Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 10:23

Neft çıxarıb sat, benzin al…


Sürücü: 'Benzinin keyfiyyəti - sıfır'
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Sürücü: 'Benzinin keyfiyyəti - sıfır'

İyunun 2-də Azərbaycanda Aİ-95 (Premium) və Aİ-98 (Super) markalı benzinin qiyməti qalxdı. Aİ-95 benzinin qiyməti 1.25 manatdan 1.40, Aİ-98 benzinin qiyməti isə 1.40 manatdan 1.55 manata yüksəldi.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) benzinin qiymətlərinin 12 faizlik artımını dünyada neftin bahalaşması ilə izah etdi. Şirkətdən bildirildi ki, "Premium" və "Super" markalı benzin Azərbaycana idxal olduqları üçün onların qiymətləri beynəlxalq qiymətdən asılıdır. SOCAR-dan habelə vurğulandı ki, Heydər Əliyev Adına Neft Emalı Zavodunun modernizasiyanın hazırkı mərhələsi başa çatdıqdan sonra (2022-ci ildən sonra ) Azərbaycanda da Aİ-95 markalı benzinin istehsalı mümkün olacaq.

Dövlət Statistika Komitəsinin hesabatında göstərilib ki, 2021-ci ilin yanvar-mart aylarında Azərbaycana 26 min 277.71 ton (16 milyon 781.15 min dollar dəyərində) Aİ-95 markalı benzin idxal edilib. Bir ton Aİ-95 benzinin gömrük dəyəri 638.6 dolları təşkil edib. Bu isə ötən ilin müvafiq dövrlə müqayisədə 15.7 faiz azdır. Həmin dövr ölkəyə 718.75 ton da (562.73 min dollar dəyərində) Aİ-98 benzininin idxal olunduğu bildirilir. Bir ton üçün gömrük dəyəri də 782.9 dolları təşkil edib. Bunun da ötən ilin eyni dövrlə müqayisədə 7.6 faiz az olduğu qeyd edilir.

Neft buruqları arasında dözülməz həyat
Gözlə

No media source currently available

0:00 0:05:32 0:00

Suallar, suallar…

Azərbaycanda niyə indiyə qədər "Premium" və "Super" markalı benzin istehsal edilməyib? Gömrük dəyəri ucuzlaşırsa, benzinin qiymətləri niyə artır?

Azərbaycanda Aİ-95 benzinin istehsalı 2014-cü ildən dayandırılıb. Bu qərarın səbəblərini izah edərkən SOCAR rəsmiləri onda qeyd edib ki, benzinə olan tələbat ilbəil artır və neft emalı zavodları bunu ödəyə bilmir. Açıqlamalara görə, səbəblərdən biri isə bu olub ki, ölkədəki müəssisələr həmin keyfiyyətdə yanacaq istehsal etmək gücündə deyil.

2015-ci ildən…

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) modernizasiya və yenidənqurma layihəsinə 2015-ci ildə başlanılıb. NEZ-də yenidənqurma işlərinin üç mərhələdə həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilib. Son mərhələdə 2021-ci ildə "Euro-5" keyfiyyət standartına cavab verən Aİ-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və yenidən qurulması nəzərdə tutulmuşdu. Lakin bu, hələ ki, baş verməyib.

A.Mollazadə
A.Mollazadə

"Dünya bazarında qiymətlər Azərbaycana mənfi təsir göstərə bilər"

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə də "Turan"a bildirib ki, hazırda "Premium" və "Super" markalı benzinin Azərbaycanda istehsalı ilə bağlı işlər aparılır: "Bu işlər hələ bitmədiyinə görə ölkəyə bu benzin markaları idxal olunur". Deputatın fikrincə də, Aİ-95 və Aİ-98 markalı benzin Azərbaycanda istehsal olunmalıdır: "Çünki əks halda dünya bazarında olan qiymətlər Azərbaycana mənfi təsir göstərə bilər. Azərbaycanda mövcud olan neftayırma zavodlarında qurğuların müasir tələblərə uyğun olması təmin edilməlidir ki, ən yüksək keyfiyyətli yanacaq istehsal olunsun".

"Başqa sahələrdə qiymətlərin artımını gözləmirəm"

A.Mollazadə hesab edir ki, benzin qiymətlərinin son bahalaşması digər məhsulların qiymətlərinə təsir göstərməyəcək: "Çünki bu yüksək keyfiyyətli yanacaq növləri, əsasən, lüks növ avtomobillərdə istifadə olunur. Malların daşınmasında isə digər növ yanacaq istifadə olunur və buna görə də başqa sahələrdə qiymətlərin artımını gözləmirəm".

'Qiymətlər qalxacaq' - İqtisadçılar xəbərdarlıq edir
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

"Ya Azərbaycana pul qoymaq istəmirlər, ya da…"

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, neft ölkəsində Aİ-95 və Aİ-98 markalı benzinin istehsalının olmaması absurddur: "Azərbaycana axın edən milyardlarla vəsait niyə bu növ benzin istehsalına yönəldilməyib? Neft ölkəsinin benzini digər ölkələrdən baha qiymətinə alması məntiqə uyğun deyil". Onun fikrincə, Azərbaycanda "Premium" və "Super" markalı benzinin hələ də istehsal olunmamasının iki səbəbi ola bilər: "Ya Azərbaycana pul qoymaq istəmirlər, ya da bu növ neft məhsullarının istehsalını burada təşkil etmək istəməyiblər. Bura qoyulmalı vəsait yönəldilib özlərinə məxsus xarici ölkələrdəki şirkətlərinə".

"Biabırçılıqdır"

N.Əliyev hesab edir ki, Azərbaycanda daha çox istehlak payı olan Aİ-92 markalı benzin və dizel yanacağı keyfiyyət standartlarına uyğunlaşdırılmayıb: "Bir müddət əvvəl bu növ yanacağın qiymətləri artıb. O vaxt SOCAR-ın çox maraqlı açıqlaması olub. Dedilər, biz qiymətləri artırırıq, amma həmin məhsulların keyfiyyətini 1-2 il arasındakı dövrdə yaxşılaşdıracağıq. Bu, biabırçılıqdır". İqtisadçının sözlərinə görə, yanacağın qiymətinin qaldırılması və bunun davamlı xarakteri alması yolverilən hal deyil: "Yanacaq məhsulları kütləvi istehsal malları hesab olunur və bu mallar digər məhsulların maya dəyərinə oturur. Ona görə də, yanacağın qiymətində baş verən dəyişmə bütün növ məhsulların qiymətinə təsir edir. Rəsmi məlumata görə Azərbaycanda istehlak bazarında qiymətlər 4 faiz artıb. Bizim apardığımız hesablamalara görə isə, bu artım ikirəqəmlidir. Benzinin son bahalaşması vəziyyəti daha da pisləşdirəcək".

N.Əliyev
N.Əliyev

"Biristiqamətli qiymət artımını müşahidə edirik"

N.Əliyev deyir ki, SOCAR-ın benzinin bahalaşmasının dünyada neftin qiymətlərində artım ilə izahı manipulyasiyadır: "Götürək Aİ-92 benzini və dizel yanacağını. Niyə ötən ilin ortalarında xam neftin qiyməti kəskin aşağı düşəndə və digər ölkələrdə benzinin qiyməti ucuzlaşanda Azərbaycanda bu markalı benzinin qiyməti aşağı düşmədi? Biz ölkədə biristiqamətli qiymət artımını müşahidə edirik".

Xatırlatma

Aİ-95 və Aİ-98 markalı benzinlərin qiymətini Azərbaycan Tarif Şurası tənzimləmir. Bu il yanvarın 4-də Tarif Şurasının iclasında ölkədə istehsal edilən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 80 qəpik müəyyən edilmişdi. Onda Aİ-92 10, dizel 20 qəpik bahalaşmışdı.

XS
SM
MD
LG