Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 02:26

'Rusiya ikitərəfli danışıqlara mane olmağa çalışa bilər'


İ.Əliyev və N.Paşinyan
İ.Əliyev və N.Paşinyan

Azərbaycan Ermənistana ikitərəfli danışıqları təklif edib. Təklifi iyunun 30-da Xarici İşlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında səsləndirib. O bildirib ki, Azərbaycan Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edir: "Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir...".

Bundan əvvəl iki ölkə arasında istənilən danışıqlar üçüncü tərəfin vasitəsilə həyata keçirilib. Bəs hazırda Azərbaycanla Ermənistanın ikitərəfli danışıqları mümkündürmü?

Milli Məclisin deputatı Aydın Mirzəzadə "Turan"a bildirib ki, Azərbaycanla Ermənistan arasında hər hansı birbaşa təmas olmayıb və yoxdur: "Ötən il Vətən müharibəsindən sonra Rusiyanın iştirakı ilə iki dəfə üçtərəfli sazişlər bağlandı və bütün məsələlər üçtərəfli komissiyada həll olunur".

A.Mirzəzadə
A.Mirzəzadə

"Birbaşa təmasın qurulma zamanı gəlib çatıb"

Lakin deputatın fikrincə, artıq Ermənistanla Azərbaycan arasında birbaşa təmasın qurulma zamanı gəlib çatıb: "Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Azərbaycan Ermənistanla sərhəd demarkasiyası məsələsini gündəmə gətirib, heç bir şərt qoymadan Ermənistanı bu məsələni həll etməyə çağırır. Belə baxanda hətta üçtərəfli komissiyada istər istəməz tərəflər bir-biri ilə bu məsələni müzakirə etməlidirlər".

A.Mirzəzadə hesab edir ki, bu baxımından Xarici İşlər naziri C.Bayramovun təklifi günün tələblərinə cavab verir: "Tərəflər bu gün demarkasiya məsələsini, Zəngəzur dəhlizinin açılması məsələsini həll edə bilər, sonra isə nə zamansa Azərbaycanla Ermənistan arasında normal ikitərəfli qonşuluq münasibətləri qurulmalıdır".

E.Şahinoğlu
E.Şahinoğlu

"Ermənistan prosesə üçüncü tərəfi qatmaq istəyir"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da AzadlıqRadiosuna C.Bayramovun təklifini müsbət qiymətləndirdiyini bildirib. Ekspertin sözlərinə görə, Azərbaycan müharibədə qələbə çalıb, torpaqlarını işğaldan azad edib: "Ona görə də Ermənistanla ciddi problemimiz qalmayıb və biz ikitərəfli danışıqlara gedə bilərik".

Politoloqun fikrincə, Ermənistan prosesə üçüncü tərəfi qatmaq istəyir: "İstər Rusiya, istər ABŞ, ya da Fransa olsun, Ermənistan onları prosesə qatmaq istəyir. Lakin sərhəd məsələsi iki ölkə arasında həll olunası məsələdir. Biz istəmirik üçüncü dövlət bu məsələyə qarışsın. Nə qədər çox Rusiya kimi dövlətlər məsələyə qarışmasa, bu, həm bizim, həm də Ermənistan üçün daha faydalı olar".

Ermənistan öz ərazisində Rusiya hərbi bazalarının genişlədirilməsi üçün danışıqlar aparır
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

"Nikol Paşinyan özü də bəzən..."

E.Şahinoğlu deyir ki, belə nümunə artıq bir dəfə olub: "İlk dəfə Rusiya vasitəçiliyi olmadan Gürcüstan, ABŞ və Avropa Birliyinin vasitəçiliyi ilə biz saxlanan Ermənistan hərbi qulluqçularını mina xəritələrinə dəyişə bildik. Bu prosesi davam etdirmək lazımdır. Düzdür, Ermənistan Rusiyadan asılıdır. Amma Nikol Paşinyan özü də bəzən Rusiyanı kənarda qoyan ssenarilərdə iştirak edə bilir".

Politoloqun fikrincə, Rusiyada müəyyən qüvvələr Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar prosesinə mane olmağa çalışa bilər: "Lakin Gürcüstan vasitəsilə həmin hərbçilərini xəritələrə dəyişməsi və Rusiyanın buna mane olmaması göstərdi ki, gələcəkdə də bu istiqamətdə addımlar atıla bilər. Ona görə də Ceyhun Bayramovun bu təklifi yəqin prezidentlə də razılaşdırılıb və müsbətdir. Görək Ermənistan buna necə münasibət bildirəcək".

Hələlik, təklifə Ermənistandan rəsmi reaksiya bildirilməyib.

Bakı ilə Yerevandan ziddiyyətli bəyanat: Zəngəzur dəhlizində nə yenilik var?
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

XS
SM
MD
LG