Fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalandı. Onda Azərbaycan Prezidenti İlham Əliyev dedi ki, "bəyannamə üzərində praktiki iş bir ildən bir qədər artıq bundan əvvəl başlanıb".
Bəs belə olan halda, Azərbaycan ictimaiyyətinə bu barədə nədən məlumat verilməyib? Bundan hakimiyyətlə dialoqa gedən partiyaların xəbəri var idimi? Yox idisə, dialoq bitdimi?
Hakimiyyətə yaxınlığı ilə seçilən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı "Turan"a bildirib ki, sözügedən bəyannamənin imzalanacağı ilə bağlı xəbərləri olmayıb: "Diplomatik münasibətlərin ortaya qoyduğu və hər kəs tərəfindən qəbul edilmiş yanaşma bunu tələb edir. Ona görə də belə bir sənədin üzərində iş getməsindən xəbərimiz yox idi. Ancaq cənab prezidentin Rusiyaya səfərindən bir neçə gün öncə bununla bağlı çox qısa və məhdud məlumatlar verildi".
"Bir il öncə cəmiyyətə məlumat ötürülsəydi…"
O qeyd edib ki, bəyannamənin hazırlanması haqqında siyasi partiyalara məlumat verilməməsi təbii bir haldır: "Dövlət əhəmiyyətli məsələləri, dövlət sirləri partiyalara və cəmiyyətə verilməli deyil. Bu, yalnız Azərbaycana aid deyil. Bu, bütün dünya ölkələri üçün qaçılmaz bir yanaşmadır".
Deputatın sözlərinə görə, bəyannamənin imzalanması Ermənistanı təşvişə salıb: "Üstəlik də, radikal müxalifət məsələsi var. Əgər bu bəyannamənin hazırlanması barədə altı ay, ya da bir il öncə cəmiyyətə məlumat ötürülsəydi, indiki radikal müxalifət bunun ətrafında mübahisə yaradıb belə bir ciddi sənədə qarşı etimadsızlıq mühitini formalaşdırmağa cəhd edərdi. Bu, yolverilməzdir. Ona görə də dövlətin bu yanaşması tamamilə məntiqlidir, bunun dialoqa heç bir aidiyyəti yoxdur".
"Hakimiyyət tamamilə bir əldə cəmlənib"
Siyasi şərhçisi Nəsimi Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, bu tip ümummilli əhəmiyyət kəsb edən məsələlərdə cəmiyyətin müxtəlif qrupları ilə mütləq məsləhətləşmələr olmalıdır: "Xüsusilə iqtidar-müxalifət arasında mütləq bu məsələlərlə bağlı müzakirə olmalı, müəyyən razılaşmalar əldə edilməlidir. Təəssüf ki, nə Şuşa bəyannaməsi (ötən il Türkiyə ilə bu adda oxşar sənəd imzalanıb) imzalanarkən, nə də Moskva bəyannaməsinin imzalanması ərəfəsində nəinki cəmiyyətin geniş spektrinin, hətta hökumətlə dialoqa gedən partiyaların bu barədə məlumatları olmadı".
Ekspertin sözlərinə görə, bu, çox anormal bir yanaşmadır: "Azərbaycanda qapalı bir sistem mövcuddur. Hakimiyyət tamamilə bir əldə cəmlənib və təəssüflər olsun ki, belə bir fikir formalaşıb ki, nəyi, nə zaman etmək lazımdır, yalnız birinci şəxs özü bilir".
"Hakimiyyətlər gəldi-gedərdi"
N.Məmmədlinin fikrincə, sözügedən bəyannamənin imzalanması iqtidarın daxili işi ola bilməz: "Dövlətlərarası münasibətlər hakimiyyətlər arasında münasibətlərlə məhdudlaşa bilməz. Hakimiyyətlər gəldi-gedərdi. Bu sazişlərin arxasında cəmiyyətin, dövlətin iradəsi dayanmalıdır".
Son illər Azərbaycanda fəaliyyət göstərən partiyalarla hakimiyyət arasında dialoqun olduğu bildirilir. Bu prosesdən yalnız Azərbaycan Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyaları kənarda qalıb. Onlar isə vurğulayırlar ki, bu dialoq imitasiyadır və bu imitasiyada iştirak etmək niyyətində deyillər. Hakimiyyət rəsmiləri isə onları dövlətçilik maraqlarından çıxış etməməkdə günahlandırırlar.
Xatırlatma
Fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" bəyannamə imzalanıb. 43 bəndlik sənəddə hərbi, siyasi, iqtisadi və başqa aspektlərdə əməkdaşlığın gücləndirilməsindən bəhs edilir. "Rusiya və Azərbaycan öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar", - 11-ci maddədə vurğulanır.
Üstəlik, qeyd edilir ki, tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər.
Sənəddə həmçinin iqtisadi, maliyyə və humanitar sahələrdə əməkdaşlıqdan bəhs edilir.