Son zamanlar Azərbaycanda gənclər arasında sol ideologiyaya meyllənmə sezilməkdədir. Bu meyllənmə çoxdurmu, azdırmı, yəqin, bunu araşdırmalar müəyyənləşdirməlidir. Ancaq sosial mediada gedən, saatlarla uzanan müzakirələrdən, debatlardan da solçuların səsinin bir qədər artdığını hiss etmək mümkündür.
İqtisadçı Toğrul Maşallı da solçudur. O, gənclərin solçuluğa meyllənməsini daha çox sosial problemlərlə əlaqələndirir:
"Cəmiyyətdə çox ciddi şəkildə bərabərsizlik müşahidə olunur. Varlılar daha çox varlanır, kasıblar bir az da kasıblaşır. Gənclər, tələbələr o problemlərin həllini axtarırlar. Onlara ən yaxın ideologiya sol ideologiyadır. Onun əksi olan ideologiya bu vəziyyətdən çıxışı təklif etmir".
T.Maşallının fikrincə, sol ideologiyanın hökmran olacağı dövlətdə sosial problemləri həll etmək mümkündür.
"Mərkəzdə insan olacaq, indiki kimi olmayacaq. İndi əsas sahibkarlardır, iqtisadi məsələlərdir, nəinki insanın güzəranı", – iqtisadçı bildirir.
Rüstəm İsmayılbəyli tələbədir, sosial-demokratdır. Hərçənd, Azərbaycan Sosial Demokrat Partiyasına üzvlüyü ağlının ucundan belə keçirmir. Bu haqda az sonra.
O, nəinki Azərbaycanda, bütün dünyada sola meyllənmənin artdığını, mərkəz ideologiyalardan uzaqlaşmanın müşahidə olunduğunu iddia edir. Tələbənin sözlərinə görə, Azərbaycanda daha çox radikal solçuluğa, sosializmə maraq artmaqdadır. Bunun səbəbini də, T.Maşallı kimi, sosial-iqtisadi ədalətsizliklə bağlayır:
"Ümumiyyətlə, insan ədalətsizlik görəndə, əsas da iqtisadi çətinliklər, gəlir ədalətsizliyini görəndə sola meyllənir. Sol gəlir ədalətini təmin edir. Azərbaycanda gəlir ədalətsizliyi pik səviyyədədir. Bir qrup insan istədiyi qədər pul xərcləyə bilir, böyük qrup isə əzilməkdədir. Buna görə gənclər sosialist inqilabına, ədalətli iqtisadi bölgünün təmin olunmasına inanırlar. Mən inanıram ki, çox qazanandan çox vergi almaq, az qazanana çox sosial yardım göstərmək, təhsilin, səhiyyənin pulsuz olması insan haqqıdır. Bizim tezisimiz budur".
"Nəzəriyyəni öyrənmirlər"
Azərbaycanda Sosial Demokrat Partiyasının qurucularından, ona uzun zaman rəhbərlik edən, solçuluq ideyalarının bugün də tərəfdarı olan siyasi şərhçi Zərdüşt Əlizadə hesab edir ki, gənclər arasında sola meyllənmə artsa da, onlar bu ideologiyanı dərindən mənimsəmirlər. Siyasi şərhçinin fikrincə, onları "sol mübarizənin romantik görüntüləri", məsələn, Cənubi Amerika ölkələrində, Türkiyədə, Kubada "solçuların qəhrəman surətləri", sol terrorçular cəlb edir. Onun sözlərinə görə, solçuluq nəzəriyyənin öyrənilməsindən başlanılmalıdır.
Z.Əlizadə nəzəriyyəni öyrənənlərinsə çox az olduğunu düşünür. O, solçuluğun Azərbaycana Rusiyadan gəldiyini, burda oturuşmadığını qeyd etsə də, bu ideologiyanın ölkədə inkişafına obyektiv zəmin, sosial ədalətə, muzdlu əməkçilərin hüquqularının qorunmasına ehtiyac olduğunu düşünür.
Təşkilatlanma yoxdur
T.Maşallı deyir ki, solçuluğa meyl hiss edilsə də, onların təşkilatlanması müşahidə olunmur. Bunu onlar özləri də etiraf edir: "Sol olaraq əfsus ki, köhnədən qalan təşkilatlar çıxış edir. Kommunist partiyası, ya başqaları ənənəvi partiya kimi qalıblar, cəmiyyətə təsir göstərəcək fəaliyyətlə məşğul deyillər. Onların üzvləri yaşlılardır, gənclər nadir halda onları dəstəkləyirlər. İndi yeni təşkilatlar yoxdur. Ancaq gənclər bir-birini sosial mediada, orda-burda tapırlar, təşkilatlanma isə hələ başlanmayıb. Bu, yalnız bir neçə ilə mümkün olacaq".
"...solun imitasiyasıdır"
Siyasi şərhçi Z.Əlizadə gənclərin klassik kommunist, sosial-demokrat və başqa partiyalara üzv olmamalarına haqq qazandırır: "Gənclər haqlıdırlar. Klassik partiyalar sol partiya deyillər, solun imitasiyasıdır. Necə bizdə hakimiyyət demokratiyanı imitasiya edir, bizim sağ müxalifət millətçiliyi imitasiya edir, bu partiyalar da görüntü yaratmaqla məşğuldurlar. Nə Kommunist, nə də Sosial-Demokrat Partiyası sol partiyadır. Vaxtilə bizim Sosial-Demokrat Partiyası sol partiya idi, 2000-ci ilə qədər qanunvericilikdə muzdlu əməkçilərin hüquqlarını müdafiə edən qanun-qaydaların tətbiqinə çalışırdıq. 2000-ci ildən sonra Sosial-Demokrat Partiyası öldü, oldu bir alət. Kommunist partiyaları isə, ümumiyyətlə, Heydər Əliyev kursundan kənara çıxa bilmədilər".
Azərbaycan Kommunist Partiyasının üzvü Əhməd Rəhmanov uzun zamandır partiyaya gedib-gəlmədiyini deyir: "Qarşıda məqsəd olmalıdır. Ənənəvi partiyalara üzv olmaq mümkündür. Amma partiyada üzvü saxlamaq üçün ağıl, güc olmalıdır. Amma o partiyalarda belə potensial yoxdur. Düz edib partiyalara gəlmirlər. Uzun zamandır ora gedib gəlmirəm".
AzadlıqRadiosu sözügedən ənənəvi sol partiyaların sədrləri Telman Nurullayev (Kommunist), Araz Əlizadə (Sosial Demokrat), Rauf Qurbanovla (Kommunist) əlaqə saxlamağa çalışsa da, onlarla danışa bilməyib.