Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 20:37

Azərbaycanın bölgələrində ən çox nəyə pul xərclənir?


Dükan sahibi :'Nisyə dəftəri dolur, cavan-cavan oğlanlar xəcalətlənir'
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Dükan sahibi :'Nisyə dəftəri dolur, cavan-cavan oğlanlar xəcalətlənir'

Dövlət Statistika Komitəsi hər il ev təsərrüfatlarını araşdırır. Komitənin təsnifatına görə, ev təsərrüfatı dedikdə bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahid anlaşılır. Şəxslər qrupu eyni evdə yaşayanda, öz gəlir və əmlakını tam və ya qismən birləşdirəndə, bir sıra mal və xidməti, əsasən, mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə gerçəkləşdirəndə ev təsərrüfatı sayılır. Komitənin 2020-ci ili əhatə edən araşdırmasına görə, Azərbaycanda iqtisadi rayonlardan asılı olaraq, aylıq adambaşına istehlak xərcləri 279-324 manat arasında dəyişir.

Cədvəl: 2020-ci ildə iqtisadi rayonlar üzrə istehlak xərcləri (ayda adambaşına, manatla)

Bölgə

Adambaşına düşən istehlak xərci

Bakı şəhəri

324

Naxçıvan Muxtar Respublikası

319

Kəlbəcər-Laçın

302

Quba-Xaçmaz

299

Abşeron

297

Yuxarı Qarabağ

295

Gəncə-Qazax

295

Dağlıq Şirvan

294

Lənkəran

281

Şəki-Zaqatala

281

Aran

279

İstehlaka xərclənən 2 manatdan biri ərzağa gedir

Əhalinin istehlak xərclərinin strukturuna baxanda görünür ki, Azərbaycanda əhali, əsasən, ərzağa pul xərcləyir. İqtisadi rayonlar üzrə göstəricilərdən aydın olur ki, ərzağın ümumi istehlak xərclərində ən az yer tutduğu bölgələrdə də bu göstərici 41 faizdir. Dünya təcrübəsində rifahın əsas göstəricilərindən biri ailələrin aylıq gəlirlərinin ərzaq, geyim, əyləncə kimi sahələrə necə bölünməsidir. Aylıq gəlirin ərzağa xərclənən hissəsi bu hesablamanın əsas indikatoru sayılır, çünki hesablamalar göstərir ki, əhalinin rifah səviyyəsi aşağı düşdükcə ərzaq məhsullarının ümumi istehlak xərclərindəki xüsusi çəkisi artır. Məsələn, Avropa Birliyi ölkələri arasında ərzaq xərclərinin toplam xərclərdəki payı 9-26 faiz arasında dəyişir. İnkişaf etmiş ölkələrin çoxunda bu göstərici 10 faiz civarındadır. Azərbaycanda isə istehlak məqsədi ilə xərclənən hər iki manatdan təxminən biri məhz ərzağa sərf edilib. Bu göstərici ilə Azərbaycan Avropa məkanında "ilk" yerlərdən birini tutur.

Lənkəran zonası hər 100 manatın 47-sini ərzağa xərcləyir

Ərzaq məhsullarının toplam istehlak xərclərində ən çox yer tutduğu iqtisadi rayon isə Lənkəran iqtisadi rayonudur (buraya Astara, Lerik, Yardımlı, Masallı və Lənkəran inzibati rayonları daxildir). Ötən il bölgədə ev təsərrüfatlarının istehlak məqsədi ilə xərclədiyi hər 100 manatdan 47-si ərzaq məhsullarına sərf olunub. İqtisadi rayonlar arasında ərzağa ən az pul xərclənən bölgə isə Dağlıq Şirvan iqtisadi rayonudur. Ağsu, İsmayıllı, Qobustan və Şirvan rayonlarını əhatə edən həmin iqtisadi rayonda ərzaqla bağlı xərclər ümumi istehlak xərclərinin cəmi 41 faizinə bərabər olub.

Gəncə-Qazax alkoqola ən çox pul xərcləyən zonadır

Ərzaq məhsullarına xərcləmələrə görə lider olan Lənkəran iqtisadi rayonu digər bir xərc istiqaməti – alkoqollu içkilərə xərclənən vəsaitin həcminə görə iqtisadi rayonlar arasında sonuncudur. Burada bütün istehlak xərclərinin cəmi 0.3 faizi alkoqollu içkilərə sərf edilib. Rəsmi rəqəmlərə görə, ölkədə alkoqollu içkilərə ən çox pul sərf edilən region Gəncə-Qazax iqtisadi rayonudur. Burada alkoqollu içkilərə sərf edilən vəsaitin toplam istehlak xərclərindəki payı Lənkəran iqtisadi rayonuyla müqayisədə iki dəfədən də çoxdur – 0.7 faizdir.

Ən çox siqaret Dağlıq Şirvanda çəkilir

Tütün məmulatlarına gəlincə, iqtisadi rayonlar arasında "lider" Dağlıq Şirvan iqtisadi rayonudur. Burada ev təsərrüfatlarının istehlak xərclərinin 2.3 faizi məhz tütün məmulatlarına sərf olunur. Maraqlıdır ki, digər xərc istiqamətləri üzrə iqtisadi rayonlar arasında bir o qədər fərq olmasa da, Dağlıq Şirvan iqtisadi rayonunda tütün məmulatlarına sərf edilən vəsaitin miqdarı digər iqtisadi rayonların ortalamasından təxminən iki dəfə çoxdur. Tütün istehlakı baxımından ən sağlam həyat tərzi Naxçıvan Muxtar Respublikasındadır. Burada tütün məmulatlarınının istehlakı ev təsərrüfatlarındakı istehlakın cəmi 0.6 faizi qədərdir.

Quba-Xaçmaz zonasında hər 100 manatın 12-sini kafe və restorana xərcləyirlər

İqtisadi rayonlarda mehmanxana, kafe və restoran xidmətlərinə sərf edilən vəsait arasında da fərqlər gözə çarpır. Bu tip xidmətlərə ən çox vəsait sərf edilən region Quba-Xaçmaz iqtisadi rayonudur. Burada ev təsərrüfatlarının hər 100 manatlıq istehlak xərclərinin təxminən 12 manatı bu istiqamətə xərclənir. Amma, məsələn, Lənkəran iqtisadi rayonunda bu göstərici cəmi 5.4 manatdır.

Şəki-Zaqatala zonasında hər 100 manatın 11-i kommunal xərclərə gedir

Su, işıq, qaz və digər yanacaq növlərinə sərf edilən vəsaitin ümumi istehlak xərclərindəki payına görə lider bölgə Şəki-Zaqatala iqtisadi rayonudur. Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Şəki rayonlarını əhatə edən iqtisadi rayonda əhalinin istehlak xərclərinin 11 faizini kommunal xidmətlər tutur. Su, işıq, qaz və digər yanacaq növlərinə sərf edilən vəsaitin ümumi istehlak xərclərindəki payının ən aşağı olduğu bölgə isə Naxçıvan Muxtar Respublikasıdır. Bu tip xərclər muxtar respublikada ev təsərrüfatı xərclərinin cəmi 5.4 faizidir.

XS
SM
MD
LG