Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 10:17

Qarabağdakı sülhməramlıların ‘baş qaşımağa vaxtları yoxdur’


Laçın şəhərində Rusiya hərbçiləri, 1 dekabr, 2021-ci il
Laçın şəhərində Rusiya hərbçiləri, 1 dekabr, 2021-ci il

Beynəlxalq Böhran Qrupu bildirir ki, Qarabağda yeni cəbhə xəttində döyüşlər qızışarsa, Rusiya sülhməramlıları necə hərəkət etməklə bağlı aydın mandata malik olmalıdırlar

Dağlıq Qarabağda münaqişənin qızışması riskini azaltmaq üçün yerli və beynəlxalq oyunçular dərhal hərəkətə keçməlidirlər. Belə bir xəbərdarlıqla Beynəlxalq Böhran Qrupu (BBQ) çıxış edib. Qurum bildirir ki, Qarabağda yeni cəbhə xəttində döyüşlər qızışarsa, Rusiya sülhməramlıları necə hərəkət etməklə bağlı aydın mandata malik olmalıdırlar.

BBQ sərhəd xəttinə yaxın yaşayanları danışdırıb. “Bəzən elə paltarlı yatıram, birdən nəsə baş versə qaça bilim deyə”, – Qarabağın cənubunda, Tağavard kəndində yaşayan Elmira adlı erməni qadın deyib. Qurum sakinlərin yeni təmas xəttində özlərini elə də təhlükəsiz hiss etmədiklərini vurğulayır.


Ərdoğanın Şuşa səfəri regionda nələri dəyişə bilər?
Gözlə

No media source currently available

0:00 0:14:47 0:00

“Kövrək” atəşkəs

Beynəlxalq Qırmızı Xaç Komitəsindən başqa Dağlıq Qarabağa yardım apara bilən təşkilat yoxdur. BBQ burada yaşayanların başqa qorxuları olduğunu da yazır. Məsələn, bəzən təsadüfən təmas xəttini keçəndə qısa müddətə azərbaycanlı hərbçilər tərəfindən saxlanılırlar.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. 10 noyabr atəşkəs razılaşması ilə qoşunların yeni təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

BBQ atəşkəsin “kövrəkliyi”ndən yazır, mayda sərhəddə gərginlik artanda bunun üzə çıxdığını vurğulayır.

“2021-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədindəki qarşıdurma münaqişədən sonrakı məsələlərin dərhal həll olunması üçün diplomatik fəaliyyətin vacibliyini göstərir”, – qrup bildirir.

Ermənistan mayın 12-də iddia edib ki, Azərbaycan sərhədi pozaraq bir neçə kilometr onun ərazisinə girib. Azərbaycan isə sərhəd mövqelərini möhkəmləndirdiyini bildirir.

Martın 1-dək regional nəqliyyat marşrutlarının açılması üzrə texniki müzakirələrin tamamlanması planlaşdırılırdı. Amma BBQ dannışıqların dalana dirəndiyini qeyd edir. Azərbaycan üçün vacib yolun keçəcəyi ərazidə – Ermənistanın cənubunda döyüşlərin qızışacağı təhdidləri səslənib.

“Aydın mandat”

Hesabatda belə bir qənaətə gəlinir ki, Dağlıq Qarabağda yaşayanların kütləvi köçü, hərbi qüvvələrin sərhəddə yeni mövqelər tutmağa çalışması, üfüqdə görünən humanitar böhran “vəziyyətin kövrəkliyi”ni artırır.

“Artıq yeni cəbhə xəttində yaranmış gərginlik zorakılığın qızışması təhdidi yaradır. Dağlıq Qarabağ sakinləri evlərinə nə qədər gec qayıtsa, normal həyat bərpa olunmasa, gələcəkdə sülh səylərinə təkan vermək bir o qədər çətinləşəcək”, – qurum bildirir.

BBQ Qarabağda müharibədən sonrakı durumun yaxşılaşması üçün üç əsas tövsiyə irəli sürür. Ən əsas məsələ Rusiya sülhməramlıları ilə bağlıdır. Onlar atəşkəs şərtləri altında tələsik yerləşdiriliblər, “uzunmüddətli qalmaları üçün aydın mandat” lazımdır.

Qurum tərəfləri təcili problemlərin həllində, məsələn silahsız dinc sakinlərin saxlanması hallarında olduğu kimi “xüsusi kontaktlar”dan istifadəyə çağırır.

Nəhayət, BBQ qeyd edir ki, tərəflər humanitar yardım məsələsini Dağlıq Qarabağın siyasi statusunun həllinin “girovuna çevirməməlidir”. Bu müzakirə beynəlxalq yardım qruplarının işini “əngəlləyir”.

Birgə monitorinq mərkəzi necə işləyir


BBQ münaqişə zonasındakı Rusiya sülhməramlılarının 27 postundan 11-nin səkkiz kilometrlik Laçın dəhlizində yerləşdiyini bildirir. Bu postlarda rusiyalılar sənədləri, maşınları yoxlayırlar. “Sülhməramlılardan olmayan əsgər, yaxud silahın bu marşrutla hərəkətinə icazə verilmir”, – hesabatda deyilir.

Fevralda Azərbaycanın nəzarətində olan Qiyaməddinli kəndində qurulmuş Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin 20 kilometrliyində də Rusiya hərbçiləri var.

“Mərkəzin hər gün işə saldığı dronlar təmas xəttindəki vəziyyəti izləyirlər. Atəşkəs pozularsa, Rusiya hərbçiləri dərhal Ermənistan və Azərbaycanın müdafiə nazirliklərini, Türkiyə tərəf isə yalnız Azərbaycan tərəfini məlumatlandırır”, – hesabatda deyilir.

Əskipara sakinləri kəndlərinin taleyi barədə AzadlıqRadiosuna danışırlar
Gözlə

No media source currently available

0:00 0:14:43 0:00

Sülhməramlıların günü

BBQ hazırda Dağlıq Qarabağda yeni təmas xəttindəki vəziyyətin ötən payız müharibədən öncəylə müqayisədə daha dəyişkən olduğunu yazır. Hesabata görə, Rusiya hərbçilərinin “baş qaşımağa vaxtları yoxdur”. “Onlar kəndliləri məzarlıq ziyarətinə də aparır, məhsullarının keşiyini də çəkir, su borularını da düzəldirlər”, – sənəddə deyilir.

“Onlar nə vaxtadək gündəlik problemləri həll edəcəklər, bəlli deyil. Cəbhə xəttində qarşıdurma yaranarsa, buna necə reaksiya verəcəklər, bu məsələ daha qaranlıqdır. Çünki atəşkəs razılaşmasında onların missiyası dəqiq göstərilməyib”, – yazan BBQ Rusiyaya tövsiyə edir ki, müharibə tərəfləri ilə məsləhətləşsin, sonra əsgərləri üçün “aydın fəaliyyət qaydaları” müəyyənləşdirsin.

Hesabatda o da qeyd olunur ki, Azərbaycan ordusunun “yeni cəbhə xəttində aşkar üstünlükdə” olmasına heç kəsin şübhəsi yoxdur. Azərbaycan əsgərləri yüksəkliklərdə mövqe tutublar.

Amma araşdırmaçılar onu da vurğulayırlar ki, “ermənilər hələ ki əllərində olan yüksəkliklərdə post qurmayıblar, bunu etməklə güclənə bilərlər”.

“Bu günədək onlar Azərbaycanın daha çox ərazi ələ keçirməsini önləmək üçün mövcud təmas xəttini gücləndirməyə çalışırlar”, – hesabatda deyilir.

İki tərəfdən təhlükədə Kəlbəcər...
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Yol məsələsi

Bundan başqa, yeni təmas xətti Azərbaycan üçün bəzi logistic problemlər də yaradır. Strateji mövqelərinə baxmayaraq, Kəlbəcər rayonu və Şuşa şəhərindəki əsgərlərin “ölkənin qalan hissəsi ilə əlaqəsi yoxdur”.

“Onlar həftədə bir neçə dəfə ermənilərin yaşadığı yerlərdən keçməli olurlar. Rusiya hərbçiləri onları müşayiət edirlər, bir şərtlə ki, yük maşınlarında yalnız tikinti materialları və ərzaq aparılsın, silah deyil”, – hesabatda deyilir.

“Azərbaycan indi Şuşaya yeni yol çəkir, Murov dağlarından Kəlbəcərə başqa marşrut çəkməyi planlaşdırır. Amma küləkli dağlıq ərazidə yol çəkilişi zaman alacaq. Bakıda bəziləri narahatdırlar ki, bu yol yalnız yüngül maşınlar üçün əlverişli olar, qar səbəbindən tez-tez bağlana bilər”, – BBQ vurğulayır.

Qurum qeyd edir ki, həm yerli, həm də beynəlxalq oyunçular Dağlıq Qarabağda müharibədən sonrakı “təhlükəsizlik, təməl ehtiyaclar və köçkünlük” məsələlərinin tezliklə yoluna qoyulmasına çalışmalıdırlar.

XS
SM
MD
LG