır. Necə alım? Bu uşağın haqqını necə yemək olar? Başqa vaxt əlillərə diqqət və qayğıdan danışırlar...».

Cəmi 200 manatla dolanıblar

E.Əliyev danışır ki, uzun müddət sürücü işləyib, yük maşını idarə edib. İşsiz qaldığı son dövrlərdə isə Əliyə kəsilən 150 manat müavinət və ona qulluğa görə özünə dövlətin verdiyi 50 manatla birtəhər dolanmağa çalışıb. Amma sentyabrdan Əlinin 150 manatını da kəsiblər.

Deyir ki, bununla əlaqədar dövlət orqanlarına şikayət edib, ancaq hələ də nəticə yoxdur: «Uşaq Nevroloji Xəstəxanasındakı komissiyaya aparmışıq. Əlillərin Bərpa Mərkəzinə aparmışıq. Hərə bir başqasının üstünə atır. Bir tərəfi işləməyən, əlil arabasındakı uşağı ora-bura gəzdirmək, saatlarla növbədə dayanmaq bilirsiz nə zülmdür?! İşsiz adam, heç yolpulunu çatdıra bilmirəm».

E.Əliyevin sözlərinə görə, Əlinin əyləşdiyi əlil arabasını da qohum-əqrəba toplaşıb alıb. Çünki arabadan ötrü nə qədər ərizələr yazsa da, xeyri olmayıb.

Ata yada salır ki, təxminən 20 gün əvvəl Əli arabadan yıxılıb. Ayağı omba nahiyəsindən partlayıb: «Uşaq nə vəziyyətdə idi. Tez «Semaşko»ya apardıq. Götürmədilər, dedilər ki, bizlik deyil, Travmatologiya İnstitutuna apardıq. Ora getdik, rentgen və müalicə üçün pul istədilər, pulumuz olmadı. Müalicə eləmədilər, kor-peşman qayıdıb gəldik. Ara sınıqçılarının yanına apardıq. Səhiyyə Nazirliyinin «qaynaq xətt»inə zəng eləyib, şikayətimi bildirdim. Dedilər ki, araşdırıb cavab verəcəyik. Üstündən 20 gün keçib, cavab yoxdur».

Rəsmilər nə deyir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov AzadlıqRadiosuna bildirib ki, uşağın qəyyumu (atası-red.) sosial müavinətlə bağlı Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinə müraciət etsin. Deyir ki, Əli Əliyevin Sağlamlıq İmkanlarının Məhdudluq Statusu qüvvədədir. Ona 19 noyabr 2019-cu ildən 14 sentyabr 2022-ci ilə qədər yenidən bu status verilib: «2 noyabr 2018-ci ildə Abşeron rayon poliklinikasından rəsmiləşdirilən Forma-88-də xəstənin obyektiv müayinəsi, «status lokalis» ağırlaşmaları dəqiqləşdirilmədiyinə görə müraciətə imtina cavabı verilib. Ali Nəzarət Komissiyası yenidən araşdırılma aparıb və təkrar müayinə nəticəsində uşağın Sağlamlıq İmkanlarının Məhdudluq Statusu bərpa edilib. 19 noyabrdan sosial müavinət təyin edilib. Əli Əliyevin qəyyumu sosial müavinətlə bağlı Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinə müraciət edə bilər».

E.Əliyev isə AzadlıqRadiosuna sosial müavinətin təyin edilməsindən xəbəri olmadığını deyir.

Pulsuzluq üzündən uşağın tibbi yardım ala bilməməsi barədə atanın dediklərinə gəlincə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva AzadlıqRadiosuna bildirib ki, məsələni araşdırırlar. Kliniki Tibbi Mərkəzin qəbul şöbəsindən deyilib ki, Əli Əliyev adlı uşaqla bağlı müraciət qeydə alınmayıb: «Biz uşağın atasıyla da əlaqə saxladıq. Məsələni araşdırırıq. İndiki halda, ehtiyac varsa, lazım olan tədbirlər görüləcək».

XS
SM
MD
LG