33-yaşlı Əkbər Nağıyev deyir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu saxlayanda üstündə nə silah olub, nə də narkotik. Onun sözlərinə görə, polislərə evdə silahın olduğunu etiraf edib, yerini də deyib. Gedib silahı götürəndən sonra idarədə qarşısına narkotiki də qoyublar, tələb ediblər ki, bunu da üzərinə götürsün.
"Qanımdan analiz götürmədən ekspert rəy verib"
Cinayət işinin materiallarında iddia olunur ki, Beyləqan sakini olan Nağıyevdən qoşa lüləli ov tüfəngi və 4.8 qram metamfetamin (patı) tapılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi ona CM-in 228.1 (qanunsuz silah saxlama) və 234.4.3 (satış məqsədilə narkotik əldə etmə, saxlama, daşıma) maddələri ilə 7 il 6 ay həbs cəzası kəsib.
Hökmdən şikayət verən Nağıyev deyir ki, el arasında "bandotdel" adlandırılan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində təzyiqlərə məruz qalıb, bu üzdən özünə aidiyyəti olmayan narkotiklə bağlı etirafedici ifadə verib.
"Məndə narkotik olmayıb. Onu mənim üzərimə polislər qoyublar. Polislərin təzyiqinə görə etiraf ifadəsi verməyə məcbur olmuşam. Məni ekspertizaya aparıblar, amma qanımdan analiz götürmədən ekspert rəy verib", – Nağıyev Bakı Apellyasiya Məhkəməsində ifadəsində bildirib.
O, silahın özünə məxsus olduğunu təsdiqləyir. Deyir ki, onu rayondan gətirmişdi. Tüfəngin qundağı və lüləsi kəsilmiş vəziyyətdə olub.
Əgər həqiqətən belə bir etiraf olmuşdusa...
Məhkəmədə dindirilən polislər isə iddia ediblər ki, təqsirləndirilən Nağıyev özü şalvarının cibində olan narkotiki çıxarıb onlara təqdim edib, onu Qulu adlı adamdan 100 manata aldığını etiraf edib.
Nağıyevin vəkili deyir ki, əgər, həqiqətən, belə bir etiraf olmuşdusa, o zaman niyə polislər Qulunu müəyyənləşdirib narkotikin mənbəyini tapmırdılar: "Əkbər Nağıyevin narkotiki kimə satacağı barədə nə ifadələrdə, nə də məhkəmənin hökmündə bir cümlə belə yoxdur. Məhkəmənin gəldiyi nəticə, sadəcə, ehtimallara əsaslanır. Belə bir nəticəyə gəlmək tamamilə absurddur".
Bakı Apellyasiya Məhkəməsi Nağıyev haqqında hökmü dəyişib. Onun üzərində narkotik ittihamını saxlasa da, satış məqsədini ləğv edib – ittihamı CM-in 234.4.3 maddəsindən 234.1 maddəsinə tövsif edib. Cəzanı isə 7 il 6 aydan 4 ilə endirib.