Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:34

Evi sürüşmədə xəsarət alan fəhlənin ailəsinin istəkləri...


Evin arxa divarı əyilib
Evin arxa divarı əyilib

Bu ilin martında intensiv yağan yağışlar nəticəsində baş verən torpaq sürüşmələri Astara rayonunun Kijabə qəsəbəsində Həmidovlar ailəsindən də yan keçməyib. Bu ailənin yaşadığı ev torpaq sürüşməsi nəticəsində yararsız hala düşüb. Dağ yamacında yerləşən evin arxa hissəsi çat verib əyilib. Yuxarıdan sürüşən torpaq lay-lay olub...

Ailənin başçısı Nəsir Həmidov deyir ki, doqquz il bir otaqda yaşayıblar: "Uşaqların sayı dördə çatıb. Bir otaqda yaşamaq mümkün deyildi. Ona görə bitişik bir otaq da tikirəm, yarımçıqdır. Təzə tikmək istədiyim otağın dayaqları torpaq sürüşməsi nəticəsində dağılıb, yararsız hala düşüb. Yaşadığımız otağın divarı ikiyə bölünüb".

"Bayramı yaddan çıxartdıq"

Onun sözlərinə görə, bu vaxta qədər burada torpaq sürüşməsi olmayıb: "Novruz bayramı günü (martın 21-i) torpaq üstümüzə gəldi. Bayramı da yaddan çıxartdıq".

N.Həmidov rəsmi orqanlara müraciət etdiyini, lakin heç bir tədbir görmədiklərini dilə gətirir: "Qəsəbə icra nümayəndəsi bura baxış keçirib. Rayon icra hakimiyyətinə getmişəm...".

Ev uçur
Ev uçur

"Küçələrə düşməzdim"

N.Həmidovun vurğulamasına görə, imkanı olsaydı, özü-üzünə ev tikərdi: "Küçələrə düşməzdim. Hökumətin idarəsinə gedirsən, adamı dilənçi kimi qəbul edirlər. Mən bu ölkənin vətəndaşıyam".

O, işsizlikdən, imkansızlıqdan şikayətlənir. Deyir ki, fəhləlikdən qazandıqları ancaq çörəyə çatır: "Hansı pulla ev tikim? Təkcə bir otağın divarını yeddi-səkkiz ilə götürmüşəm, 5 min manat xərc qoyulub. Onun da damı yoxdur. Köməyə ehtiyacım var. Qohumlarım məndən kasıbdır. Bank da mənim kimilərə kredit vermir. Bəs hara gedim?".

"Yuyunmağa yerimiz yoxdur"

N.Həmidovun həyat yoldaşı Gülbəniz Sədaqətova da paltarlarını göstərib pis dolandıqlarını söyləyir: "Yuyunmağa yerimiz yoxdur. Dörd uşağım var, ikisi məktəblidir. Onları məktəbə göndərə bilmirəm. Qaynımın evində qalırıq, altı nəfər bizik, dörd nəfər də onlar, hamısı bir otaqda...".

Qonşular da narahatdırlar
Qonşular da narahatdırlar

N.Həmidovun qonşusu Bağır Nəsirov da torpaq sürüşməsi ilə bağlı yaranmış problemlərdən danışır. Onun sözlərinə görə, torpaq sürüşməsindən çoxları ziyana düşüb: "Ən çox ziyan qonşum Nəsirin evinə dəyib. Demək olar ki, ev dağılıb. Küçədə qalıblar, yardıma ehtiyacları var. Təhlükə yenə qalır. Belə getsə, bizim də evimizi torpaq örtəcək. Sürüşmənin qarşısını almaq olar. Bəndlər vurulmalıdır ki, torpaq yuxarıdan evlərimizin üstünə gəlməsin".

"Məmurlar kasıbları eşitmək istəmirlər"

N.Həmidovun yaxınlıqda yaşayan qardaşı Elçin Həmidov da narazılığını gizlətmir: "Heç olmasa, müvəqqəti olaraq yaşamaq üçün qardaşıma yer versinlər. Torpaq sürüşməsindən 17-18 gün keçir. Hələ ki, indiyə kimi heç nəyi həll etməyiblər. Biz kasıblarıq, yerli məmurlar isə kasıbları eşitmək istəmirlər".

İcra nümayəndəsi: "Mən də maaşımdan kömək edərəm"

Kijabə qəsəbə icra nümayəndəsi Sədail Qasımov da deyir ki, Həmidovlar ailəsinin köməyə ehtiyacı var: "Üç dəfə onların evində olmuşam. Astara Rayon İcra Hakimiyyəti Aparatına da məlumat vermişəm. İcra Aparatından da gəlib baxıblar. Özləri də İcra Aparatında olublar. Həqiqətən də, orda vəziyyət yaxşı deyil. Bir dəfə torpaq sürüşmüşdü, təhlükəsi keçdi. İkinci dəfə sürüşmə baş verdi, evlərə ziyan dəydi. Ona kömək lazımdır. Mən də maaşımdan kömək edərəm".

Sürüşmədən torpaq lay-lay olub
Sürüşmədən torpaq lay-lay olub

"Mütəxəssis dəvət edilib"

Astara Rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Balacan Həbibov da deyir ki, vətəndaş həm onlara, həm də Fövqəladə Hallar Nazirliyinə torpaq sürüşməsi ilə bağlı məlumat verib. Onun sözlərinə görə, mütəxəssis dəvət edilib: "Vaxt aparır. Vətəndaş dağ yamacında ev tikmək üçün meydan açıb. Yağışdan sonra torpaq aşağıya gəlib. İstinad divarı tikmək lazım idi. Belə yerlərdə ev tikərkən mütəxəssislərlə məsləhətləşmək lazımdır, bunlar etməyiblər. Nümayəndəni yenə göndərərəm, yekun qərar çıxardarıq".

B.Həbibovun deməsinə görə, bundan əvvəl 11 hektarda torpaq sürüşməsi baş vermişdi: "18 ev təhlükəli vəziyyətə düşdü. Onlar qohumların evlərində məskunlaşıblar. Onlar üçün ev inşa ediləcək. Həmidovlar üçün də müvəqqəti yer müəyyənləşdirəcəyik".

XS
SM
MD
LG