Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:26

'Bakı Dövlət Universitetində belə hallar davam edir'


BDU
BDU

Uzun illər Bakı Dövlət Universitetinin (BDU) təsərrüfat şöbəsində işləmiş İsmixan Mirzəyev bu təhsil müəssisəsində rektorun müşavirini və komendantı bıçaqladığına görə 7 il həbs cəzası aldı. Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hökmdən öncə son sözünü deyən Mirzəyev bildirib ki, əməlindən peşmandır. Rektorun müşaviri Mirzə Mirzəyevi də, hadisə vaxtı müdaxilə etməyə çalışan komendant Şahlar Bəgalıyevi də bıçaqlamağı əvvəldən planlaşdırmayıb. Maaşının kəskin azaldılması, özünün xəbəri olmadan başqa işə keçirilməsi, ailəsinin maddi durumu ağır olduğu bir vaxtda işdən çıxarılması psixi vəziyyətini gərginləşdirib.

"Insan kimi rəftar edilməməsi bu hadisəyə gətirib çıxardı..."

"Cənab prezident çıxışlarında da dəfələrlə məmurlara müraciət edərək deyib ki, aşağı təbəqədən olan vətəndaşların haqqına girməyin, insanlarla kobud rəftar eləməyin. Təəssüf ki, Bakı Dövlət Universitetində bu gün də belə hallar davam edir. Əmək hüquqlarımın pozulması, insan kimi rəftar edilməməsi bu hadisəyə gətirib çıxardı...", – Mirzəyev son sözündə belə deyib.

O vurğulayıb ki, problemlə əlaqədar dəfələrlə universitetin rektoruyla görüşməyə cəhd göstərsə də, onu qəbul etməyib.

Təqsirləndirilən şəxsin vəkili də hesab edir ki, məhkəmə onun ailəsindəki çətin durumu – həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkməsini, maaşının 250 manata yaxın azalmasını, daha sonra, ümumiyyətlə, işdən çıxarılmasını və digər yüngülləşdirici halları nəzərə almalıydı. Vəkil vurğulayıb ki, Mirzəyev özü könüllü şəkildə polisə təslim olub. Zərərçəkmiş şəxslərin hər ikisi – həm rektorun müşaviri, həm də komendant məhkəməyə ondan şikayətçi olmadıqları barədə ərizə təqdim ediblər: "Bu hadisə onun əmək hüquqlarının pozulması nəticəsində baş verib. Hüquqlarını müdafiə etdiyim şəxs bu əməli ağır həyat şəraitindən irəli gələn psixoz vəziyyətdə törədib".

Mirzəyevin başına gələnlər

Mirzəyevə yüngül cəza verilməsini istəyən vəkil çıxarılan hökmdən narazı qalıb. O, apellyasiya şikayəti verəcəyini bildirib.

2021-ci ilin iyulunda baş vermiş bu hadisə ərəfəsində Mirzəyev BDU-nun keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmovla məhkəmə çəkişməsində idi. Mirzəyev iddia edir ki, keçmiş rektorun Bakıda tikdirdiyi villada, Nabranda bağ evində, ona məxsus böyük obyektlərdə, o cümlədən "Mona Liza" şadlıq sarayında tikinti, mebellərin quraşdırılması kimi işləri görüblər. Lakin Məhərrəmov onun rəhbərlik etdiyi briqadanın nə zəhmət haqqını, nə də avadanlıqların pulunu ödəyib. Ümumilikdə 811 min manatdan söhbət gedir. Onun sözlərinə görə, briqadaya daxil olan ustalar, avadanlıqları satan adamlar da ondan pullarını tələb edirlər.

Yasamal Rayon Məhkəməsi sabiq deputata qarşı iddianı təmin etməyib. Hərçənd, Mirzəyev deyir ki, qərar elan olunan gün hakim iddianın təmin edildiyini açıqlamışdı. Sonradan qərar dəyişdirilib. Məhkəmə isə bu iddianı təkzib edib.

XS
SM
MD
LG