Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:21

Bakıda sex mallarının brend kimi satılması işi: 'Halal biznesimiz olub...'


Paltar. Foto arxiv
Paltar. Foto arxiv

Bakıda tikiş sexlərində hazırlanan paltarları xarici firmaların əmtəə nişanlarından istifadə edib, məşhur brend mallar kimi satmaqda suçlanan üç nəfər məhkəmə önünə çıxarılıb. Bunlar «Lady Sharm» mağazalar şəbəkəsinin direktoru Elnur İsmayılov, mağazalara işçi qəbulu və maaş məsələsinə nəzarət edən qardaşı Səməd İsmayılovZiyafət Abbasovdur.

Cinayət işinin materiallarında yazılıb ki, Çində istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri «Lady Sharm»ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara «Chanel», «Fendi», «Dolce&Gabbana», «Valentino», «Chiristian Dior», «Itterre» və başqa dünyaca məşhur brendlərin saxta etiketləri tikilib, geyimlər real dəyərindən dəfələrlə baha satılıb.

Etiketi dəyişdirilmiş paltarlar «Sədərək» Ticarət Mərkəzindəki anbara yığılıb, oradan «Lady Sharm»ın mağazalarına paylanıb. 12 mağazada yoxlama zamanı etiketləri dəyişdirilən xəz-dəri məhsullarının da aşkarlandığı iddia olunur.

İttihama görə, bu cür əməllər nəticəsində 6 milyon manatdan çox vergi büdcədən yayındırılıb.

Təqsirləndirilən şəxslərə CM-in 197 (əmtəə nişanlarından qanunsuz istifadə etmə), 178 (dələduzluq) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham verilib.

1046 manat ziyan

Bu cinayət işində saxta məhsulla aldadıldığı iddia olunan bir nəfər zərərçəkmiş var - Cəmilə Məmmədova. İş materiallarında yazılıb ki, saxta brend geyimlər almaqla C.Məmmədova 1046 manat ziyana düşüb.

C.Məmmədova fevralın 24-də məhkəmədə dindiriləndə deyib ki, 1046 manatı «Lady Sharm»ın metronun «Memar Əcəmi» stansiyasının yaxınlığındakı mağazasından aldığı geyimlərə verib. Evə gələndə paltarların üstündə iki etiket görüb. Etiketlərdən birində malın Türkiyə, o birində isə İtaliya istehsalı olduğu yazılıbmış: «Mən aldadıldığımı bildim. Buna görə də şikayət etdim».

Cinayət işinin materiallarında onun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdiyi göstərilib. Vəkillər ondan soruşublar ki, niyə hansısa polis bölməsinə, rayon polis idarəsinə yox, məhz ora şikayət edib?

«Hara şikayət etmək onun hüququdur», - deyən hakim zərərçəkmişi bu suala cavab verməyə qoymayıb.

Təqsirləndirilən şəxslər isə ittihamı qəbul etmirlər. Onların üçü də özlərini təqsirli bilmədiklərini söyləyiblər.

Səməd İsmayılov deyir ki, «Lady Sharm» onların ailə şirkəti olub, halal iş görüblər: «Halal biznesimiz, işimiz olub. Təəssüf ki, belə bir ittihamla saxlandıq...».

Onlara məxsus anbardan bəzi brendlərin etiketlərinin çıxması haqda danışan S.İsmayılov bildirib ki, əvvəllər həmin markaların mallarını satıblar. O ərəfədə etiketləri gətiriblər ki, hansısa malın üzərindən etiketi qopsa, keyfiyyətini itirsə, dəyişə bilsinlər: «O vaxtdan da həmin etiketlər orada qalıb. Bu işdə hamısını gətirib ortaya qoydular ki, guya onları malların üstünə vurmuşuq. Halbuki, mağazaların heç birindən həmin etiketlər olan mallar çıxmadı».

Formal zərərçəkmiş?

S.İsmayılov düşünür ki, C.Məmmədova formal zərərçəkmişdir. Onun sözlərinə görə, bu xanım «Lady Sharm»dan geyim almamışdan öncə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onları izləyiblər. Bunu da onlar istintaq vaxtı öyrəniblər.

S.İsmayılov vurğulayıb ki, mağazalara malları ancaq Türkiyə və Çindən gətiriblər. O, gətirdikləri mallara «Lady Sharm» etiketi vurduqlarını təsdiqləsə də, başqa brend markaların etiketlərini vurmaları haqda ittihamı yenidən təkzib edib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, onların əlində «Lady Sharm» etiketi ilə mal satmaq üçün 2040-cı ilə qədər lisenziyaları olub.

Hakim elan edib ki, əməliyyat zamanı anbardan 7 min 755 çeşiddə mal aşkar olunub, amma 300 min etiket götürülüb.

Məhkəmədə təqsirləndirilən Z.Abbasovun vəkili onun hökmə qədər ev dustaqlığına buraxılması haqda vəsatət versə də, təmin olunmayıb.

Bu işlə bağlı məhkəmə araşdırmaları davam edir.

Təqsirləndirilən şəxslərə verilən ittiham maddələrində 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG