Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:26

'Sayğacın üstünə ağac aşıb, adama cərimə yazıblar ki, müdaxilə eləmisən'


Qaz sayğacı
Qaz sayğacı

Məhkəmələrdəki mülki mübahisələrin bir hissəsi "Azəriqaz"la istehlakçılar arasında gedir. Vətəndaşlar iddia edir ki, "Azəriqaz" onlara saxta cərimə və borclar yazır, bu haqda aktlar tərtib edilir. Qarşı tərəf isə bunu pozuntuya yol verən vətəndaşların məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir.

Saatlı rayonunun Xanlarkənd kəndinin sakini Polad Paşayev də eyni problemlə üzləşənlərdəndir. Onun evinə gələn qaz sayğacına müdaxilə (sayğacın zavod qurğuşun plombunun kəsilməsi) iddiasıyla 342 manat cərimə yazılıb, bu məbləği ödəmək tələb olunub. P.Paşayev isə deyir ki, özü və ailə üzvləri sayğaca müdaxilə etməyib, ona görə də cərimənin silinməsi üçün məhkəməyə üz tutub. Saatlı Rayon Məhkəməsi onun iddiasını təmin etməyib. O da qərardan apellyasiya şikayəti verib.

"Günün 24 saatını ona nəzarət edə bilmərik axı..."

P.Paşayev deyir ki, pensiyaçıdır, əsəb xəstəliyindən əziyyət çəkir. 6-nəfərlik ailəsi çətinliklə dolanır. Qaz idarəsinin işçilərinin onlara 342 manat cərimə yazması vəziyyəti bir az ağırlaşdırıb. Onun sözlərinə görə, "Azəriqaz"ın əməkdaşları sayğacı dəyişdirmək adıyla çıxarıb aparıblar, sonradan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akt tərtib ediblər. Aktda da sayğacın qurğuşun plombunun kəsildiyi qeyd olunub: "Qaz idarəsinin işçiləri bizim savadsız olmağımızdan istifadə edib, belə haqsız akt tərtib ediblər, yüksək cərimə yazıblar. Halbuki, sayğacda nöqsan vardısa, bizə xəbərdarlıq edərdilər. Sayğacı aparanda da lazımi qaydada qablaşdırıb möhürləməyiblər. Sayğac evin həyətindən də kənarda – küçədə quraşdırılıb. Biz günün 24 saatını ona nəzarət edə bilmərik axı...".

Şirvan Apellyasiya Məhkəməsi mayın 18-də onun şikayətini təmin edərək aktın ləğv olunması və 342 manatlıq borcun silinməsinə qərar verib.

Məhkəmələr həmişə olmasa da, bir çox hallarda bu cür məsələlərdə vətəndaşların xeyrinə qərar çıxarır. Bu qərarlarda da daha çox Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarıyla təsdiq edilmiş "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə istinad edirlər. Həmin bəddə yazılıb ki, "fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır". Hüquqi şəxslərdə isə cavabdehlik onların özünün üzərindədir.

"Azəriqaz" narazıdır

"Azəriqaz" da bu cür qərarlara görə məhkəmələrdən narazıdır. Hüquq Departamentinin rəhbəri Vüqar Eyvazov şirkətin vebsaytındakı məqaləsində yazır ki, məhkəmələrin "Azəriqaz" əleyhinə qərarları bu qurumun maliyyə vəziyyətinə mənfi təsir göstərir, debitor borcun şişirdilməsinə, yığım səviyyəsinin azaldılmasına səbəb olur.

V.Eyvazov özəlliklə borc mübahisələri ilə bağlı məhkəmə çəkişmələri gedən dövrdə istehlakçının qazla təminatının dayandırılmasının qadağan edilməsi haqda qərardadlardan narazıdır. Departament rəhbəri bildirir ki, "Qazdan istifadə qaydaları"nda hesab istehlakçıya təqdim edildikdən sonra bir ay ərzində tam ödənilməsə, qazın verilişinin dayandırılması haqda müddəalar əksini tapıb. Amma məhkəmələr bir çox hallarda bunu qadağan edir.

"Bu cür qərarların qəbulu artıq neqativ tendensiyanın formalaşdırılmasına, o cümlədən kütləvi xarakter daşıyan qaz sayğaclarına müdaxilə və qaz xətlərinə qeyri-qanuni qoşulma nəticəsində külli miqdarda dövlət müəssisəsinə ziyan vurulmasına, dövlət əmlakının talan olmasına zəmin yaradır", – departament rəhbərinin sözləridir.

1 milyon abonent mexaniki sayğacdan istifadə edir

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı "Azəriqaz"la cərimə, borc problemi yaşayan bir sıra vətəndaşların məhkəmələrdə hüquqlarının müdafiəsini həyata keçirib. Təşkilatın rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, özləri də bu problemlə bağlı ayrıca araşdırma aparıb, hesabatı hökumət orqanlarına da göndəriblər. Belə nəticəyə gəliblər ki, "Azəriqaz" bu cür üsullardan istifadə etməklə qaz itkisini əhalinin hesabına silməyə çalışır: "Düzdür, əhali arasında da məsuliyyətsiz vətəndaşlar olur, sayğaca müdaxilə edənlər var. Amma araşdırmalarımız göstərdi ki, əksər hallarda "Azəriqaz"ın işçiləri saxta aktlar tərtib edib, əsassız borc yazırlar. Ən əsası, onlar müəyyənləşdirə bilmirlər ki, bu sayğaca vətəndaş bilərəkdən müdaxilə edib, yoxsa başqa səbəbdən problem yaranıb. Bizim müdafiə etdiyimiz bir istehlakçı vardı, küçədə sayğacın üstünə ağac aşmışdı, adama böyük məbləğdə cərimə yazmışdılar ki, "sayğaca müdaxilə eləmisən". Abunəçinin özünün bilərəkdən müdaxilə etdiyini sübut etmək lazımdır".

Hüquq müdafiəçisinin sözlərinə görə, ölkədə 3 milyona yaxın qaz abunəçisi var, bunun 95 faizi əhalidir. M.Qəhrəmanlı deyir ki, 1 milyona yaxın abonent mexaniki sayğacdan istifadə edir, aldadılanlar da, əsasən, onlar olur: "Elektron sayğaclarda ödəniş kartla olduğundan bu saxtakarlıq siyasətini həmin sayğaclarda tədbiq edə bilmirlər".

XS
SM
MD
LG