Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:26

Avropa Şurası ilə planlar Azərbaycana nə verib, nə verməyib…


Prezident İlham Əliyev AŞPA sessiyasında çıxış edir. 2014
Prezident İlham Əliyev AŞPA sessiyasında çıxış edir. 2014

Bu gün, aprelin 5-də Bakıda Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Planı təqdim edilib. Onu Avropa Şurasının Nazirlər Komitəsi bu il fevralın 16-da qəbul edib. Planın ümumi büdcəsi 9.6 milyon avro təşkil edir. Bu plan Azərbaycan qanunvericiliyinin, onun praktikasının insan hüquqları, qanunun aliliyi və demokratiya sahəsində Avropa Şurasının standartlarına uyğunlaşdırılmasını əhatə edir. Sənəd Avropa Şurasına üzv ölkə kimi Azərbaycanın öhdəliklərini yerinə yetirməsi üzrə səylərinin dəstəklənməsinə yönəlib.

Bundan öncə, bu qurumun Azərbaycana dair 2014-2018 və 2018-2021-ci illər üçün Fəaliyyət planları da olub. Həmin proqramlar Azərbaycanda məhkəmə hakimiyyətinin artırılması, insan haqların vəziyyəti və başqa məsələləri nəzərdə tutub.

"Azərbaycan öhdəliklərini yerinə yetirib"

Hazırkı təqdimatı zamanı Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Həbib Mikayıllı bildirib ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərini lazımınca yerinə yetirib. Onun sözlərinə görə, Azərbaycan Avropa Şurası ilə qarşılıqlı hörmət və anlaşma əsasında əlaqələrini davam etdirir.

A.Mollazadə
A.Mollazadə

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Asim Mollazadə də "Turan"a bildirib ki, ölkə bu qurumla hər zaman uğurlu əməkdaşlıq edib: "Bu, çoxşaxəli əməkdaşlıqdır. Ümidvaram ki, bu əməkdaşlıq həm Azərbaycanın maraqlarına uyğun inkişaf edəcək, həm də Avropa Şurası bu əməkdaşlıqla Azərbaycana müvafiq dəstəyi verməyə davam etdirəcək".

Deputatın sözlərinə görə, hazırda Azərbaycan müəyyən qədər maraqlıdır ki, Avropa Şurası postmünaqişə dövründə ona Qarabağda yaşayan erməni əhalisi ilə azərbaycanlı əhalisi arasında qarşılıqlı inamı artırmağa kömək etsin.

"Hər bir xalq demokratiya yolunu özü keçir"

O qeyd edib ki, demokratiya quruculuğu, insan haqları məsələsi hansısa qısa dövrdə həll olunası məsələ deyil: "Hər bir xalq demokratiya yolunu özü keçir, bu istiqamətdə çoxlu işlər görülməlidir və hansısa təcrübə təbii ki, müsbət təsir göstərə bilər. Ancaq Avropanın tarixinə baxanda görürük ki, hazırda orada da çoxlu işlər görülməlidir".

A.Məmmədli
A.Məmmədli

Hüquq müdafiəçisi Anar Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, bu Fəaliyyət Planın əvvəlkindən fərqli olacağına inanmır: "Çünki əvvəlki Fəaliyyət planları ilə bağlı ciddi nailiyyətlər yoxdur. Ölkədə nə medianın inkişafı, nə vətəndaş cəmiyyəti ilə bağlı, nə də məhkəmə-hüquq sistemində ciddi dəyişikliklər baş verib. Bu Fəaliyyət planları imzalanır, amma icrasında problem yaranır".

"Azərbaycanda bir imitasiya prosesi gedir"

Ekspertin sözlərinə görə, Avropa Şurası bu Fəaliyyət planlarını daha çox dövlət orqanları ilə icra edir: "Əvvəllər onların qəbulunda vətəndaş cəmiyyəti cəlb olunurdu. Fəaliyyət proqramları başqa ölkələrdə vətəndaş cəmiyyəti, siyasi partiyalar və medianın iştirakı ilə icra olunur. Amma Azərbaycanda bir imitasiya prosesi gedir. Sanki Azərbaycanda Avropa Şurası var, fəaliyyət göstərir. Əslində isə Avropa Şurası uzun illərdir ki, Azərbaycanı tərk edib, sadəcə burada ofisi qalıb".

Təqdimatda Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç də çıxış edib. APA saytının məlumatına görə, o deyib ki, bu plan Azərbaycanla birlikdə hazırlanıb, monitorinq qruplarının hesabatlarına əsaslanıb. Onun vurğulamasına görə, məqsəd Azərbaycan xalqının demokratik cəmiyyətdə yaşaması, demokratik təsisatların inkişafını sürətləndirməkdir: "Məqsədimiz həqiqi nəticələrin əldə olunmasıdır. Əvvəlki planların reallaşdırılması istiqamətində xeyli addımlar atılıb".

Çıxışda qeyd olunub ki, planların icrası ilə bağlı min azərbaycanlı hüquqşünas Avropa hüquqlarının mənimsənilməsi və öyrənilməsində təcrübəsini artırıb, təlimlərdə iştirak edib. Bundan başqa, Ədliyyə Akademiyasında hakim və məhkəmə işçiləri üçün təlimlər təşkil olunub.

M.P.Buriçin sözlərinə görə, müsbət nailiyyətlər var, lakin müəyyən sahələrdə hələ də problemlər var, bura ifadə azadlığı, seçki, ədalətli mühakimə sahələri daxildir.

Xatırlatma

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu ölkə quruma üzv olarkən insan hüquqları, demokratik seçkilər və başqa məsələlərlə bağlı bir sıra öhdəliklər götürüb. Azərbaycan hələ də qurumun monitorinqi altındadır.

XS
SM
MD
LG