Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:33

Saxta bomba xəbərçisi: 'Fikrimdən keçirdi ki, qayıdım yenə türməyə'


"102" xidməti
"102" xidməti

Artıq zaman başqadır - kimsə Əbdürrəhim bəy Haqverdiyevin əsərindəki kimi, "dom Feyzulla bomba prinesyom" deyib, haray çəksə və bu, yalan çıxsa, həyatının bir neçə ilini həbsdə keçirməli olacaq. Hazırda Azərbaycandakı cəzaçəkmə müəssisələrində bu üzdən cəza çəkən məhbusların sayı üç-beş nəfər deyil, yetərincə çoxdur. Çünki Azərbaycan qanunvericilində bu əməl cinayət sayılır. Konkret Cinayət Məcəlləsinin 216-cı maddəsində "terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə" kimi tövsif olunub. Buna görə 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Cərimə, islah işləri və s. kimi heç bir alternativ cəza da yoxdur.

"Soruşdular ki, bombanı hara qoymusan?"

İnsanın sərxoş vəziyyətdə, nəyinsə təsiri altında zəng edib harasa bomba qoyulması haqda yalan məlumat verməsi kimi səbəblər də onu xilas etmir. Məsələn, Gəncə sakini Şakir Nəbiyev kimi. İddia olunur ki, Nəbiyev Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə zəng edib, Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına üç, arxasına dörd, yanına da altı bomba qoyduğunu, onların saat yarım sonra partlayacağını deyib. Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları heç nə tapmayandan sonra gəlib onun özünü evdən aparıblar.

Nəbiyev etiraf edir ki, həmin vaxt çox sərxoş idi: "Polislər gəlib məni aparanda soruşdular ki, bombanı hara qoymusan? Dedim, "ürəyimə qoymuşam". Onda dedilər ki, "102"yə icra hakimiyyətinə bomba qoyduğumu demişəm. Özümdə olmamışam...".

Əməlindən peşman olduğunu deyən 49-yaşlı Nəbiyev ona yüngül cəza verilməsini istəyib. Gəncə Ağır Cinayətlər Məhkəməsi ona ittiham olunduğu maddədə nəzərdə tutulan ən aşağı cəzanı verib – o, aprelin 25-də 5 il azadlıqdan məhrum edilib. Nəbiyev məhkəmə zalında həbs olunub.

"Belə yaşamaqdan bezmişdim"

Oxşar hadisə Bakıda - Mərdəkan qəsəbəsində yaşanıb. Pərviz Məmmədov DİN-in "102" xidmətinə zəng edib deyib ki, 181 saylı orta məktəbin damına bomba qoyulub. Hadisə yerinə gələn polis əməkdaşları məktəbin damında bomba olmadığını görəndən sonra zəngin haradan gəldiyini və zəng edən şəxsin kimliyini müəyyənləşdiriblər.

36-yaşlı Məmmədov deyir ki, Mərdəkandakı avtobus dayanacağında iki gəncin bir-birilə söhbəti zamanı məktəbin damına bomba qoyulması haqda dediklərini eşidib. Eşitdiklərini də xəbər vermək qərarına gəlib və yaxınlıqdakı taksofondan zəng edib. Həmin məlumatın doğruluğuna əmin olmadan niyə belə bir addım atması haqda sualı isə belə cavablandırıb: "Belə yaşamaqdan bezmişdim. Dolanışıq yox, iş yox. Əvvəl həbsdə olmuşdum, çıxandan sonra heç cür iş tapa bilmirdim. Məşğuliyyət tapa bilmirdim. Ona görə dolana da bilmirdim. Bir baxanım, arxa duranım da yox idi. Fikrimdən keçirdi ki, qayıdım yenə türməyə...".

Pərviz Məmmədov mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG