Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:00

Azərbaycan vətəndaşları İstanbulda aksiya keçirib


Azərbaycanın İstanbuldakı Baş Konsulluğu qarşısında aksiya
Azərbaycanın İstanbuldakı Baş Konsulluğu qarşısında aksiya

Türkiyədə işləyən Azərbaycan vətəndaşları dünən, aprelin 15-də ölkələrinin İstanbul şəhərində yerləşən konsulluğu qarşısında etiraz aksiyasını keçirib.

İştirakçılardan biri Habil Məmmədovun AzadlıqRadiosuna bildirməsinə görə, aksiya konsulluğun onların taleyinə biganə yanaşmasına görə keçirilib: "Biz, 10 nəfər İstanbul şəhərində işləyirdik. Lakin koronavirus epidemiyasına görə karantin tətbiq olundu və işimiz dayandı. Oturduq evdə və qazandığımız pulları xərclədik. Mən video yayımladım ki, konsulluğumuz bizimlə maraqlanmır. Bundan sonra Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hərəmizə 200 türk lirası (55 manat) yardım ayırdı ki, ticarət mərkəzlərindən birində ərzaq ala bilək. Biz bildirdik ki, kirayə pulunu ödəmədiyimizə görə ev yiyəsi bizi evdən çıxardır".

"Konsulluğa ac, susuz piyada yol getmişik"

H.Məmmədovun iddiasına görə, onların kirayə və kommunal xərcləri Azərbaycan səfirliyinə verilib:


"Biz konsula müraciət etdik. O bizə bildirdi ki, belə bir şey yoxdur. Ona görə biz etiraz aksiyanı keçirmişik. Konsulluğa ac, susuz 4 saat 25 dəqiqə piyada yol getmişik. Nəticəsi də bu oldu ki, Türkiyə polisləri bizi dağıtmaq üçün gəldi. İndi biz nə edəcəyimizi bilmirik. Burada yüzlərlə Azərbaycan vətəndaşı belə vəziyyətdədir. Yalandan bizi aldadırlar ki, iki gün sonra gələk. Bizə konsulluq açıq cavab versin ki, yardım etməyəcəklər. Əgər bizə burada konsulluq yardım etmirsə, onda bu konsulluq nəyə lazımdır?".

Səfirliyin mövqeyi

Azərbaycanın Türkiyədəki səfirliyi orada olan ölkə vətəndaşlarının probleminin həllinə yardım etmək məqsədilə təkliflər üzərində işləyir.

Bunu isə Azərbaycanın Türkiyədəki səfirliyindən REAL TV-yə bildiriblər: "Yaxın günlərdə qərar qəbul ediləcək və o qərara əsasən, kimlərin kirayə mənzil pullarının ödəniləcəyinə qərar veriləcək. Üstünlük tələbələrə və bu ölkədə müvəqqəti yaşayan həmyerlilərimizə veriləcək".

Türkiyədən gələn tələbələr narazılıq edirlər
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

XİN-in mövqeyi

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətin rəhbəri Leyla Abdullayeva isə "Turan" agentliyinə bildirib ki, xaricdə yaşayan ölkə vətəndaşlarına mərhələli şəkildə yardımlar göstərilir: "Müraciətlər həm yazılı, həm qaynar xətlər vasitəsilə Azərbaycanın diplomatik nümayəndəliklərinə ötürülür. Təbii ki, bu məlumatlar nümayəndəliklərin məlumat bazalarına daxil edilir. Eyni zamanda, müraciətlər Xarici İşlər Nazirliyinə ötürülür. Nazirlik isə operativ qaydada onları Nazirlər Kabineti yanında Operativ qərargaha ötürür. Ona görə konsulluq müraciətlərə baxmır, düzgün yanaşma deyil. Çünki konsulluğa müraciətlər həm yazılı, həm şifahi qaydada daxil olur. Aksiya etməklə və konsulluğun qarşısına gəlməklə edilmir".

"Türkiyəyə gəlincə,…"

L.Abdullayeva qeyd edib ki, bir aydan çoxdur, qaynar xətlər fəaliyyət göstərir və həmin nömrələrə, o cümlədən Türkiyədəki nümayəndəliklərinə saysız-hesabsız zənglər gəlir: "Edilən bütün zənglər və müraciətlər haqqında qeydlər götürülür. Türkiyəyə gəlincə, orada minlərlə müraciətlərdən söhbət gedir. Bütün bu müraciətlər toplanır, aidiyyəti üzrə baxılır və çoxsaylı əhaliyə yardım göstərilir. Amma yardımlar birdən-birə eyni vaxtda hamıya edilə bilməz. Bu da anlaşılandı. Əgər söhbət kirayə haqqından gedirsə, o daşınmaz əmlakın sahibi ilə əlaqə saxlanılır, vəziyyət öyrənilir. Bütün bu köçürmələr qısa müddət ərzində baş tuta bilməz. Amma çoxsaylı insanlara bugünədək yardımlar həyata keçirilib və yardımlar davam etdirilir".

Bugün, aprelin 16-da Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da xaricidə olan Azərbaycan vətəndaşlarının məsələsinə toxunub. F.Muradov deyib ki, ümumilikdə 47 ölkədən 5 min 104 müraciət daxil olub, 1942 nəfərə müxtəlif yardımlar edilib: "Onlar müalicə, iş dalınca gedənlər, tələbələr və s. olub".

"İşsiz, pulsuz qalmışıq" Rusiyada işləyən azərbaycanlı danışır
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 135 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə hazırkı dövrədək 1283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 460 nəfər müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da kütləvi tədbirlər ləğv edilib (Azərbaycanda bir ay ərzində). Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

Azərbaycana gəliş-gediş aprelin 5-dən dayandırılıb. Bundan öncə, martın 15-dən isə Azərbaycanla Türkiyə arasında əhalinin qarşılıqlı səfərləri dayandırılmışdı.

XS
SM
MD
LG