Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:11

Bədənində güllə gəzdirən Nardaran məhbusu: 'Artıq ayağım kəsilməlidir'


Nardaran məhbusları
Nardaran məhbusları

2015-ci il noyabrın 26-da Nardaran əməliyyatında güllələnib, ardınca da həbs olunan Şamil Abduləliyev həyatını itirmək təhlükəsiylə üzləşdiyini bildirib. Səbəb isə ona vurulan üç güllədən ikisinin ötən beş ildə çıxarılmaması və bunun yaratdığı fəsadlardır. Nardaran məhbusu bu barədə Nizami Rayon Məhkəməsinə ərizəsində yazıb.

35-yaşlı Ş.Abduləliyev cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə tutulduğuna görə həbsdən buraxılması üçün məhkəməyə üz tutub. Ərizəsində göstərib ki, həm özü, həm atası, həm də vəkili ötən beş ildə müalicə olunması, güllələrin bədənindən çıxarılmasından ötrü müxtəlif dövlət orqanlarına məktublar yazıblar. Təxminən üç il öncə Kliniki Tibbi Mərkəzin həkimləri bədənindəki güllələrin yerini, vəziyyətinin dəqiq müəyyənləşdirmək üçün onu kompüter tomoqrafıyadan keçiriblər: "Həkimlərin bildirdiyinə görə, sağ ayaq həddindən artıq nazilib, 10 santimetr qısalıb. Təcili əməliyyatın və güllələrin hər ikisinin sağ ayaqdan çıxarılmasının vacib olduğunu dedilər. Əməliyyata qədər isə sağ ayaq mütləq fizioterapiya edilməliydi. Əgər əməliyyat gecikərsə, sağ ayağın kəsiləcəyi barədə xəbərdarlıq etmişdilər. Bu yaxınlarda baxan həkimlər isə dedilər ki, artıq gecdir, artıq ayaq kəsilməlidir".

"Ayaq çürüyür"

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən bildirilib ki, Ş.Abduləliyev növbəyə götürülüb, sırası çatanda əməliyyat olunacaq. Şamil isə artıq ağrılara dözü bilmədiyini bildirir: "Yalnız əməliyyat və amputasiya ilə xilas ola bilərəm. Çünki ayaq çürüyür, bu da bütün bədənə zəhərlənmə təhlükəsi yaradır".

Ş.Abduləliyevin bu ərizəsindən sonra məhkəmə onun haqqında ekspertiza təyin edib. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Xüsusi Həkim Ekspert Komissiyası onun haqqında rəy verib. Rəydə onun bədənində iki güllə qalması təsdiqlənsə də, qeyd olunub ki, xəstəliyi onun həyatı üçün təhlükəli deyil: "Diaqnozu "Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin siyahısı"ndakı bəndlərə uyğun deyil. Xəstəliyin əlamətləri onun cəza çəkməsinə imkan verir. Müalicəni cəza çəkdiyi müəssisədə davam etdirməsi mümkündür".

İyunun 12-də Nizami Rayon Məhkəməsində bu ərizəyə onlayn qaydada baxılıb – Ş.Abduləliyev videogörüntü vasitəsilə prosesə qoşulub. O bildirib ki, ekspertizadan fərqli cavab gözləmirdi: "Bilirdim ki, heç bir günahım olmadan həbsimə sifariş verənlər azadlığa buraxılmağıma da imkan verməzlər".

Hakim Rauf Əhmədov ekspertizanın rəyini əsas tutaraq Ş.Abduləliyevin ərizəsini təmin etməyib.

Atası Adil Abduləliyev AzadlıqRadiosuna bildirib ki, qərardan apellyasiya şikayəti verəcəklər. Əgər yerli məhkəmələr bu işə ədalətli baxmasalar, bu işdən də Avropa Məhkəməsinə şikayət edəcəklər: "Bu, adamı göz görə-görə öldürməkdir, işgəncədir".

Xatırlatma

Dövlət Gömrük Komitəsinin əməkdaşı olmuş Ş.Abduləliyev 2015-ci il noyabrın 26-da ilahiyyatçı Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Onlara qarşı qəsdən adam öldürmə, terrorçuluq, silah-sursat saxlama, dövlət çevrilişinə cəhd kimi ittihamlar irəli sürülüb.

T.Bağırov da daxil olmaqla, iki nəfərə 20 il, qalanlarına isə 10 ildən 19 ilə qədər həbs cəzası verilib. Ş.Abduləliyev də 14 il 6 ay azadlıqdan məhrum edilib.

Nardaran məhbusları özlərini təqsirli bilmir, onlarda silah olmadığını, ittihamların saxta olduğunu bildirirlər. Onlar həmçinin, həbs olunarkən və ondan sonra Baş Mütəşəkkil Cinayətklarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını deyirlər.

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edib.

XS
SM
MD
LG