Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:18

'Əliyev dostuna qarşı belə şeyə imza atmaz'


A.Lukaşenko və İ.Əliyev
A.Lukaşenko və İ.Əliyev

Dekabrın 15-də Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində VI Sammitin yekununda qəbul olunan birgə bəyannamədə Belarusda siyasi vəziyyət haqqında ayrıca paraqraf yer alıb. Azərbaycan həmin 11-ci paraqrafa qoşulmaqdan imtina edib. Üstəlik, Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi ilə bağlı 2017-ci ildən başlayan danışıqlar da, hələlik, bir nəticə verməyib. Hərçənd, Prezident İlham Əliyev VI Sammitdə çıxış edərkən bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxu artıq başa çatdırılıb: "Sənədin qalan hissəsinin qarşıdan gələn dövr ərzində aparılacaq danışıqlar nəticəsində yekunlaşdırılacağına ümidvarıq". Amma işin 90 faizinin arxada qaldığını Azərbaycan rəsmiləri son bir neçə ildə dəfələrlə dilə gətiriblər.

XİN
XİN

"Azərbaycanın xarici siyasət prinsiplərinə uyğun olmaması…"

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, birgə bəyannamədə Belarusla bağlı əks olunmuş fikirlər Azərbaycanın xarici siyasət prinsiplərinə uyğun olmadığından ölkəsi onu yalnız öz qeyd-şərti ilə qəbul edib. L.Abdullayeva vurğulayıb ki, Azərbaycan hər zaman "Şərq Tərəfdaşlığı" proqramının qarşıdurma məzmununda qurulmasının əleyhinə olub. Onun sözlərinə görə, bu prinsip birgə bəyannamənin özündə də əks olunub: "Burada qeyd olunur ki, "Şərq Tərəfdaşlığı" konstruktiv əməkdaşlığa əsaslanır və heç kimə qarşı yönəlməyib. Ölkəmizin mövqeyi ondan ibarətdir ki, Aİ üzv ölkələri və tərəfdaş ölkələr üçüncü ölkələrlə münasibətlərində müşahidə olunan çağırış və çətinlikləri "Şərq Tərəfdaşlığı" proqramına gətirməməlidirlər".

Milli Məclisin deputatı Azər Badamov da "Turan"a bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri çox yüksək səviyyədədir: "2018-ci ildə Avropa İttifaqı ilə "Tərəfdaşlıq prioritetləri" sənədi paraflanmışdır. Sazişin isə 90 faizi razılaşdırılıb, 10 faizi qalıbdır ki, onların da razılaşması öz həllini tapır".

"Azərbaycan ikitərəfli münasibətlərin…"

Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqına üzv olan dövlətlərlə ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlıdır. Deputat habelə vurğulayıb ki, Azərbaycan Avropa məkanının enerji təhlükəsizliyində yaxından iştirak edir: "Ötən ilin dekabrından Avropa İttifaqına 7 milyard kubmetrdən çox qaz ixrac olunub. Gələn ilə bunun 9 milyarda, 2023-cü ildə isə 11 milyarda çatdırılması nəzərdə tutulur".

A.Qasımlı
A.Qasımlı

"Avtoritar rejimlər bir birinə dəstək verir"

Siyasi şərhçi Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Prezident İ.Əliyevin Belarusla bağlı paraqrafa imza atmayacağı bəlli idi: "Hakimiyyətdə əgər avtoritar rejimdirsə, seçim aydındır. "Şərq Tərəfdaşlığı" proqramı özü özlüyündə avtoritarizmə zidd olan bir proqramdır. Amma məsələ o yerə gəlib çatıb ki, Azərbaycan bir dövlət olaraq orada iştirak edir. Problem də odur ki, avtoritar ölkə demokratik platformada iştirak edir. Başqa nə gözləyə bilərdilər ki, İlham Əliyevi ora çağıranda? Təbii ki, Prezident İlham Əliyev öz dostuna qarşı belə şeyə imza atmaz. Postsovet məkanında avtoritar rejimlər bir-birinə dəstək verir".

"İlham Əliyev də bunu edir"

Politoloq xatırladıb ki, "Şərq Tərəfdaşlığı" proqramı elan ediləndə Belarus da götürülüb: "Belarus başqa bir yol seçdi və bu əlaqələri tamamilə qırdı. Əgər dəyərlər prinsipindən və hətta geopolitika prinsipindən yanaşsaq, Lukaşenko ilə İlham Əliyev arasında ciddi fərq yoxdur. Lukaşenko da məlum hadisələrdən qabaq ara-sıra Qərblə Rusiya arasında balans siyasətini yürütməyə çalışırdı. İlham Əliyev də bunu edir".

Onun sözlərinə görə, Qərbin siyasəti, əsasən, bu tipli ölkələri prosesə qatmaq, yavaş-yavaş olsa da, nələrisə dəyişmək və İ.Əliyev kimi liderlərin Rusiyaya doğru getməsinə tam imkan verməməkdir: "Təbii ki, onlar strateji olaraq Azərbaycanı demokratik görmək istəyirlər, amma nə qədər ki, Ukrayna problemi var, Cənubi Qafqazda olan ölkələrin problemlərini ikinci plana çəkiblər".

Azərbaycanla Avropa Birliyi nələri razılaşdıra bilmirlər?
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Xatırlatma

Azərbaycan Aİ ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı (Gürcüstan, Moldova, Ukrayna, Azərbaycan, Ermənistan və Belarus) keçmiş sovet respublikasının Aİ ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq Aİ ilə assosiasiya sazişlərini imzalayıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir.

Şərq Tərəfdaşlığı və Belarus arasında əməkdaşlıq isə dayanıb.

Sözü gedən bəyannamənin 11-ci maddəsində Belarusun Şərq Tərəfdaşlığındakı iştirakını dayandırmasından təəssüf ifadə olunur və bildirilir ki, bu ölkədə demokratik keçid zəruri şəraiti yaratdıqdan sonra Minsklə əməkdaşlıq bərpa oluna bilər. Bu da qeyd olunur ki, Aİ Belarus vətəndaşlarını, bu ölkənin vətəndaş cəmiyyətini və müstəqil mediasını dəstəkləməkdə davam edəcək.

XS
SM
MD
LG