Novruz bayramından (martın 21-i) sonra Azərbaycandakı bazarlarda bahalaşma müşahidə olunur.
Astara rayonunun həftəlik Pensər bazarında alıcılar almadan başqa digər məhsullarda qiymət artımının olduğunu deyirlər.
"Yerli yumurtanın bir ədədi 30 qəpiyə olub"
Adının çəkilməsini istəməyən yaşlı bir yerli sakin hər həftə bazara baş çəkdiyini, hər dəfə qiymətlərin yüksəldiyini gördüyünü bildirir: "Yerli yumurtanın bir ədədi 30 qəpiyə olub. Halbuki, ilin bu vaxtında 15-20 qəpiyə olardı. Deyirlər, dən bahalaşıb, ona görə. Dolanmaq çətinləşir. Qonşum var, uşaqları Rusiyada, Qazaxıstanda. Bu bayramda heç birisi pul göndərmədi. Qonşuya da əl tutduq".
"Qiymətlər hər həftə dəyişir"
O, əlini yelləyib yoluna davam edir. Bazarın girəcəyində gübrə satırlar. Gübrə satıcısı: "Görürsünüz, alıcı azdır. Bahalaşmanı soruşursuz, bahalaşma həmişə var. Bizdən asılı deyil. Qiymətlər hər həftə dəyişir. Keçən həftə azot gübrəsinin bir kiloqramı 60 qəpik idi, indi olub 70 qəpik. Gübrə çörəkdən də bahadır. Bitkiyə azot gübrəsi verməsən, yaxşı məhsul verməz. Mənim bir tanışım var, hər il bir kisə gübrə alardı, indi isə beş kiloqram aldı. Dedi, pulum yoxdur".
"Elə alma var ki,..."
Bazarda qonşu rayonlardan kənd təsərrüfatı məhsulları gətirən yük maşınları sıraya düzülüb. Məhsul birbaşa maşından satılır. Satıcılar müştəriləri cəlb etmək üçün məhsullarının keyfiyyətli olduğunu deyirlər. Alma satan: "Adım Əlidir, 21 yaşım var, hərbi xidmətdə olmuşam, Lənkəranlıyam. Almanı Qubadan gətirirəm, Qubada əllərdə alma çoxdur. Elə bil ki, bu il vaxtında sata bilməyiblər. Rusiyaya aparırdılar, oraya da yol bağlıdır. Ona görə almanın qiymətində dəyişiklik yoxdur, ucuzdur. Elə alma var ki, üç kiloqramı 1 manatadır. Eləsi də var ki, bir kiloqramı 2 manatdır".
Onun deməsinə görə, Novruz bayramından əvvəl yaxşı alver gedib: "İndi yoxdur. İki-üç saatdır burdayam, bir kiloqram da satmamışam. Məhsul satılmayanda zay olur, ziyana düşürəm. Adamlar daha çox kartof, soğan, göyərti alırlar".
"Ötən il kartofun kiloqramı 60-70 qəpiyə idi"
Yaxınlıqda kartof kisələri düzülüb. Satıcı müştəriləri yola salandan sonra sualımıza cavab verir: "Burda yerli kartof yoxdur. Əvvəllər kartof daha çox Rusiyadan, Belarusdan, İrandan gələrdi. İndi Rusiyadan və Belarusdan gəlmir. Rusiya-Ukrayna müharibəsinə görə. Daha çox Pakistandan, Türkiyədən və İrandan gəlir. Pakistan kartofunun bir kiloqramı 1 manat 15 qəpikdir. Türkiyə və İran kartofu bahadır. İran kartofu 1.5 manatdır. Ötən il bu vaxtı kartofun bir kiloqramı 60-70 qəpiyə idi. Qiymət gündə dəyişir".
"Hər kəs pomidor, xiyar ala bilmir"
Yük maşınlarının birində xiyar, pomidor satırlar. Satıcı alıcıların azlığından gileylənir. O deyir ki, hər kəs pomidor, xiyar ala bilmir: "Ortalama 1 manat 70 qəpiyə veririk. Əsasən, yerli məhsullardır...".
Kələm satıcısı isə alverdən razıdır: "Astara rayonunun Şiyəkəran kəndindən gətirmişəm. Kələmin bir kiloqramını 1 manata verirəm. İlin bu vaxtında kələm elə bu qiymətə olur. Noxudun bir kiloqramı 4 manata qalxıb. Soğan 1 manata olub. Məndə bahalaşma yoxdur. Kələm sərf edir, ətsiz borş bişirirlər, ucuz başa gəlir. Bir ailəni yola verir. Kələm kasıbın malıdır...".
O, sözünə fasilə verib sonra əlavə edir: "Məhsul yetişdirmək ildən-ilə çətinləşir. Hər dəfə yanacağın qiyməti qalxanda belimiz qırılır. Burdan da sel gəldi, əkin sahələrini basdı. Çarəmiz nədir! Bütün hallarda əkirik, başqa yol yoxdur".