Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 01:56

'Bakıda məzənnəni mən müəyyənləşdirirdim'


Günaybank. 9 fevral 2017
Günaybank. 9 fevral 2017

«GünayBank»ın İdarə Heyətinin sədr müavini olmuş, valyuta satışından qazanc adıyla adamları aldatmaqda suçlanan Emin Zeynalovun işində bir sıra vəzifəli şəxslər və onların övladlarının da adları keçir. Məsələn, Azərbaycanda məşhur İldırımzadələr ailəsinin üzvü Əmrah İldırımzadə.

İddia olunur ki, «Əmrahbank»ın səhmdarlarından olan Əmrah İldırımzadə də «GünayBank»ın sədr müavininə valyuta ticarəti üçün pul verib, ondan aylıq qazanc alıb. Verdiyi 300 min dolları geri ala bilmədiyinə görə indi onun da adı bu işdə 30-a yaxın zərərçəkmişin arasındadır.

«Bəzən aylıq qazancı öz cibimdən vermişəm»

Adamları aldadıb, təxminən 30 milyon manatını ələ keçirməkdə suçlanan E.Zeynalov martın 2-də məhkəmədə danışıb. O, aldatdığı iddia olunan tanınmışlar haqda heç nə deməsə də, kimsəyə qarşı dələduzluq etmədiyini vurğulayıb.

İstintaq vaxtı psixoloji təzyiqə məruz qaldığını deyən E.Zeynalov iddia edib ki, Bakıda valyuta bazarına özü nəzarət edirdi. Dediyinə görə, dollar və başqa xarici valyutalar onun müəyyən etdiyi məzənnə ilə satışa çıxarılırdı. E.Zeynalov ifadəsində bildirib ki, uzun illər bank sektorunda çalışıb, həbsindən öncə son dörd ildə («GünayBank»da işlədiyi dövr) isə, əsasən, valyuta alqı-satqısıyla məşğul olub.

O bildirib ki, bu işdə zərərçəkmiş kimi adı keçənlərin heç birini aldatmayıb: «Əvvəl məndən üç nəfər şikayət etmişdi, istintaq bitib iş məhkəməyə gələn ərəfədə necəsə oldu, zərərçəkmişlərin sayı 19-a qalxdı. Halbuki, mən onların heç birini aldatmamışam, birlikdə iş görmüşük. Pulu veriblər, əvəzində aylıq qazanc götürüblər. Hamısı da bunu bilir. Onları aldatmaq istəsəydim, heç qazanc verməzdim, özüm götürərdim, axırda da pullarını qaytarardım, deyərdim, alınmadı, ziyan oldu. Bəzən aylıq qazancı öz cibimdən vermişəm ki, narazılıq yaranmasın».

Cinayət işinin materiallarında iddia olunur ki, E.Zeynalov Forex-də 10 milyon dollar itirib. Adamlardan aldığı pulların bir hissəsi ilə onu ödəyib. Özü isə deyir ki, yalandır, belə bir hal olmayıb.

«Bir əməliyyatla 450 min dollar xeyir vermişəm»

Bakıdakı valyuta bazarından danışan E.Zeynalovun sözlərinə görə, bankların valyutadəyişmə məntəqələrinin bir neçəsini o işlədirmiş. Həmin məntəqələrdə kassadakı şəxslər rəsmən bankın əməkdaşı kimi qeyd olunsalar da, qeyri-rəsmi onun işçiləri olublar: «Mənim müştərilərimdən gələn qazanc mənim idi, bankın müştərilərindən gələn qazanc isə bankın...».

Azərbaycanda devalvasiyadan sonra valyuta satışı əməliyyatlarına 500 dollara qədər limit qoyulduğunu yada salan E.Zeynalov deyir ki, onlar özləri bu limitə əhəmiyyət vermirdilər. Onun sözlərinə görə, hətta bankların bir neçəsi xarici valyutanı ondan alıb-satırmış: «Ölkədə ən ucuz qiymətə valyuta satan mən olmuşam. Bu bazarda hamı məni tanıyırdı, böyük əməliyyatları mən aparırdım. Elə gün olub, bir əməliyyatla «GünayBank»a 450 min dollar xeyir vermişəm. Hər gün səhər məzənnəni mən müəyyənləşdirirdim, bundan sonra məntəqələrdə xarici valyuta satışa çıxarılırdı».

E.Zeynalov deyir ki, zərərçəkənlərdən bir neçəsi ilə razılığa gəlib, onlar artıq şikayətçi deyillər. Qalanlarıyla da razılaşmaqdan ötrü məhkəmədən vaxt istəyir.

E.Zeynalov CM-in 178.4 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG