Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:47

Astarada ruhi xəstəxanaya salınan müəllimin göz yaşları


Astarada ruhi xəstəxanaya salınan müəllim
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

Astarada ruhi xəstəxanaya salınan müəllim

Astara rayonunun Pensər kəndindəyik. Məqsədimiz son zamanlar sosial şəbəkələrdə yayılan məlumatlara görə, məcburi qaydada psixiatriya xəstəxanaya salınan Astara şəhər 2 saylı məktəbdə ingilis dili müəllimi işləmiş Fuad Mehrəliyevi görmək idi.

F.Mehrəliyevin evi kənd məscidi ilə yanaşıdır. Onunla həyətində görüşdük. Çox sakit, mədəni davranışları var idi. O, ailəlidir, iki uşağı var. Yoxsul həyat yaşayır. F.Mehrəliyev deyir ki, 6 il pedaqoji sahədə çalışıb. Ucqar kənd məktəblərində işləyib. Astara şəhər 2 saylı məktəbə işə girəndən sonra isə problemlər meydana çıxıb:

«Məndən tələb olunan pulu vermədim»

«2017-ci ildə müəllimlərin işə qəbulu ilə bağlı diaqnostik qiymətləndirmədə iştirak etdim, 54 bal topladım. Astara şəhər 2 saylı məktəbə ingilis dili müəllimi təyin olundum. Bu ilin mayına qədər hər şeyə dözürdüm. Sonra gördüm ki, mümkün deyil. Hamımız bilirik ki, məktəblərdə aylıq pullar yığılır. Bu pullar direktora verilir, o da pulu yuxarılara ötürür. Məndən tələb olunan pulu vermədim. Ondan sonra mənə təzyiqlər başladı. Mənim boynuma qoyurdular ki, rəhbər olduğum sinifdə partalar sınıb. Guya ona görə pul yığırlar. Mən sinfə getdim, məlum oldu ki, yalan deyiblər. Partalar sınmamışdı».

Dükanlara bir ətək borcu olan müəllim...
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Sosial şəbəkələrdə rüşvətxorluğa qarşı çıxışlar

F.Mehrəliyevin deməsinə görə, onun haqlı tələblərini dinləmək əvəzinə rayon təhsil şöbəsi də bu təzyiqlərə dəstək verib:

«Sonra rayon təhsil şöbəsinin müdirinin də təzyiqləri başladı. Mən sosial şəbəkələrdə video ilə rüşvətxorluğa qarşı çıxışlar etdim».

O deyir ki, bir il bundan əvvəl məktəbə sağlamlıq haqqında arayış təqdim edib:

«Məktəbə işə girəndə sağlamlıq haqqında arayış vermişdim. Arayışda bildirilirdi ki, mən sağlamam…».

Kövrəlir... Özünü sakitləşdirməyə çalışır. Bir neçə dəqiqədən sonra sözünə davam edir:

«Elə bil ki, rüşvət onların and yeridir»

«Mənim günahım həqiqəti demək olub. Bu işə polisləri də qoşdular. Polislər dəfələrlə məni çağırdılar. Deyirdilər ki, rəis səni istəyir. Dedim ki, çağırış vərəqəsi verin, mən gəlim. Vərəqə gətirmədilər. Qapımı sındırdılar. Qohumlarımı incitməyə başladılar. Məcbur olub polis şöbəsinə getdim. Orada hər şey hazırlamışdılar. Sənədləşdirdilər, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasına apardılar. 27 gündən sonra «kəskin paranoid» diaqnozu ilə oradan çıxdım. Hətta bu diaqnozla da işləmək mümkün idi. Sənəd təqdim etdim məktəbə. Həmin saatı da həmkarların iclasını çağırdılar, məni işdən çıxartdılar. Mən ailəliyəm, iki övladım var. Həmkarlar əslində müəllimə çətin vaxtlarda yardım etməlidir. Bütün bunları haqsızlıq kimi qiymətləndirirəm. Mənim hüquqlarım bərpa olunana qədər mübarizə aparacağam. Mən rüşvət versəydim, bu hadisələr olmazdı. Elə bil ki, rüşvət onların and yeridir. Sanki müəllimlərə göstərirlər ki, onların tələbinə tabe olmayanın aqibəti belə olacaq».

«Anama təzyiqlər oldu»

F.Mehrəliyev deyir ki, onun anasına da təzyiq olub:

«Anama təzyiqlər oldu. Ona demişdilər ki, oğlun xəstəxanaya getməsə, həbs olunacaq. Anam da məcbur qalıb məni xəstəxanaya aparılmağıma razılıq verib. Hesab edirəm ki, məndə başqa nöqsan tapa bilmədikləri üçün bu yola əl atdılar. Səhhətimdə problem yoxdur».

X.Mehrəliyeva
X.Mehrəliyeva

«Mən istəmirdim imza atam»

Anası Xanımbacı Mehrəliyeva da söhbətə qoşulur:

«Məni polisə çağırdılar. Dedilər, uşaqdan şikayət var, xəstədir. Mən onlara dedim ki, onda bir az əsəbilik var. Dedim ki, mənim balama məktəbdə haqsızlıq olub. Uşaq oradan həmişə evə əsəbi gəlirdi. Deyirdim ki, işdə söz olar, iş belədir. Mən rəisə dedim ki, uşağım psixi xəstə deyil. Mən onu böyütmüşəm. Çox savadlıdır. Öz biliyi ilə ali məktəbi bitirib. Həkim də gətirdilər. Dedilər, çıxış yolu budur. Mən istəmirdim imza atam. Dedilər, gərək bunu çəkəsən. Sonra apardılar xəstəxanaya. Onun körpə balaları var. Mən də pensiyaya çıxmışam. Özü də xəstəyəm. Pensiya pulu dərmanlarıma güclə çatır. Həyat yoldaşım da rəhmətə gedib. Onları necə saxlayım?».

Həkim: «Xəstə olduğunu görmüşəm»

Astara Rayon Mərkəzi Xəstəxanasına yollanırıq. Xəstəxananın həkim-psixiatrı Əyani Ağayev bizə F.Mehrəliyevin xəstəlik sənədlərini göstərib bildirdi ki, bu məsələdə heç bir qanun pozuntusu yoxdur:

«Fuad Mehrəliyev bizdə qeydiyyatda durur. Əvvəllər olmayıb. Polisə çağırıblar, orada onu yoxlamışam. Xəstə olduğunu görmüşəm. Anasının bununla bağlı müraciəti var. Pensər kənd icra nümayəndəsinin, bələdiyyə sədrinin və kənd məscidinin müftisinin imzaladığı akt var. Həmin aktda göstərilir ki, o, məscidə gedib orada xuliqanlıq edib. Xeyli vaxtdır müalicə alır. İndi yaxşı olar da. O, əsəbləri sakitləşdirmək üçün dörd adda dərman alıb. Dispanserdə müalicə alıb. Xəstədir. Ancaq onun əməkqabiliyyətli olmasını biz müəyyənləşdirmirik. Müvafiq komissiyadan keçəndən sonra əməkqabiliyyətli olması barədə rəy verilir. Amma xəstədir. Ona sağlamlıq haqqında arayışı xəstəxana verib, mən yox».

F.Mehrəliyev
F.Mehrəliyev

Məktəb və həmkarlar nə deyir

Astara şəhər 2 saylı orta məktəbin direktor əvəzi Yaqut Ağayeva isə bu barədə onda məlumatın az olduğunu söyləyir:

«Həmkarların verdiyi rəy əsasında işdən çıxarılıb. Xəstəxanadan da bizə sənəd gəlib, bunun əsasında çıxarılıb. İndi mən direktoru əvəz edirəm. Həmkarlar təşkilatının sədri Mehman müəllim sizinlə əlaqə saxlayar».

Məktəbdən pul yığılması ilə bağlı deyilənlərin isə həqiqət olmadığını söyləyirlər.

Astara şəhər 2 saylı məktəbin həmkarlar təşkilatın sədri Mehman Ağayev isə məsələ ilə bağlı bunları deyir:

«İclas çağırdıq, orda komitə üzvləri iştirak edirdi. Rayon xəstəxanasından, Lənkəran dispanserindən sənədlər var idi. Ona əsasən işdən çıxarılması barədə rəy verdik. Həmkarlar təşkilatının bütün üzvlərini çağırmadıq. Fikirləşdik ki, onun haqqında verilən rəyləri hamının yanında elan etmək onun üçün üzücü olar...».

Astara Rayon Polis Şöbəsindən isə bildiriblər ki, F.Mehrəliyev şikayətlər əsasında xəstəxanaya göndərilib. Üstəlik, şöbədən vurğulayıblar ki, o gətirilərkən hər hansı zorakılığa yol verilməyib.

Astara Rayon İcra Hakimiyyətindən isə bütün bunlarla bağlı onlarda məlumatın olmadığını bildirdilər.

Xatırlatma

Hələ bu il mayın 14-də AzadlıqRadiosunun saytında Astara şəhər 2 saylı orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyevmüsahibə təqdim edilib.

Orada rüşvətə bulaşmadığını deyən müəllim məktəb direktorunun işdən çıxarılmasını və bu məsələyə təhsil nazirinin münasibət bildirməsini istədiyini dilə gətirib.

F.Mehrəliyevin iddiasına görə, məktəbdə müəllimlərdən pul yığılır və buna etiraz etdiyindən direktor Maya Həsənova dəfələrlə şagirdlərinin yanında onu məzəmmət edib və şəxsiyyətini alçaltmağa çalışıb.

Astara şəhər 2 saylı məktəbin direktoru M.Həsənova isə həmin vaxt AzadlıqRadiosuna demişdi ki, onu rüşvətdə suçladığına, ona şər atdığına görə F.Mehrəliyevi məhkəməyə verəcək: «Müəllimlərdən pul yığmırıq. Nə üçün yığmalıyam? Maaş alırıq, bu da bizi qane edir. Müəllim məktəb üçün nəsə edir özü bilər. O mənlik deyil».

XS
SM
MD
LG